“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar. Alimlərə hörmət edən şəxs elə bil mənə hörmət edir”
Məhəmməd Peyğəmbər
50 il əvvəl bir müdrik ağ-saqqaldan eşitmişəm: “Bütün dövrlərdə haqsızlıqlar olub və olacaq, ancaq həmişə yaxşılar pislərdən çox olmuşdur. Bu cür olmasaydı dünya çoxdan alt-üst olardı”. Mən buna inanmışam!
Məlum həqiqətdir ki, ömür zirvəsini aşan hər bir kamil insan keçdiyi yola nəzər salır, həyatında qisməti olan acı-şirini, sevinc-kədəri, etdikləri yaxşılıq-pislikləri və nəhayət, nə qoyub getdiyini yad edir, ölçüb-biçir, öz ömrünə qiymət veirir.
Öz həyatımı yada salanda yüzlərlə gözəl, ağıllı, ədalətli, tələbkar, qayğıkeş, təmiz, zəhmətkeş, təmənnasız maddi-mənəvi köməkliklər göstərən əsl insanları görmüşəm.
Hələ uşaqkən eşitmişəm : “Yaxşılıq unudulmamalıdır, pislik isə yaddan çıxsa yaxşıdır”. Gəlin razılaşaq ki, bizim hamımıza yaxşılıqlar, köməklik göstərənlər olmuşdur. Həmçinin, heç olmasa öz-özümüz qarşısında səssiz etiraf edək ki, həmin yaxşılıqların çoxunu unutmuşuq, əvəzini qaytarmamışıq. Ulu, müdrik tanıdıqlarımdan biri demişdir: “Yüz kərə yaxşılıq etdiyin adamlardan 99-u nanəcib çıxıbsa, yalnız bircəsi həmin yaxşılığı unutmayıbsa, əvəzi çıxacaq.” Onu da qeyd etmək istəyirəm ki, mənim qismətimə həyatda yaxşılar daha çox düşüb.
Tale həyat yolumu demək olar ki, bütün keçmiş sovetlər ölkəsindən keçirmiş, elm-təhsil ocaqları ilə əlaqədar etmiş, onlarca tarixi şəxslərlə ünsiyyətimə imkan vermişdir.
İnsanın mətin olması üçün zəhmətə qatlanmaq, dözümlülük qabiliyyəti əsas “silah”dır, dəfedici vasitədir! Əbəs yerə deməyiblər: “Zəhmətsiz keçən ömür, ömür deyildir.”
Tərbiyəli adam əksər hallarda zəhmətkeş olur, əziyyətlərə qatlana bilir və ona görə də başqasının şəxsiyyətinə hörmət edir, özgənin zəhmətinə qiymət verə bilir.
Etiraf edirəm ki, insanın həyatı, ömür yolu həmişə əmin-amanlı, hamar olmur.
Yaşamaq əzmi hamıya aid hiss-arzudur. Lakin mən bu yaşda da adamlarsız, xüsusilə də dostlarsız özümü çox nisgilli, tənha, gərəksiz sayardım. Təsəvvür edirsiniz, mən bu yaşımda da dost, vəfalı soydaşlarımla daha şən, mənalı günlər, anlar yaşayıram.
Ömür yoluna nəzər salanda və ata-ana tərəfindən deyilən öyüd-nəsihətlərə, onların bir-birinə, qohum-qonşulara, həyat hadisələrinə münasibətlərinə fikir verəndə çalışırsan ki, onlar kimi davranasan, yaşayasan. Ata-anadan mənim üçün ağlıma, düşüncəmə həkk edilənlər dözümlülük, öz qismətinə şükürlər etmək, çətinlikləri dəf etməyə qadir olmaq gös-tərişləridir.
Bir çox yozumlara görə hər bir dünyaya gələn üçün onun gələcək həyatının enişi-yoxuşu, acısı-şirini, bir sözlə, bütün qisməti tale–Yaradan tərəfindən qabaqcadan təyin olunur. Əgər belədirsə, necə deyərlər, mənimki ömür boyu gətirmiş sayıla bilər. Artıq məlumdur ki, ata-ananın genetik xüsusiyyətindən formalaşır onların uşaqlarının həyat yolu, cəmiyyətdə rolu, davranışı, xeyir-ziyanı. Deməli, hələ qabaqcadan belə müəyyən olunmuşdur ki, mənim Fərrux atam Maya anamla həyat quracaq, ailədə onuncu uşaq növbəsi mənə qismət olacaq. Mən böyük qürur və məmnunluqla qeyd edirəm ki, tale mənə onlar kimi valideyn qismət etmişdir. Bütün normal yaranmışlar üçün, onların ata-anası əzizdir.
Dünyada ideal, nağıllarda, arzu-diləklərdə olduğuna tam uyğun fərdinsan çox güman ki, yoxdur. Haqq-ədaləti özüm üçün ölçü-qiymətləndirmə əmsalı saymışam. Buna nə dərəcədə nail olmuşam, bu barədə heç nə deyə bilmərəm…
Ata-ana göstərişləri mənim həyatımda sönməz çıraqdır. Bütün hərəkət təşəbbüslərimi onların “ölçü” qəlibindən keçirəndən sonra başlamışam. Uzun illərin təhsili, elmdə, həyatda keçirdiyim mərhələlərdə mənim doğma ata evində aldığım tərbiyə cilalanmış və mən onları da-ha dərindən dərk etmişəm. Çünki, hələ uşaqlıq–məktəb illərində ata-anamdan ədəb-ərkanılı olmaq, böyük-kiçiklik qaydaları, zəhmət-əməyi tərəqqinin təməli saymaq, yoldaşlıq, dostluq etmək, seçim, sınaq, inam üçün tədbirləri–qaydaları nəzərdə saxlamaq, insaf, ədalət, halallıq, təmənnasız yaxşılıqlar, əl, nəfs təmizliyi, halal duz-çörək anlayışları və s. barədə yetərincə “dərs” almışam. Ona görə mən əminəm ki, insanın əsas tərbiyəsi ailədə formalaşır, təhsil isə onları əsaslandırır, yalnız bilik, savad verir.
Mən qürur hissi ilə qeyd edirəm ki, valideynlərim mənim üçün əsl mənada həyat məktəbim olmuşlar.
Professor Rasim AXUNDOV