Respublikamızın hər bir guşəsində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunub.
Tərtər şəhərinin mərkəzi meydanında keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin, hərbçilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, 2018-ci ildə qazanılan uğurlardan danışıb.
Bildirib ki, yola saldığımız ildə rayonun makroiqtisadi göstəriciləri yüksəlib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Tərtər şəhərində 112 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələri və giriş blokları əsaslı təmir olunub, həyətlərinə 48 min kvadratmetr asfalt örtüyü salınıb. Şəhər 6 nömrəli tam orta məktəb və Qazyan kənd ümumi orta məktəblərinin binaları, Seydimli kənd tam orta məktəbin bir korpusu, Qaradağlı kənd tam orta məktəbin 5 sinif otağı
əsaslı təmir olunub. Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər, Ağkənd kəndində yeni kitabxana istifadəyə
verilib. Uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən qurulub, Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən 21 kilometrlik hissəsinin əsaslı təmirinə başlanılıb. Mamırlı, Poladlı, Evoğlu və Təzəkənd kəndlərində içməli su xətləri çəkilib, yeni subartezian quyuları qazılıb. Hazırda Olimpiya İdman Kompleksinin, Xalça İstehsalı Emalatxanasının,
Bayraq muzeyinin tikintisi davam etdirilir. 2018-ci ildə aqrar sahədə də uğurlar əldə edilib, pambıqçılıq, baramaçılıq
və şəkər çuğunduru istehsalında yüksək nəticələrə nail olunub. Rayonun gümçüləri 10 tondan çox barama istehsal ediblər. 3300 hektar sahədən bu günədək 8200 ton pambıq, 859 hektardan 30 min ton çuğundur toplanıb.
Bayram tədbirində 2018-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verilib.
Bir neçə saat davam edən bayram şənliyində Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdırıb, uşaqlarla birgə rəqs edib. Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaradıb.
”Yeni Tərtər”