Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    Qarabağ müharibəsi illərində düşmən hücumlarına vaxtaşırı məruz qalan bölgələrdən biri də Tərtər rayonu idi. Bu rayonun ermənilər üçün çox böyük strateji əhəmiyyəti vardı. Düşmən Yevlaxdan keçən Kür çayının körpüsünədək olan ərazini məhz Tərtəri işğal etməklə ələ keçirmək niyyətində idi. Amma həm Tərtərin, həm də digər bölgələrdən köməyə gəlmiş igid oğulların qanı, canı bahasına yağılar bu ərazinin bir qarış torpağını belə ala bilmədilər, əksinə, özlərinin yaşadıqları o vaxtkı Mardakert (Ağdərə) rayonunun 17 kəndini tərk etməyə məcbur oldular.
    Tərtərin müdafiəsində 1991-1994-cü illərdə minlərlə Azərbaycan oğlu şəhidlik zirvəsinə ucaldı, əlil oldu, bəziləri itkin düşdü, lakin bu torpağa ermənilərin murdar ayaqlarının dəyməsinə imkan vermədilər. O döyüşlərdə yalnız Tərtər 325 nəfər şəhid verdi. Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucov və Elman Hüseynov kimi şəhidlərin, Mehrac Mahmudov, Ədalət Paşayev, Əlyar Orucov, Pənah Məmmədov, Suliddin Yusibov, Nizami Heydərov, İlham Mustafayev və digər onlarla bu cür qəhrəman oğulların hesabına indi tərtərlilər öz ev-eşiklərində rahat yaşayır, öz iş-gücləri ilə məşğul olurlar.

    * * *
    Qarabağ müharibəsi illərində mən Bakıda nəşr olunan “Salam” qəzetinin bölgə müxbiri idim. Bu qəzet Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin qəzeti idi. Ona görə də müharibə mövzusu bu qəzetin əsas istiqamətini təşkil edirdi.
    Hər yazının canlı və təsirli çıxması üçün gərək hadisələrin içində olasan, hər şeyi öz gözlərinlə görəsən. Mən də belə edirdim, yəni günün çox vaxtını qəhrəman döyüşçülərimizin arasında olur, onların yaşantılarını mən də yaşayırdım.
    O illərdən bəzi xatirələr ömrümün sonunadək yaddaşımdan silinməyəcək.
    * * *
    İndi Həsənqaya kənd İƏD üzrə nümayəndə işləyən İlqar Qasımovla mən bir kiçik informasiya qrupu yaratdıq. O, müharibə günlərinin şəkillərini fotoaparatla çəkir, mən isə operativ məlumatlar hazırlayırdım. Biz onların bəzilərini mətbuatda dərc elətdirirdik. 1992-ci ildə Novruz bayramı ərəfəsində (17 mart, ilaxır çərşənbə gecəsi) ermənilər yalnız Tərtər şəhərinə 42 raket və mərmi atdılar. Çoxlu yaşayış evləri və binalar dağılıb yerlə yeksan oldu, şəhər bərbad hala düşdü, ölənlər oldu, çərşənbə tonqalları söndü, bayram gecəsi yasa çevrildi, gülüşlər ah-naləyə və göz yaşına döndü.
    Həmin gecə baş verənləri İlqar lentə köçürdü, mən isə qeydə aldın. O fəlakət, o dəhşət indi də gözlərimin önündədir.
    Sonradan o fotoşəkilləri Əlibəy istifadə məqsədi ilə almış və geri qaytarmamışdır.
    * * *
    Həmin günlərin birində qızım Nahidə ilə ailəmizin yaşadığı Mehdi Hüseynzadə küçəsindəki 10 saylı beşmərtəbəli 30 mənzilli binanın qarşısına çıxmışdıq. Ayaqlarımızın altı sarıtikanlıq idi. Ermənilər tərəfdən mərmi atıldığını eşitdik. Ulaya-ulaya gələn mərminin yaxınlığımıza düşüb partlayacağını səsdən hiss etdim. Qızımı itələyib yerə yıxdım və üstünə uzanaraq bədənimlə onu örtdüm. (Həqiqətən də, bala candan əzizimiş). Top mərmisi qonşumuz Səriyyə xalanın həyətinə, bizim beş addımlığımıza düşüb partladı, başıma, kürəyimə daş, şifer qırıqları, torpaq töküldü, lakin salamat qaldıq. Səriyyə xalagilin həyətinin iri dəmir darvazasını mərmi qəlpələri deşik-deşik edib, xəlbirə döndərdi.
    Bu hadisədən neçə gün keçənə qədər əl-ayağımıza batmış sarıtikanları hələ də təmizləyib qurtara bilmirdik.
    * * *
    Bizim əsgərlər avtobazadan bir az yuxarı səngər qazıb keşik çəkirdilər. Mən də onların arasında tez-tez olurdum. Ya-ğış yağmışdı, səngərin içi palçıq idi. Qara kostyum, ağ köynək geyinib, qalstuk taxmışdım. Qəfildən əmr eşidildi: “Mərmi!!! Uzanın!”. Mən də döyüşçülərlə birlikdə səngərin içinə uzandım. Mərmi yaxınlığımıza düşdü. Ayağa qalxanda özümü tanımadım. Təpədəndırnağa zığın, palçığın içindəydim. Usaqlar üst-başıma baxıb qımışırdılar.
    * * *
    Bir gün yenə ermənilər Tərtər şəhərini güclü mərmi atəşinə tutmuşdular. Həmin anlarda qocaları, qadınları və uşaqları hamı şəhərdən bir az kənara çıxarırdı. Mən də az yaşlı uşaqlarımı nar zavodunun döngəsində olan ağacların altında qoyub, şəhərə qayıtdım. O zaman anamgilin yaşadığı indiki Ədalət Paşayev küçəsiylə maşınla üzüyuxarı gedirdim. Sağa, sola, o küçənin aşağısında yerləşən elektromexanika zavodunun həyətinə mərmilər yağış kimi tökülürdü, səs-küydən qulaq tutulurdu. Bir də gördüm ki, qohumumuz olan Həcər xalanın oğlu Ramiz heç nə yoxmuş kimi əllərini arxasına qoyub, küçənin ortası ilə çox sakit halda yeriyir. Maşını yanında saxlayıb dedim:
    – Ramiz, görmürsən dünya dağılır, göydən od tökülür?! Bunu huşun kəsmir, yoxsa qorxmursan?!
    Ramiz gülə-gülə cavab verdi:
    – Əmoğlu, deyəsən birincidəndi, yəni huşum kəsmir. Əşi, qorxma, heç nə olmaz!
    * * *
    O vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Sərdar Həmidovun humanitar məsələlər üzrə müavini Oqtay Musayev idi və şəhidlərin ünvanlara yola salınması işi ona həvalə olunmuşdu.
    Vəng uğrunda gedən döyüşlərdə çoxlu şəhid vermişdik. Onların müsəlman qayda-qanunu ilə yüyulub kəfənlənməsi və tabuta qoyularaq göndərilməsinə Oqtay cavabdeh idi.
    Bir gün Oqtay Musayev mənə dedi:
    – Çoxlu şəhid gətiriblər. Tək öhdəsindən gələ bilmirəm. Nə olar, gedək mənə kömək elə. Getdik. Xəstəxanaya az qalmış dilimin altına bir “Validol” qoydum.
    İlahi, bu necə tükürpədici, necə ürək göynədən bir səhnə idi. Bir gecədə 100-ə yaxın nər oğlumuz şəhid olmuşdu. Səhv etmirəmsə, 46-sını birinci dəfəyə, 50 neçəsini ikinci dəfəyə gətirmişdilər. Cəsədləri mərkəzi xəstəxananın həyətində yan-yana düzmüşdülər. Birinin qolu, birinin qıçı, birinin başı yox idi. Birinin sinəsini, birinin bədəninin yarısını qəlpə aparmışdı. Baxanlar vaysınır, gözlərdən ixtiyarsız yaş axırdı. Necə oğullar idi! Yuxarıda adını çəkdiyimiz Əlibəy cansız, qol-bud olmuş bədənləri yuyurdu.
    Heç kimə heç nə demədən oradan tez uzaqlaşdım, yoxsa ürəyim partlayacaqdı…
    * * *
    Bir dəfə gecə saat 11-12 arası evimizin qapısı döyüldü. Qapını açıb gördüm ki, iki nəfər əli avtomatlı hərbiçidi. Dedilər ki, bizimlə getməlisən, “bəy” səni çağırır.
    O zaman Sərdar Həmidov həm Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, həm də “Tərtər” Özünümüdafiə Batalyonunun komandiri idi və ona qısaca olaraq “bəy” deyirdilər. Qardaşı İsgəndər Həmidov isə Azərbaycanın Daxili İslər naziri idi.
    “Bəy”in hərbi formada olan cangüdəni Fazil Əhmədov məni qəbul otağında həyacanla qarşıladı:
    –Bəy 40 dərəcə temperaturun içində yataqdan durub gəlib, səni gözləyir, çox əsəbidir!
    İçəri keçən kimi məni alıb yatdı:
    – Ə, niyə qoymursan yaşayaq?! Bu nədir, qəzetdə yazmısan?! Ölümün gəlib?! Sən kimə arxayınsan belə, kimə arxalanırsan?!
    Soruşdum:
    – Nə olub ki?
    Stolunun üstündəki “Salam” qəzetini şappıltı ilə o biri üzünə çevirdi.
    Sən Tənzilə xanımı tanıyırsan?! O, bu yaxınlarda Tərtərə vaqonla un gətirib, həftə ilə burda qalıb… Bu yazına görə keç Fəxrəddinin otağında ona bir üzürxahlıq məktubu yaz, üzr istə deyə birinci müavini Fəxrəddin Abbasovun otağını göstərdi. Yoxsa onun əlində iki qəzet var, səni biabır edəcək. (Fəxrəddin Abbasov və Oqtay Musayev onun yanında idilər).
    Məsələnin mahiyyətini indi başa düşdüm. Tənzilə Cabbarova o zaman Azərittifaqın sədr müavini idi, hərdən Tərtərə gəlirdi.
    “Səs” qəzetində tərtərliləri qorxaq adlandırmış, onlara lağ eləmişdi. Yazmışdı ki, ermənilər tərəfdən bir güllə atılanda, tərtərlilər dabanlarına tüpürüb elə qaçıblar ki, bir də baxıblar Kürün körpüsünü keçiblər, Tərtərdə bir başıpapaqlı qalmayıb.
    Mən də bir qəhrəman elin adına deyilən bu təhqirə və iftiraya “Salam” qəzeti vasitəsilə “Tənzilə Yolçu qızına məktub” adlı çox ağır və o yazıya layiq bir cavab vermişdim…
    Mən təbii ki, üzürxahlıq məktubu yazmadım və səhər tezdən Tənzilənin valideynlərinin yaşadığı Balakənə getdim, orada dostlardan o xanımın tərcümeyi-halını təfsilati ilə öyrəndim və sonra ünvanına keçmişi ilə bağlı bir məktub göndərdim. Bununla da məsələ bitdi və “qurbağanın gölünə daş atıldı”.
    (Tənzilə xanım sonra Azərbaycanın tanınmış ziyalısı Sabir Rüstəmxanlının həyat yoldaşı oldu. Allah onu xoşbəxt eləsin!)
    * * *
    Ağdərə (Mardakert) ermənilərdən təmizlənəndən sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fəxrəddin Abbasovla Ağdərə qəsəbəsinin özünə getdik. Hələ də buranı ermənilər güclü artilleriya atəşinə tuturdular. Onda Ağdərə İcra Hakimiyyətinin başçısı Fəxrəddin Haqverdiyev idi. Sağda, solda mərmilər necə partlayırdısa, icra hakimiyyətinin binası beşik kimi yırğalanırdı. Lakin heç kim bundan qorxmurdu, hər kəs öz işi-gücü ilə məşğul idi. Vəziyyəti öyrənib geri qayıtdıq.
    * * *
    “Tərtər” Özünümüdafiə Batalyonu və Surət Hüseynovun komandiri olduğu korpus digər hərbi hissələrin köməkliyi ilə təqribən 6 ay vuruşa-vuruşa gedib Vəngə, Xankəndinin başının üstünə çıxmışdılar. O zaman Şuşadakı teleqüllə vasitəsi ilə Xankəndi televiziyasının verilişləri Tərtərdə də izlənirdi. Bu verilişlərin birində ermənilərin Dağlıq Qarabağdan, həmçinin Xankəndindən qaçqınları göstərilirdi. İndiki kimi yadımdadır, bir ahıl erməni qadın gileylənirdi: “İmkanlılar öz ev-eşiklərini maşınlara yığıb arvad-uşaqları ilə birlikdə aradan çıxırlar. Biz kasıblar isə canımızı qurtarmaq üçün piyada yollarda qalmışıq”.
    Bizimkilərin verdikləri yüzlərlə şəhid hesabına Xankəndini ermənilərdən təmizləməyə bircə addım qalmışdı. Lakin “mənəm-mənəmlik”, şöhrətpərəstlik, xudbinlik və digər iyrənc oyunlar hesabına, hətta “qələbə bayrağını kimin batalyonu ucaldacaq” davası üstündə kiminsə kimə vurduğu bir şapalaq hesabna igidlərimizin axıtdığı qanlara baxmayaraq, 6 ay davam edən ağır döyüşlərdən sonra alınmış ərazilər 3 günün içində boşaldıldı, əsgərlərimiz şəxsi ambisiyalar ucbatından bir nəfər nankorun əmri ilə geri çəkildi, ermənilər “fıştırıq çala-çala”, döyüşsüz filansız yenə gəlib oturdular əvvəlki yerlərində.
    Əsgərlərə heç nədən “geri çəkilin!” əmri verilən günlərdə yenə də Fəxrəddin Abbasovla Ağdərədən bir az aşağıda olan “Post QAİ” deyilən yerə getdik, geri çəkilən əsgər və zabitlərimizi dayandırmaq istədik, lakin “belə əmr verilib” – dedilər və bizi veclərinə almadılar.
    * * *
    Bizimkilər bir erməni quldurunu əsir götürmüşdülər. İcra hakimiyyətinin həyətindəki otaqlardan birində saxlayırdılar. Bu köpək uşağının dilini bildiyimdən marağım məni onun yanına getməyə məcburladı. Bir sarı gədə idi, büzüşüb oturmuşdu. Onu ermənicə danışdırdım. Dedi ki, mənə neyləyirlər eləsinlər, amma qoyma üzümə bir belə çox tüpürsünlər.
    – Nəinki sənin, sənin kimi bütün nankor, əclaf ermənilərin hamısının üzünə hər gün 100 dəfə tüpürsələr belə, Xocalıda ağlar qoyduğunuz bir körpənin göz yaşının əvəzi olmaz!–deyib, oradan çıxdım.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 11:23

    Teqlər:

İsmarıclar bağlıdır.