Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Dek

    GÜC BİRLİKDƏDİR

    20 ildir ki, Ukraynanın Xarkov şəhərində “Aynur-Xatun” adlı qadınlar cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin sədri İsmayıllı rayonunun Basqal kəndindən olan Kifayət Cəfərovadır. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qarşısında Kifayət xanımla əlaqə saxlayıb, cəmiyyətin fəaliyyəti barədə qəzetimizə məlumat verməsini xahiş etdik. O dedi:
    –Harada yaşamağımızdan asılı olmayaraq, hər birimizin bir Vətəni var – Azərbaycan. Dilimiz, dinimiz və adət-ənənələrimiz də dəyişməzdir. Lakin bütün bunları qəriblikdə yaşatmaq, qorumaq, ən başlıcası isə, gənc nəslə aşılamaq o qədər də asan deyil. Ona görə 20 il əvvəl mən qərara aldım ki, yaşadığımız Xarkov şəhərində azərbaycanlı qadınları bir araya gətirərək, bu istiqamətdə işlər aparaq. Yəni cəmiyyətimizin əsas məqsədi övladlarımızı milli ruhda böyütmək, onlara öz ana dilimizi öyrətməkdir. Eyni zamanda, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, qadınlarımızın sosial problemlərinin həllinə kömək edir, Ukraynada xalqımızın qədim mədəniyyətini, adət-ənənələrimizi təbliğ edirik.”Bazar günü” məktəbi yaratmışıq. Övladları ilə bərabər valideynlər də bu məktəbin məşğələlərində həvəslə iştirak edirlər. Hətta, qeyd edim ki, yerli xanımlar da məktəbimizə maraq göstərir, Azərbaycanla bağlı məlumatları öyrənmək istəyirlər. Çox sevindiricidir ki, indi vətənimizdən uzaqlarda dünyaya göz açan övladlarımız yaşadıqları ölkənin dilində təhsil alsalar da, Azərbaycan dilini də gözəl bilirlər. Mənim 5 və 6 yaşlı nəvələrim himnimizi ifa edir, Azərbaycan dilində nağıllar bilir, mahnı oxuyurlar. Adi bir misal çəkmək istəyirəm. Biz məktəbdə “Turp” nağılını səhnələşdirmişik. Uşaqlar bu nağılı öyrənərkən dərk edirlər ki, güc birlikdədir.Yəni fərqi yoxdur, sən hər hansı bir ölkədə yaşaya bilərsən, amma qəlbin daim Azərbaycanla döyünməlidir, bütün dünya azərbaycanlıları həmrəy olmalıdırlar.
    Biz Xarkov şəhərində keçirilən mədəni- kütləvi tədbirlərdə iştirak edərək, burada Vətənimizi layiqincə təmsil edirik. Belə ki, cari ilin noyabr ayının əvvəllərində Turizm nazirliyinin xətti ilə beynəlxalq sərgi keçirilirdi. Burada müxtəlif xalqların atributları, milli geyimləri, musiqi alətləri, mətbəxi nümayiş olunurdu. Biz də həmin tədbirə qatıldıq. Sərgi üç həftə davam etdi.
    Bağlanış mərasimində mən ölkəmizə aid xüsusi masa hazırladım. Burada məişətimizin ayrılmaz hissəsi olan samovar, armudu stəkanlarda ətirli Azərbaycan çayı, paxlava, şəkərbura, yarpaq dolması nümaiş etdirilirdi. İştirakçılar bizim masaya yaxınlaşıb, bir stəkan çayımızı içərək, heyranlıqlarını bildirirdilər. Sonra mən çıxış edərək Azərbaycanımız və onun gözəl adət-ənənələri haqqında qısaca məlumat verdim. Yaxınlıqdakı masadakı üzdəniraq qonşularımız dözməyib etiraz etdilər, hətta bildirdilər ki, yarpaq dolması onların milli xörəyidir. Lakin həm Ukrayna nümayəndələri, həm də digər iştirakcilar bizi dəstəklədilər. Hətta sonda qızlarımız bir neçə Azərbaycan rəqsini, o cümlədən ermənilərin həyasızcasına mənimsəmək istədikləri “Uzundərə” rəqsini ifa edərək, onlara daha bir tutarlı cavab verdilər. Beləcə, bu, bizim ermənilər üzərində kiçik də olsa qələbəmiz idi. İnanırıq ki, böyük qələbəmiz də uzaqda deyil. Elə bu arzuyla, bu ümüdlə Azərbaycan xalqına, cəbhə bölgəsində yaşayan qəhrəman tərtərlilərə xaricdə yaşayan azərbaycanlıların salamlarını yetirirəm. 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz və Yeni iliniz mübarək! Hər birinizə cansalığı arzulayırıq. İliniz xeyirli və ruzili olsun!

    Müsahibəni hazırladı:
    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:30

    Teqlər:

İsmarıclar bağlıdır.