QƏLƏBƏ ÜMİDİ İLƏ YAŞAYIRLAR
Yeniilqabağı günlərdə Qapanlıda hansı həyətə gəlsən, hansı evin qapısını döysən, səni gülərüzlə qarşılayacaqlar. Çünki bu xüsusiyyətlər sakinlərə dədə-babadan miras qalıb: qonağı lazımınca qarşılayıb, çətinliyini, dərd-qəmini ona bildirməmək.
Amma bu çətinliklər də ki, cəbhəyanı kəndin həyatının ayrılmaz hissəsidir. Elə bir gün olmaz ki, üz-bəüz yaşayan mənfur düşmənlər nəsə bir təxribat yaratmasınlar. Münaqişə davam edən illər ərzində demək olar ki, hər bir ailə şəhid verib, yaxud kimsə yaralanıb, ömürlük şikəst qalıb, atılan mərmilər kiminsə evini darmadağın edib.
Amma düşmən niyyətinə çata bilməyib. Ən ağır məqamlarda, kənd fasiləsiz olaraq artilleriya atəşinə tutulduğu günlərdə belə, sakinlər doğma ocaqlarını tərk etməyiblər. Bu hərəkətləri ilə də hərbçilərimizi ruhlandırıblar, onlara həm mənəvi, həm də maddi dəstək olublar. Qadınlar qanlı döyüşdən gələn oğullarımızı şərbətlə, evlərində gizli saxladıqları ən ləziz təamlarla qarşılayıblar, ana-bacı qayğısı göstəriblər. Kişilər cəbhədə onların yanında olmaq istədiklərini bildiriblər.
Beləcə yaşayıb bu illər ərzində Qapanlı kəndi. Bir-birlərinə kömək ola-ola. Kiminsə evində faciə baş verəndə, onu tək qoymayıblar. Şahbaz Quliyevin anası Sənəm nənəni tək qoymadıqları kimi. İndi adama elə gəlir ki, burada hamı Sənəm Quliyevanın oğlu, qızıdır. Amma ana öz balasının yolunu gözləyir. Elə bu bayramqabağı günlərdə də gözləri yola dikilib. Hər dəfə darvazaları açılanda, dərindən ah çəkib düşünür: “Yəqin Şahbaz gəlib çıxdı, axı, o bilir ki, mənim nə gecəm var onsuz, nə gündüzüm”.
Qəribədir ki, Qapanlıda doğulan uşaqlar lap körpəlikdən müharibə şəraitində yaşadıqlarını anlayırlar. Həyatlarını da buna uyğun qururlar. Yəni çox vətənpərvər, zəhmətkeşdirlər.
Elə buna görə də Qapanlı kənd orta məktəbində dərslər yüksək səviyyədə keçilir. Ötən dərs ilində atəş səsləri altında təhsil alan 18 məzundan 8-i ali, 2-si isə orta ixtisas məktəblərinə qəbul olunub. Onlar oxuyub yenidən doğma ocaqlarına qayıtmaq arzusundadırlar.
Bayram ərəfəsində burada möhtəşəm “Şəhidlər abidəsi”nin açılışı oldu. Abidənin tikintisinin təşəbbüskarı Qarabağ müharibəsi əlili, şəhid qardaşı Etibar Qasımovdur.
Dövlətimiz də cəbhə bölgəsində yaşayan insanları unutmur. Mənfur qonşulara yaxın olan evlərin qarşısına istinad divarları çəkilib, kənd qazlaşdırılıb, yeni artezianlar vurulub, yollar təmir edilib, gecə işıqlandırılması var. Yeni məktəb, tibb məntəqəsi tikilib. Müharibədən zərər çəkmiş evlər bərpa olunub. Sakinlər Aprel hadisələrindən sonra onlara baş çəkən, üzləşdikləri çətin vəziyyətdə Qapanlı camaatını tək qoymayan Prezident İlham Əliyevlə və ölkənin birinci xanımı Mehriban Əliyeva ilə səmimi görüşlərinin təsiri altında yaşayırlar.
Bax, beləcə ovqatla qarşılayırlar burada 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili. Ən böyük arzuları isə 2019-cu ildə Qələbə sevincini yaşamaqdır.
Svetlana BAĞIROVA