Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    Əvvəllər pambıqçılıq Tərtər rayonu üçün ənənəvi sahələrdən biri olub. Buranın iqlim şəraiti, torpağının bərəkətli olması, bol suyu bu sahənin inkişaf etdirilməsi üçün əlverişli sayılıb.
    Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illər ölkədə yaranmış böhran vəziyyət pambıqçılığa da təsirini göstərib. Müəyyən çətinliklər səbəbindən adamların tədricən bu işə marağı azalıb. Ancaq ötən illərin təcrübəsi, əmək qələbələrinin doğurduğu sevinc hissləri, evlərə gələn halal qazanc və bunun müqabilində yaxşılaşan həyat tərzi unudulmamışdı. Ona görə də Prezident İlham Əliyev ölkədə pambıqçılıq sahəsinin inkişaf etdirilməsi məsələsini qarşıya qoyanda, bu işə ilk qoşulanlar cərgəsində tərtərlilər də oldu.
    Ölkə başçısının bu qərarı hamı tərəfindən rəğbətlə qarşılandı. Ötən ilin yekunları isə sübut etdi ki, Tərtərdə pambığın əkilib-becərilməsi üçün həm lazımi şərait, həm də insanların həvəsi var. Bunlar birləşəndə isə qələbələr qazanılır. Ötən mövsümdə olduğu kimi.
    Belə ki, 2017-ci ildə rayonumuzda 3000 hektar sahədə pambıq əkilmiş, hər hektardan 27 sentner məhsul toplanmışdır. Hektarın məhsuldarlığına görə rayonumuz respublikada birinci olmuşdur. Cari ildə isə 3.300 hektarda pambıq yetişdirilib.
    Hazırda plantasiyalarda yığım davam etsə də, əksər fermerlər bu işi müvəffəqiyyətlə başa çatdırıblar. İlk nəticələrdən aydın olur ki, Köçərli, Azadqaraqoyunlu, Hüsənli kəndlərinin pambıqçıları daha çox məhsul toplayaraq, yığımda irəlidədirlər.
    Pambıqçılardan bir neçəsi mövsümü necə başa vurmaları barədə qəzetimizə müsahibə verib.
    Rəhbər Hüseynov (Azadqaraqoyunlu kəndi): Son illər payız fəsli biz kənd sakinlərinə bol-bol sevinc bəxş edir. Ona görə ki, zəhmətimiz bəhrə verir. Bu il də belə oldu. Carı mövsümdə 8 hektar sahədə pambıq becərmişdim. İlk günlərdən hər bir aqrotexniki tədbiri keyfiyyətlə apardığımıza görə, məhsul da bol oldu. Mən indiki işimizi əvvəlki illərlə müqayisə edəndə, böyük bir fərq görürəm. Belə ki, indi dövlətimizin qayğısı sayəsində pambıqçıların ixtiyarına məhsuldar toxumlar, keyfiyyətli gübrələr və müasir texnika verilir. Bizə subsidiyalar ödənilir. Belə bir vəziyyətdə builki göstərici–hektardan 47,9 sentner məhsul məni qane etmir. Gələcəkdə bu rəqəmi daha da artıracağam.
    Elmar Məmmədli (Azadqaraqoyunlu kəndi): Prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələsi barədə danışanda, həmişə bildirir ki, bu, ilk növbədə sosial məsələdir. Biz bunu öz işimizdə əyani surətdə görürük. Yəni indi kəndlərimizdə işsizlikdən gileylənən insanlara çox az rast gəlinir. Pul qazanmaq istəyirsənsə, buyur, pambıq tarlaları səni gözləyir. Cari mövsümdə mən 8,5 hektar sahədə bu qiymətli texniki bitkini əkmişdim. Becərmədə və suvarmada xeyli kənd sakini işləyərək, zəhməthaqqı aldı. Yığımı isə gecikdirmədən texnikanın qüvvəsi ilə apardıq. 39 ton pambıq təhvil verdim.
    Feruz Rzayev (Hüsənli): Bu il pambıqçılar üçün uğurlu gəldi. Səpini vaxtında keçirə bildik. Becərmədə çətinliyimiz olmadı. Yığıma başlayanda isə pambığın alış qiymətlərinin artırılması haqqında xəbəri eşitdik. Bir sözlə, tarlalarda böyük ruh yüksəkliyi ilə çalışdıq.
    Bütün bunlara görə də həm Prezident İlham Əliyevin, həm də rayon rəhbərliyinin etimadını doğrultduq. 33 ton məhsul təhvil verdim, hər hektardan 43 sentner pambıq götürdüm. İndi növbəti ilin işləri barədə düşünürəm.
    Azər Cabbarov (Qazyan): Mənim öhdəmdə olan sahələrdə hektarın məhsuldarlığı 40,19 sentnerə çatdı. Əgər suvarmada çətinlik çəkməsəydik, məhsuldarlıq daha yüksək olardı. İndi Tərtərdə pambıqçılıqla məşğul olan insanların üzü gülür. Bu da möhtərəm Prezidentimizin, dövlətimizin qayğısı sayəsindədir. Pambığın əkilməsi ilə bərabər adamların ailələrinə ruzibərəkət gəldi. Biz bu sahədə qazanc əldə etdik, həm də ölkəmizin iqtisadiyyatını möhkəmləndiririk.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 11:16

    Teqlər:

İsmarıclar bağlıdır.