Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    Payız hamıdan qabaq qəbiristanlığı “ziyarət etmişdi”–otlar qurumuş, kolkoslar və ağaclar sarı həsrətə bürünmüşdü. Hər tərəf, hər yan yuxalıb kövrəlmişdi, sanki təbiətin özü də qəbiristanlıqda səssiz-səmirsiz ağlayırdı.
    Qəbiristanlığa gedən yol şırım kimi payızın içindən keçirdi, elə bil yol da nigarançılıq çəkirdi–gəlib-gedəni yox idi. Bu yol hara getdiyini və hardan gəldiyini özü də bilmirdi. Bir az da insan ömrünə bənzəyirdi bu yol–sonu harda bitəcək, kim bilər ki?
    Mahirə xanım Kamranın maşını ilə üzü dağlara sarı çözələnib gedən narahat daşlı-kəsəkli, çala-çökək bir yolla Qasım Qırxqızlının uyuduğu qəbiristlanlığa tərəf gedirdilər. Onun dünyada yoxluğunun 3-cü ili tamam olurdu. 2015-ci il noyabr ayının 1-də əl çəkmişdi bu sərsəm dünyadan. Xocalı boyda, Xocalı göynəmdə naləyə, dözülməz ağrıya çevrilən bir dərdi vardı ürəyində. Hər gün qanayırdı bu sağalmaz yara. Gecələri hıçqırtıyla açılırdı sabaha, axşamları hönkürtü ilə gəlirdi. Bir yandan vətən qübarı, torpaq, od-ocaq itkisi, digər tərəfdən Xocalı qətliamı, Xocalı şəhidliyi, Xocalı ləkəsi onu göyüm-göyüm göynədirdi. Qəriblik bir il olar, iki il olar… Ona elə gəlirdi ki, Xocalı geri alınsa belə, əvvəlki olmayacaq, heç Qırxqız dağı da o dağ olmayacaq. Cənnəttimsal bir məkanda, dağların ətəyində yuvalanmış bu doğma yurd bir daha gülümsəməyəcək, çünki o, gülüşə yadırğayıb, sevincə tamarzılaşıb.
    Bu dərdlərə dözmək çətin idi. Qasım Qırxqızlı da dözmədi–qəfil getdi, son loxmasını belə uda bilmədi. (Onun sağ əli zarıncı yaşayanların başına!).
    Qasım Qırxqızlı Mahirə İspiqızı ilə 20 ilə yaxın zaman kəsiyində elə doğmalaşmışdılar ki, Mahirə xanım ona “ay də”, yəni, “ay dədə” deyirdi. Bu 20 ilə yaxın bir müddətdə xocalılar kimi didərgin düşmüş “Xocalının səsi” qəzetini dişləri, dırnaqları ilə yaşatdılar, ölməyə qoymadılar bu iki adam. Bu da Xocalı deyildi ki, qeyrətsizliyin qurbanı olsun!
    …Kamranın maşını qəbiristanlığa gedən dağ yolu ilə asta-asta, tənginəfəs sürünürdü. Allah insaf vermişlər, gör qəbiristanlığı harda salıblar–uca bir dağın yastanasında, əslində bura yastana da deyildi, dağın yamacı idi.
    Maşın sonuncu təpənin belinə qalxanda Mahirə xanım yaxınlıqdakı iri daşın üstünə qonmuş çox qəribə və bəzəkli bir quşu Kamrana göstərib dedi:
    –O gözəl quşu görürsənmi? Qövsü-quzeh rəngindədir, sanki “”Fatma nənənin qurşağı”na bürünüb.
    Kamran quşu gördü. Maşını saxladı. Sanki İlahi öz əlləriylə bəzəmişdi bu quşu. Bir möcüzə idi. Qartaldan bir az kiçik, şahindən bir az böyük idi. Onun rəngləri bərq vurduqca Mahirə xanımın da, Kamranın da heyrətdən ağızları açıla qalmışdı. Mahirə xanım düşündü: “Möcüzənə şükür, Xudaya! Bu necə gözəl quşdur belə?!”
    Kamrana xahiş etdi:
    –Telefonunla onun şəklini çək.
    Kamran cib telefonunu çıxarıb, şəkli yaxınlaşdıraraq o qəribə quşun şəklini çəkdi. Bu mənzərədən ayrılmaq istəməsələr də, maşına oturub yollarına davam etdilər. Quş onların getdiyini görüb, qanadlarını açdı, uçmağa hazırlaşdı. İlahi, onun qanadlarının, quyruğunun, döşünün, boğazının rəngləri elə bihuşedici, elə sehirli bir görkəm yaradırdı ki, sanki dünyanın bütün aləlvan rəngləri ilə bu quş bəzənmişdi. Günəşin işığı, ayın nuru, ulduzların göydə yaratdığı heyrətli aləm Allahın bu sehirkar varlığında cəm olmuşdu. Bir sözlə, həqiqi varlığa bənzəmirdi, elə bil dünyanın o üzündən, göylərdən gəlmişdi.
    Maşın getdikcə bu quş uçaraq gah yolun bu tərəfinə, gah o biri tərəfinə qonur, sanki sevinirdi. Düz qəbiristanlığa qədər Mahirə xanımgilə “yol yoldaşlığı” etdi, qəbiristanlığa çatanda gözdən itdi, qeybə çəkildi. Elə bil heç yox imiş.
    Qasım Qırxqızlının qəbrini ziyarət edib, qəbiristanlığın darvazasından çıxanda yenə həmin quş haradansa peyda oldu. Yenə sevinirdi. Maşının gah sağıyla, gah soluyla uçurdu. Mahirə xanımın təkidi ilə Kamran onun şəkillərini çəkirdi, gah yolun kənarlarındakı şumun içində, gah daş üstündə, gah yamacda çəkirdi. Kamran onun telefondakı şəkillərini Mahirə xanıma göstərdi. Quşun şəkilləri çox gözəl və aydın düşmüşdü.
    Alova oxşayan bu quşun uşaq tək sevinci Mahirə xanımın fikrində şübhəli məqamlar yaradırdı: “Bəlkə elə bu ruh məsələsi doğrudur? Bəlkə də bu Qasım müəllimin ruhudur?! Axı, deyirlər ki, cümə axşamları ruhlara azadlıq verilir!”. Sonra özünü xurafatda qınayıb, gerçək aləmə qayıdırdı.
    Sirri–Xuda olan bu quş təpəni aşana qədər onları yola saldı, sonra yoxa çıxdı.
    Mahirə xanım Kamrana dedi:
    –Qasım müəllim haqqında bir kitab tərtib edirəm. Onun üz qabığına daş üstünə qonmuş bu quşun şəklini qoyacağam, adı da olacaq “Qırxqız qartalı”.
    Gəncəyə çatdılar. Bir fotoatelyenin yaxınlığında Mahirə xanım Kamran-dan xahiş etdi ki, o şəkillərin hərəsindən bir surət çıxartdıraq ki, mənə lazım olacaq.
    İçəri girdilər. Xahiş etdilər ki, bu şəkilləri təcili hazırlayıb onlara versin.
    Kamran cib telefonunu çıxarıb, şəkillərə baxanda heyrətə gəldi:
    –Mahirə xanım, quşun şəkilləri yoxdur!
    Mahirə xanım həyəcanla telefonu onun əlindən aldı, diqqətlə baxdı.
    Quşun qonduğu daş, şum, yamac şəkillərdə çox aydın, olduğu kimi görünürdü, lakin quş şəkillərdən yoxa çıxmışdı…

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.