DƏBLƏR VƏ İCTİMAİ QINAQ
Hər bir xalqın öz adətləri olduğu kimi dünyanın ən qədim millətlərindən biri olan Azərbaycan xalqının da öz adət-ənənələri var. Xalqımız qonaqpərvərliyi, mədəniyyəti, əxlaqı ilə həmişə dünya xalqları arasında tanınıb.
Ölkəmizdə avropalaşma prosesi sürətlə gedir. Ancaq hər bir azərbaycanlının borcu dilimizi, əxlaq normalarımızı qoruyub, saxlamaqdan və gələcək nəsillərə çatdırmaqdan ibarət olmalıdır. Dünya ölkələrinə inteqrasiya etmək o demək deyil ki, öz adətlərimizi unudaq. Milli-mənəvi dəyərlərimiz sərvətimizdir. Ulu öndər Heydər Əliyev deyib: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
“Dədə-Qorqud” eposu, laylalar, bayatılar milli-mənəvi dəyərlərimizin bariz nümunələridir. Biz bunları qorumaqla əxlaqımızı, mənliyimizi, şərəfimizi qorumuş oluruq. “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Mədəniyyət sərvətləri” haqqında deyilir: “Mənəvi və estetik ideallar, normalar və davranış qaydaları, dillər, dialektlər, ləhcələr, milli və etnik ənənələr və adətlər, tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və incəsənət əsərləri, mədəniyyət fəaliyyətinin elmi tədqiqatının nəticələri və metodları, tarixi və mədəni əhəmiyyəti olan binalar, tikililər, əşyalar, tarix və mədəniyyət baxımından unikal ərazilər və obyektlər mədəniyyət sərvətləridir”
Zaman-zaman ölkəmiz, dilimiz xarici təzyiqlərə məruz qalsa da, milli-mənəvi dəyərlərimiz heç vaxt dəyişməmişdir, xalqımız onu göz bəbəyi kimi qoruyub saxlamışdır. Məsələn, 1920-ci ildə Sovet imperiyası müstəqil Azərbaycan Demokratik Respublikasını işğal etdikdən sonra, bolşeviklər nə qədər çalışdılarsa da, Novruz bayramını məhv edə bilmədilər. İlham Əliyev deyib: “Azərbaycan xalqı daim öz milli köklərinə, adət və ənənələrinə bağlı olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.
Çalışmalıyıq ki, Avropa ölkələrindəki nümunələrdən xeyrimiz üçün istifadə edək. Bəzi imkansız vətəndaşlarımız toy mərasiminin imkanlı şəxslərin ziyafəti kimi dəbdəbəli keçirilməsi üçün borc götürürlər. Bu, düzgün deyil, ona görə ki, həm dinimizdə israfçılığın günah olduğu yazılıb, həm də bu, mənim fikrimcə, şöhrətpərəstliyin yaratdığı azardır.
Xarici ölkələrdə, məsələn, İngiltərədə toy parkda və ya dəniz kənarında sadə şəkildə keçirilir.
Dövlətimiz bir sıra tədbirlər görür ki, yas mərasimlərində də israfçılığa yol verilməsin.
Geyim tərzi məsələsi də bu gün aktual mövzudur. Qədim zamanlarda xanımların geyim tərzi ilə XXI əsrin xanımlarının dəbi kəskin şəkildə fərqlənir. Gənclərimiz daha çox Avropa stilində geyinməyi xoşlasalar da, bir çox yaşlı adamlar bunu rəğbətlə qarşılamır. Lakin dəbdən əvvəl gərək özünə yaraşanı geyinəsən. Artıq dərəcədə açıq-saçıq geyinənlər xalqımız tərəfindən ictimai qınağa məruz qalır. Hər şeyin bir çərçivəsi olduğu kimi, dəbin də bir əndazəsi olmalıdır. Onu da unutmaq lazım deyil ki, sənin damarlarında azərbaycanlı qanı axır. Sən nə ingilissən, nə fransız, nə də erməni. Avropasayağı geyinmək istəyirsənsə abırlı avropalı kimi geyin, abırsız avropalı kimi yox. O ölkələrə inteqrasiya olunmaq istəyirsənsə, intellektual səviyyənlə, iş bacarığınla, dünyagörüşünlə inteqrasiya elə, gülünc və utanc gətirən geyimlərlə, dingiş hərəkətlərlə yox.
Açığını desək, son zamanlar ictimai qınaq ya kəsərdən düşüb, ya da unudulub. İctimai qınağın kəsərsiz olma və unudulma səbəblərindən biri də televiziya kanallarında göstərilən eybəcər şoular və sosial şəbəkələrdə yayılan tərbiyəsiz hərəkətlərdir. Həmçinin bu məkanlarda dəb adı ilə xalqa nümayiş etdirilən biabırçılıqdır. Gənclər baxıb görürlər ki, həmin rüsvayçı dəblər ictimailəşdirilərək təbliğ olunur və heç kim də geniş auditoriyada onları qınamır, yəni ictimai qınaq yoxdur, başlayırlar həmin qeyrietik dəblərdən istifadə etməyə. Məncə, bu məsələlərə diqqət artırılmalıdır.
Milli-mənəvi dəyərlərimiz hər birimiz üçün əzizdir. Həmrəylik göstərərək ənənələrimizi qoruyaq!
Milli adətlərimizin bəzilərinin unudulması acınacaqlı haldır.
Nübar MEHDİZADƏ