YAP rayon təşkilatının geniş tərkibli Şura iclası keçirildi.
İclasda rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə təşkilatın sədri Ramiz Şabanovun hesabat məruzəsi dinlənildi.
Qeyd olundu ki, hesabat dövründə rayon partiya təşkilatı, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinə daha dərindən nüfuz edib, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinin səmərəliliyi xeyli yüksəlib. Hazırda 83 ərazi ilk partiya təşkilatında 6351 nəfər üzv vardır ki, onların da 3415 nəfərini qadınlar, 1459 nəfərini gənclər təşkil edir.
2018-ci ildə ayrı-ayrı sahələrdə çalışan insanların nümayəndələri, Heydər Əliyev ideyalarına sadiq olan 251 nəfər YAP sıralarına qəbul olunub ki, onların da 115 nəfərini və ya 46 faizini gənclər təşkil edib.
2018-ci ildə rayon təşkilatının 4 Şura, 13 İdarə heyəti, 15 ümumi yığıncağı keçirilmiş, yığıncaq və iclaslarda təşkilatın fəaliyyətinə dair məsələlər müzakirə olunaraq qəbul edilən qərarların həyata keçirilməsi təmin edilmişdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illiyi ilə əlaqədar keçirilən tədbirlər bütün ərazi ilk partiya təşkilatlarında partiya üzvlərinin yüksək fəallığı ilə həyata keçirilmiş, müxtəlif tədbirlər, bilik, idman yarışları, ağacəkmə aksiyaları təşkil olunmuşdur.
Ötən dövrdə Şura üzvləri və partiya fəalları vaxtaşırı olaraq ərazi ilk partiya təşkilatlarının yığıncaq və tədbirlərində iştirak etmiş, ilk təşkilatlarda ayrı-ayrı YAP üzvlərinin hesabatlarının dinlənilməsi təcrübəsindən geniş istifadə olunmuşdur.
Ramiz Şabanov əmin etdi ki, YAP rayon təşkilatı bundan sonra da ümummilli lider Heydər Əliyev ideyalarının öyrənilməsi, möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin yeritdiyi daxili və xarici siyasəti dəstəkləyərək, onun müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi və tərəqqisi sahəsində gördüyü möhtəşəm işləri, əldə olunan nailiyyətləri əhali arasında geniş şəkildə təbliğ edəcəkdir.
Məruzə ətrafında YAP rayon təşkilatı Şurasının üzvü Əli Əliyev, YAP rayon Gənclər Birliyinin sədri Emin Pənahov, Şura üzvü, qadınlar şurasının üzvü Gülarə Əkbərova, Şura üzvü Surxay Mirzəyev, YAP rayon təşkilatı nəzarət–təftiş qrupunun sədri Həcər Xeyri çıxış etdilər.
Çıxışlarda qeyd olundu ki, günbəgün qüdrətlənən, özünün iqtisadi, sosial və mədəni həyatında ölçüyəgəlməz dərəcədə nailiyyətlər əldə edən dövlətimizin bundan sonra da öz sürətli inkişaf tempini qoruyub saxlaması üçün hər bir Azərbaycan vətəndaşı, xüsusi ilə hakim siyasi partiya olan Yeni Azərbaycan Partiyasının üzvləri fəallıqlarını daha da artırmalıdırlar.
Şura iclasında rayon təşkilatının 2019-cu ilə dair iş və tədbirlər planlarının təsdiq olunması barədə qərar qəbul edildi.
“Yeni Tərtər”