Həkim məsləhəti
Bildiyimiz kimi ilin 4 fəsli var: Yaz, yay, payız, qış. Mən bu fəsillərdə baş verən mövsümi xəstəliklərdən sizə az da olsa məlumat vermək istərdim.
Yazın gəlişi ilə müxtəlif xəstəliklər özünü biruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağır keçir. Belə ki, qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə öz fəallığını daha da artırır. Nəticədə həmin şəxslərdə ilk baxışdan qripə bənzər xəstəliklər baş qaldırır. Xəstəliklərin ümumi əlamətləri temperatur, halsızlıq və bədənin müxtəlif orqanlarında ağrılarla müşahidə olunsa da, əslində diqqətli olmaq lazımdır. Çünkü bu əlamətlər başqa bir xəstəliyin carçısı da ola bilər. Bu kimi önəmli əlamətlər lazımı diqqət yetirilmədiyi hallarda sonradan ciddi problemlər yarada bilər.
Yay fəslində ən çox yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bu infeksiyalar yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsi ilə keçə bilər. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Mədə-bağırsaq xəstəlikləri zamanı ishal, yüksək tempe-ratur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşayiət olunur.
Payız fəslini həm də xəstəliklər fəsli adlandırırlar. Payız mövsümündə havanın kəskin dəyişməsi zamanı insanların geyimlərini düzgün seçməməsi də soyuqdəymə xəstəliklərinə səbəb olur. Ən əsası qan təzyiqi, bronxial asma, şəkərli diabeti olan xəstələr belə fəsil dəyişmələrində mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər ki, lazımı dərmanları ala bilsinlər. Bu, çox vacibdir. Çünki aparılan müşahidələr göstərir ki, müəyyən xəstəliklərin ağırlaşmasına məhz fəsil dəyişmələrində daha çox təsadüf edilir.
Qış fəslində isə daha çox yuxarı tənəffüs yollarının xəstəliklərinə rast gəlinir. Bura qrip, adenovirus və ya bakterial mənşəli kəskin rinitlər, kəskin simusitlər aiddir. Bu xəstəliklər hava-damcı yolu ilə yayılır. Azərbaycanda H3N2 virusu daha çox yayılıb və ağırlaşmalar verir. Ağırlaşmalarda əsasən pnevmaniya və otit daha çox müşahidə edilir. Qış xəstəliklərinin yayılması faizinə görə 2-ci yerdə aşağı tənəffüs yollarının xəstəlikləri durur: Buna bronxiti, pnevmaniyanı, plevriti aid etmək olar. Bununla yanaşı qış aylarında sidik və sidik çıxarıcı yolların xəstəlikləri: sistit, pielonefrit yaranır. Yaxud xroniki böyrək xəstəliyi olanlar, xroniki pielonefritdən əziyyət çəkənlər qış aylarında bu xəstəliklərin kəskinləşməsi ilə qarşılaşır. Qış xəstəlikləri arasında 3-cü yeri revmatoloji xəstəliklər, yəni oynaq xəstəlikləri tutur. Revmatoid artritlər, revmati qızdırma qış aylarında özünü daha çox biruzə verir.
Mövsümi xəstəliklərdən qorunmaq üçün bu qaydalara riayət etmək lazımdır:
1. 8 saatlıq yuxu rejiminə riayət etmək.
2. Mövsümə uyğun meyvə-tərəvəzlə qidalanmaq.
3. Mövsümə uyğun geyinmək.
4. Stresdən uzaq olmaq.
5. Gigiyena qaydalarına əməl etmək.
6. Xəstə insanlardan uzaq olmaq.
7. Təmiz hava qəbul etmək
Arzu ƏHMƏDOVA,
Tərtər şəhər uşaq poliklinikasının sahə həkim-pediatrı