Yeni il ərəfəsində Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ağkənd kənd kitabxana filialı üçün yeni inşa edilən bina istifadəyə verilib.
Bina Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun maliyyə vəsaiti və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni mədəniyyət müəssisəsinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edib. Ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb, mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyini bildirib.
Akademik Vaqif Abbasov bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən söhbət açıb, kənd oxucularına yeni inşa olunan kitabxananın xidmətindən səmərəli istifadə etməyi arzulayıb.
Tədbirdə çıxış edən kənd ziyalıları, ağsaqqallar, gənclər ölkəmizdə mədəni sahənin inkişafına göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
“Yeni Tərtər”