Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar.
“Açıq qapı” günündə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi hissələrin şəxsi heyətini və əsgər valideynlərini 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
“Yeni Tərtər”