YÜZ ÖLÇÜB, BİR BİÇMƏK LAZIMDIR
–Xalqımız üçün ailə, sığına biləcəyimiz müqəddəs ocaq, hər bir problemimizi bölüşdüyümüz, göz bəbəyi kimi qoruyacağımız kiçik dövlət hesab olunur.
Bütün ailələrin çəkə biləcəyi yükü, çətinliyi olduğu kimi, ideal ailənin də yoxluğu məlum məsələdir. Bu problemlər ailə üzvləri arasında öz həllini tapmalıdır. Bəzən həllini tapmayan məsələlər ailə münaqişəsinə, hərdən isə məişət zorakılığına yol açır. Belə hallar qadın və uşağa, hətta övladın valideynə güc tətbiq etməsinə gətirib çıxarır.
Məişət zorakılığının baş verməsi səbəblərini sosioloqlar “qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemlər”, psixoloqlar insanlarda “psixoloji pozuntuların yaşanması”, həkimlər isə “narkotik və alkoqol” kimi vasitələrin insan həyatına daxil olması ilə əlaqələndirirlər.
Bəzən məişət zorakılığı ilə üzləşən qadınlar hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinir və fikirləşirlər ki, camaat məni öz həyat yoldaşımdan şikayət etdiyim üçün qınayar.
Əlbəttə, bizim demokratik respublikada yaşamağımız qadın və kişinin hüquqlarının bərabər olmasını şərtləndirir.
Ailə üzvləri arasında mənəvi, əxlaqi və s. kimi keyfiyyətlər olmalıdır. Ədəbiyyatımızda igidliklə yanaşı gözəl ailə başçısı olan obrazlara da rast gəlirik. Məsələn, “Dədə Qorqud” dastanında Qazan xanın Şöklü Məliklə döyüşə gedən zaman ona “qoca anamı ver, döyüşsüz çıxım gedim” –deməsi ulularımızın anaya, qadına olan məhəbbətini sübut edir.
İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək inzibati cərimə və ya 2 ayadək həbs nəzərdə tutulub.
Bəzən uşaqlar belə ailədə, məktəbdə zorakılıq halları ilə üzləşirlər. Məhz bu səbəbdən “Azərcell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti 2009-cu ildə Təhsil Nazirliyi və Dünyaya Baxış Təşkilatının dəstəyi ilə yaradıldı.
Ailədə baş verən münaqişələrdən ən çox kiçik nəsl əziyyət çəkir. Uşaqlar ailənin, həmçinin cəmiyyətin sərvətidir.
Müasir ailənin üzərinə düşən öhdəliklər əsasən nəsil artırma, tərbiyəetmə, təsərrüfat-iqtisadi, sağlamlığın qorunması, ünsiyyət, ailəyə nəzarət və yaşlı nəslə qayğıdan ibarətdir. Bunlara riayət edən ailədə böyüyən uşaqlar həm psixoloji cəhətdən sağlam böyüyər, həm də onlar üçün məişət zorakılığı qapalı bir məsələ kimi qalar.
Yeniyetməlik yaşlarında uşaqlar evdə sıxılır, onlarda kənarda yaşamaq kimi fikirlər yaranır. Bu səbəbdən valideynlər bu yaşda övladlarına daha çox diqqət ayırmalıdırlar.
2010-cu ilin iyulunda Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub.
Bəziləri həddi-büluğa çatmayan qız övladlarını təhsildən ayırıb zorakılıq tətbiq edərək, ailə qurmağa vadar edir. Ancaq erkən nikahlar çox vaxt müsbət nəticə vermir.
Ailə Məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq, valideynlik hüquqlarından məhrumetmə üçün əsaslardan biri də məhz uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlərin edilməsidir.
Bu problemlərin yaranmasının əsas səbəbləri evlilik zamanı düzgün seçimin edilməməsi, valideyn xeyir-duasının olmaması və hər şeyin əvvəlcədən düşünülməməsidir. Atalar demişkən: “Yüz ölç, bir biç”.
Nübar MEHDİZADƏ