Tarixin bir ili də artıq tamamlanaraq xatirəyə çevrilir. İllərin qovuşuğunda gözəl, yaraşıqlı, müasirliyi ilə göz oxşayan yeni qaçqın qəsəbəsindəyik. Mənfur qonşularımızın xəyanəti nəticəsində darmadağın olan bölgələrimizin öz yurdunda qaçqına, məcburi köçkünə çevrilən insanlarını xatırlayıram. Sıralanan bu binalar qoynuna sığınan insanların rifahı üçündür.
Ölkə Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Tərtərə sonuncu gəlişində bu qəsəbənin açılışı oldu.
Yola saldığımız ilin başlanğıcında burada 34 çoxmərtəbəli binada 1176 qaçqın ailəsi yerləşdirildi ki, bu da 4691 nəfərin rahatçılığına, yaşayışının yaxşılaşmasına səbəb olub.
Qaçqın şəhərciyində olarkən bizə məlumatı verən və sakinlərlə görüşümüzü təşkil edən Mənzil Kommunal İstismarı Sahəsinin mühəndisi İradə Məmmədova buradakı insanların səmimiyyətindən və vətənpərvərliyindən ürəklə söz açdı. Dedi:
–Bu evlərin hər birində olmuşam, bu soydaşlarımızın qayğılarını öz qayğımız hesab edirik.
Onu da bildirdi ki, burada Ağdamdan, Ağdərədən, Xocalıdan, Kəlbəcərdən, Laçından, Şuşadan olan qaçqın ailələr yerləşdirilib. Ağdamdan 425, Kəlbəcərdən 417, Laçından 169, Şuşadan 10, Ağdərənin kəndlərindən onlarla ailə məs-kunlaşıb bu məkanda.
Burada ilk körpə də do-ğulub. İbrahimli Sevgi Ruslan qızı.
Şəhərcikdəki vətəndaşlarla görüş çox maraqlı təəssürat yaratdı.
Diqqətimizi çəkən tibb məntəqəsinin qapısına vurulmuş lövhə oldu: “Laçın Rayon Mərkəzi Xəstəxanasının Tərtər Yeni Qəsəbə tibb məntəqəsi”. İçəri daxil olub, maraqlandıq. Məntəqənin tibb bacıları Gülsurə Məmmədova və Mərziyyə Rüstəmova söylədilər ki, həkim Toğrul Paşayev xəstə müayinə edir. Məntəqədə 6 nəfər işləyir–1 həkim, 2 tibb bacısı, 3 texniki işçi.
Həkim Toğrul Paşayev xəstənin müayinəsindən sonra bizimlə söhbətə başladı:
–Məntəqəmiz ilk tibbi yardım göstərmək üçündür. Xəstələrimizin qayğısına qalmağı özümüzə borc hesab edirik.
Tibb məntəqəsindən çıxanda Həsənqaya kəndinin icra nümayəndəsi İlqar Qasımovla qarşılaşdıq. Gəlişimizin səbəbini bilib dedi:
–Qarabağın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskənlərindən biri olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Tərtərin gözəlliyi barədə Aleksandr Düma deyib: “ Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər” .
Növbəti müsahibimiz gözləri yaşadığı evin pəncərəsindən başı qarlı Murov dağına dikilən qoca bir nənə oldu. Yanındakı qızından və nəvəsindən öyrəndik ki, bu nənə Kəlbəcər rayonunun Yanşaq kəndindən qaçqın düşən Arəstə Mürsəlovadır. Onun 80 yaşı var. Dağlara həsrətlə baxaraq, etdiyi züm-züməsinə qulaq kəsildik:
Aylar, illər həsrətini çəkdiyim
Görəydim açılıb gülü dağların.
Yağırmı yağışı, bitirmi otu,
Axırmı köksünnən seli dağların?
Gəlişimiz dərdlərlə qol-boyun olan bu həsrətli nənəni öz fikir–xəyalından ayırdı. Sanki ürəyindəki qəmi dağlarla bölüşürdü. Sən demə Arəstə nənə ev-eşiyilə, doğma torpağı ilə birgə ömür-gün yoldaşı Əli Mürsəlovu da o dağlarda qoyub gəlib. O, 1993-cü ilin mart ayında Kəlbəcər rayonunun müdafiəsində mənfur ermənilərin gülləsinin qurbanına çevrilib. Arəstə nənəgil köçkünlük düşəndən Tərtərdə, Sarıcalı kənd uşaq bağçasında məskunlaşıb. Şəhərcikdə evlər paylananda nəvəsi ilə birgə ona birotaqlı ev verilib. İndi bura köçəndən onun saatlarla bu pəncərədən dağlarla həmsöhbət olduğunu söyləyirlər.
Arəstə nənənin baxışında dərd donmuşdu, gözlərində yaş gilələnmişdi, çiyinlərini həsrət əymişdi, qəlbində bulud kövrəkliyi varıydı. Bir himə bəndiydi. Onu tərpətməyə bir ovuc torpaq, bir içim bulaq suyu, dağ yamacında bitən gülün-çiçəyin ətri, bir də evinin böyüyü, şəhid yoldaşının bir şirin xatirəsi bəsiydi ki, yağışa, selə, suya döndərsin…
Bu dərd köləsindən ayrılıb, yolumuza davam etdik. Bir neçə kişinin istirahət guşəsində əyləşdiyini, bir neçə nəfərin də binanın qarşısında əli belli işlədiyini gördük. Onlar yeni küknar ağacı əkirdilər. Maraqlandığımızı bilib dilləndilər:
–2019-cu ilin gəlişi ilə əlaqədar küknar əkirik, bəzəyəcəyik,–dedilər.
Təqaüddə olan polis əməkdaşları–Qarabağ müharibəsi veteranları, Şuşa şəhərindən olan Ramiz Quliyevlə və Ağdam rayonunun Paprəvənd kəndindən Elman Muradovla söhbət etdik.
Ramiz Quliyev 1991-1992-ci illərdə Şuşanın müdafiəsində necə dayandıqlarından və onun işğalından ürək yanğısı ilə danışdı.
Elman Muradov isə dedi:
–1986-cı ildən 2004-cü ilə kimi polis sıralarında çalışmışam. Çavuşam. Cəbrayıl, Ağdərə, Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.
Sonra əlini doğma yerlərə tərəf uzadaraq: “Gözümüzün qarşısındadır kənd, yağı əlində əsir olduğundan gedə bilmirik. Amma, o günü görəcəyik!”, –dedi:
Onu da öyrəndik ki, hər iki polis nəfəri, Aprel hadisələri zamanı, Qarabağ müharibəsi veteranı kimi könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət ediblər.
Şəhərcikdə yaşayanlar ümid edirlər ki, yeni ildə bəlkə də bu uzunmüddətli ayrılığa son qoyulacaq, hər kəs öz dədə-baba yurduna qovuşacaq, qəsəbənin ən kiçik sakinləri Ömər və Ülviyyə də indi əsir olan dədə-baba yurdlarında böyüyəcəklər.
Elfuzə VƏLİYEVA
Fotalar Kənan HÜSEYNZADƏNİNDİR