Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    SAHİBKARIN VƏZİFƏSİ CƏMİYYƏTƏ FAYDA VERMƏKDİR

    Yeni iqtisadi təfəkkürün formalaşması

    Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış gənс respublikamızın qarşısında duran başlıca vəzifələrdən biri, bazar iqtisadiyyatına keçid şəraitində, müxtəlif islahatlar həyata keçirməklə, ölkəni yeni yolla aparmaqdan ibarət idi. Lakin o zaman hakimiyyət başında olanlar Azərbaycanın gələcək taleyindən çox öz şəxsi maraqlarını düşündüklərinə görə, nəinki böhrandan çıxmaq mümkün oldu, hətta ölkə parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdi.
    Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük uzaqgörənliklə qarşıda duran vəzifələrin həllinə başladı. Bu, o qədər də asan məsələ deyildi. Iqtisadi islahatların aparılması üçün keçmiş sovet psixologiyasından uzaqlaşmaq, insanları yeni iqtisadi təfəkkürə alışdırmaq lazım gəlirdi.
    1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)” Dövlət Proqramı bu sahədə atılmış ilk ad-dım oldu. 1995-ci ildən başlayaraq iqtisa-diyyatımız inkişaf mərhələsinə qədəm qoydu.
    Aparılan siyasət, həyata keçirilən və müxtəlif sahələri əhatə edən islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə tamamilə yeni bir təbəqənin, sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxardı. Yerli sahibkarlarla keçirdiyi görüşündə ulu öndər bu barədə belə deyirdi: “Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mül-kiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Bizim görəcəyimiz işlər ondan ibarət idi ki, islahatları həyata keçirmək üçün, bazar iqtisadiyyatının tələblərini ödəmək üçün lazım olan qanunlar qəbul etməliydik, qaydalar yaratmalı idik və ölkəmizdə bu qanunların həyata keçirilməsini, onlara riayət olunmasını təmin etməliydik. Biz deyə bilərik ki, bunu da etmişik.”
    Heydər Əliyev sahibkarlar təbəqəsini Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsi hesab edirdi. Ölkənin sosial-iqtisadi inkişafının bilavasitə sahibkarların fəaliyyətindən asılı olduğunu söyləyirdi. Buna görə də ümummilli lider həm yerli sahibkarlarla, həm də xarici investorlarla vaxtaşırı görüşlər keçirir, onların işi ilə yaxından maraqlanır, problemlərini öyrənir, qarşılaşdıqları maneələrin aradan qaldırılması məqsədilə müvafiq hökumət orqanlarına lazımı tapşırıqlar verirdi. Ulu öndər deyirdi: “Azərbaycanda sahibkarlıq işi başlanandan, bazar iqtisadiyyatına keçid baş-lanandan Azərbaycanın müxtəlif hökumət orqanları cürbəcür yoxlamalarla, müdaxilələrlə sahibkarların işlərinə mane olmağa cəhd göstəriblər. Mən bu barədə bir neçə Fərmanlar vermişəm və Azərbaycanda hüquq mühafizə orqanlarının, başqa nəzarət orqanlarının sahibkarlara mane olmaması tələblərini qoymuşam.”

    Ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolu

    Hər bir ölkədə sosial sahənin inkişafı iqtisadiyyatın, biznesin inkişafından asılıdır. İqtisadiyyatı möhkəm olmayan bir ölkədə heç bir sosialyönümlü məsələlərin həllindən danışmaq mümkün deyil. Məhz buna görə də müasir dövrdə ölkəmizin başçısı İlham Əliyev sahibkarlığın inkişafına böyük önəm verir, ölkənin sosial-iqtisadi tərəqqisində onların rolunu xüsusi qeyd edir. Ölkəmizdə yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun azaldılmasında özəl sektorun xüsusi payı var.
    Diqqətəlayiq haldır ki, Azərbaycanda iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaranıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərcivəsində görülən işlər bölgələrin infrastruktur təminatını yaxşılaşdırıb, kökündən dəyişib. Bu isə öz növbəsində sahibkarlığın inkişafına təkan verib və əhalinin rifahının yüksəlməsinə səbəb olub.
    Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər bölgələrimizdə sahibkarlığın tərəqqisinə böyük dəstək olub. Bu sahədə bir çox layihələr həyata keçirilir, subsidiyalar verilir, vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılır.
    Hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında Sahibkarlar Günü kimi qeyd edilməsi də bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının göstəricisidir.
    Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində deyib: “…dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.”

    Tərəqqiyə münbit şərait yaradılıb
    Sahibkarlığın inkişaf etdrilməsi üçün Tərtər rayonunda da münbit şərait yaradılıb.
    Bunun nəticəsidir ki, cari ilin 9 ayı ərzində 261 rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçib.
    Sahibkarlara Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit bankları tərəfindən təkcə cari ildə rayonda 13 sahibkara fəaliyyətini genişləndirmək məqsədi ilə 242 min manat güzəştli kredit, 19 nəfərə isə yeni sahibkarlıq obyektinin tikintisi üçün icazə verilib.
    Həmçinin son illərdə təsərrüfatın əvvəllər unudulmuş sahələrinin–pambıqçılığın, baramaçılığın, bağçılığın inkişafı hesabına rayonun iqtisadiyyatı möhkəmlənib, eləcə də yerli fermerlər öz gəlirlərini artırıblar.
    Rayonda pambıqçılığın köhnə şöhrətini bərpa etmək üçün əlavə torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Görülən digər tədbirlər də bəhrəsini verib. Əgər 2016-ci ildə rayonda 1035 hektar sahədə pambıq əkilmişdisə, ötən il bu rəqəm 3000-ə, cari ildə isə 3300-ə catdırılıb.
    Ötən mövsümdə pambıqçılarımız hər hektardan 27 sentner məhsul istehsal edərək, respublikada birinci olublar və onların zəhməti Prezident İlham Əliyev tərəfindən qiymətləndirilib, təcrübələrinin yayılması tövsiyə edilib. Cari mövsümdə də qabaqcıllığı əldə saxlayan kənd əməkçiləri yığımı yüksək göstəricilərlə başa vurmaq əzmindədirlər.
    Bu vacib sahənin inkişafını daim diqqət mərkəzində saxlayan dövlət başçısı deyib: “Hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olunublar. Biz pambığın alış qiymətini bir necə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırırıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar.”
    Pambıq istehsalı sahəsində zəngin təcrübəsi olan tərtərli sahibkarlar dövlətin qayğısı və dəstəyi nəticəsində ilbəil uğur-larını artırır, eləcə də daha çox insanın işlə təmin olunmasına şərait yaradırlar.
    Bəyimsarov kəndindən qabaqcıl fermer Fazil Vəliyev deyir:
    –Keçən il mən 54 hektar sahədə pambıq becərmişdim. Yüksək göstəricilər əldə etdim. Adım nəinki rayonumuzun, respublikamızın qabaqcılları sırasında çəkildi. Qürurla deyə bilərəm ki, həm fermer kimi özüm, həm də məhsulun hasilə gəlməsində və yığılmasında iştirak edənlərin hamısı yaxşı gəlir götürdü.
    Builki yığım mövsümü isə elə ilk günlərdən yaxşı xəbərlə başladı. Belə ki, pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə alış qiymətləri hər ton üçün 50 manat artırıldı. Bu, hər birimizin əlavə qazanc əldə etməsi deməkdir. Mövsüm ərzində öhdəmdə olan 88 hektar pambıq plantasiyalarında onlarla kənd əməkçisi işləyərək halal qazanc əldə edib. Birgə zəhmətimizin bəhrəsi çox sevindiricidir. Hər hektardan 55 sentner məhsul götürmüşük. Nəzərə alsaq ki, Tərtər torpağı olduqca məhsuldar və bərəkətlidir, deyə bilərəm ki, bu, son hədd deyil. Vaxtilə, yəni sovet dönəmində, bizim yaşadığımız kənddə ermənilər məskunlaşmışdılar. Torpağımızdan, suyumuzdan istifadə edərək bizə qarşı çirkin niyyətlər hazırlayırdılar. Indi özümüz torpağımızın sahibiyik. Zəhmətimizin bəhrəsi nəticəsində həm dövlətimiz möhkəmlənir, iqtisadi qüdrətini artırır, həm də özümüz yaxşı dolanırıq.
    Mütalib Rzayev isə Hüsənli kəndindəndir. Bura cəbhəyanı yaşayış məntəqəsidir. Buna baxmayaraq, zəhmətsevər insanlar taxıl, şəkər çuğunduru, pambıq, tərəvəz becərilməsi ilə məşğul olur, mal-qara bəsləyirlər. Son illər Hüsənlidə bacarıqlı gənc sahibkarlar nəsli yetişib. Onlardan biri də Mütalib Rzayevdir. Mütalib deyir:
    –Rayonumuzda cari ilin 9 ayının sosial-iqtisadi yekunları müzakirə edilərkən, məni də həmin yığıncağa dəvət etmişdilər. Rayon rəhbəri adımı qürurla çəkdi, Tərtər Ra-yon İcra Hakimiyyətinin Fəxri fərmanını təqdim etdi. Bildirdi ki, hədəfdə nəzərdə tutulandan iki dəfə çox, hər hektardan 50 sentner pambıq təhvil verərək, vəzifəmin öhdəsindən layiqincə gəlmişəm. Prezidentimizin, rayon rəhbərliyinin etimadını doğrultduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Həm də bu, biz tərtərli gənclərin qarşıdakı düşmənə cavabıdır. Qoy onlar anlasınlar ki, biz bu torpaqda işləyə də bilirik, onu qorumağa da qadirik.
    Pambıqçılıqla yanaşı rayonda baramaçılıq da sürətlə inkişaf edir. Əgər ötən il Tərtərdə cəmi 4,6 ton barama tədarük olunmuşdursa, builki göstərici on tondan çox olub.
    Cari ildə rayonda 290 qutu–490 qram baramaqurdu bəslənib. Ölkə başçısının tapşırığına əsasən, bu gəlirli sahəni inkişaf etdirmək məqsədi ilə ilk növbədə baramaçılığın yem bazası yaradılır. Elə buna görə də son illər rayonun təsərrüfatlarında 125 mindən çox çəkil tingi əkilib. Barama yetişdirən fermerlərdən biri də İsmayılbəyli kəndinin sakini Mirzə Cümşüdovdur. O bildirdi ki, son illər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının yerinə yetirilməsi nəticəsində rayon mərkəzlərində, kəndlərimizdə müasir infrastruktur yaradılıb. Yəni, əhaliyə 24 saat ərzində qaz, elektrik enerjisi və icməli su verilir. Bu isə sahibkarlığın inkişaf etdirilməsində mühüm şərtlərdən biridir. Məsələn, baramaqurdu bəslənilən yerlərin lazımı temperaturu təmin edilməsə, istənilən nəticə əldə olunmayacaq. Yaxud elektrik enerjisinin tez-tez kəsilməsi subartezian quyularının işinə təsir göstərə bilər və əkinçilikdə problemlər yaranar. Dövlətimiz bu məsələləri həll etməklə, kəndlərimizdə sahibkarlığın inkişafına münbit şərait yaradıb. Həmçinin verilən subsidiyalar, müxtəlif güzəştlər insanların marağını daha da artırıb. Buna görə də əgər əvvəllər kəndizimdə işsizlikdən gileylənirdilərsə, indi becərmə, yığım dövrlərində bəzən lazımi qədər işçi tapmaq çətinləşir.
    Mirzə Cümşüdovun toxumluq taxılıçılıq təsərrüfatı var, pambıq, şəkər çuğunduru, yonca əkir, kümçülüklə məşğul olur. O deyir:
    –Vaxtilə ulu öndərimiz Heydər Əliyev söyləyirdi ki, sahibkar iş görür ki, pul qazansın. Onun istəyi pul qazanmaqdır, işi isə cəmiyyətə fayda verməkdir. Heydər Əliyev deyirdi: “Əgər sahibkar bu işlə məşğul olaraq qoyduğu sərmayəni çıxara və qazancı götürə bilmirsə, demək, onun sahibkarlıqla məşğul omasının mənası yoxdur.”
    Ona görə də indi əsasən iri fermer təsərrüfatları yaranır ki, bunlar həm iqtsadiyyatımızı möhkəmləndir, həm yeni iş yerləri açır, və əlbəttə ki, özləri də qazanc əldə edirlər.
    Bağçılığın inkişafı Tərtər rayonu üçün yeni sahələrdən biridir. Əvvəllər xurma və fındıq ağacları ancaq şəxsi həyətlərdə be-cərilirdi. Prezident İlham Əliyevin qeyri-neft sektorunu inkişaf etdirmək barədəki tapşırıqlarına əməl edən tərtərlilər bu sahədə də qüvvə və bacarıqlarını sınayırlar. Ayrı-ayrı sahibkarların əldə etdikləri nəticələr göstərir ki, bərəkətli torpağımız hər bir sahədə olduğu kimi, bağçılıqda da insanları sevindirir. Məsələn, Seydimli kəndində sahibkar Nəsib Vəliyevin 28 hektar sahədə xurma bağı var. Bu işə xeyli vaxt və zəhmət sərf edib. Artıq 6 ildir ki, bağlar bar verir. Hər hektardan ildə 8-10 ton məhsul yığılır. Məhsulun satışı üçün bazar axtarmaq lazım deyil. Tərtər xurması dadına və keyfiyyətinə görə həm Bakı, həm də Rusiya bazarlarında yaxşı alınır.
    Sahibkar deyir ki, onun təsərrüfatında xeyli işçi çalışır. Onlar ağacların suvarılmasında, diblərinin yumşaldılmasında, budama işlərində, məhsul yığımında və onun qablaşdırılmasında yaxından iştirak edirlər. İlboyu hər işçinin orta aylıq əməkhaqqı 300 manatdan az olmur.
    Nəsib Vəliyev onu da bildirdi ki, o, xurma bağlarının sahəsini daha 10 hektar artırıb. Xaricdən gətirilmiş 5000 xurma tingi əkib. O, suvarmada damla üsulundan istifadə etməklə, su itkisinə yol vermir.
    Xurma ixrac təşviqi şamil olunan malların siyahısına daxil edildiyi üçün, onun becərilməsinə maraq böyükdür.
    Azərbaycan Respublikası Prezidentinin sahibkarlara dəstəyi və qayğısı sayəsində həyata keçirilən tədbirlər Tərtər rayonunda ildənilə iqtisadiyyatın şaxələnməsinə və daha da möhkəmlənməsinə kömək edir.

    Svetlana BAĞIROVA
    (Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 11:00

    Teqlər:

İsmarıclar bağlıdır.