Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy

    Hər dəfə rayonumuzun ahıllarından, işıqlı insanlarından yazmaq istəyəndə yadıma ilk düşən Rauf Həsənzadə olur. Az adam tapılar ki, onu tanımasın, haqqında söz düşəndə deməsin–hərbi zavodun keçmiş direktoru, çox bacarıqlı, tələbkar, həm də savadlı bir insandır. Mən isə onunla görüşümdən sonra deyirəm ki, Rauf müəllim bütün deyilənlərlə yanaşı, gözəl tarixçi, təbib, ələlxüsus, fenomen yaddaşlı bir ziyalıdır. Onunla söhbətdən insan yorulmur, əksinə, marağı artır. Yaşadığı evdə bir dünya yerləşib. Bu dünyanın yaradıcısı da elə Rauf Həsənzadə özüdür.
    1970-80-illərdə rayonun əksər gəncləri Mirbəşir Elektro-mexanika Zavodunda ilk fəaliyyətə başlayırdı. Buradakı əmək intizamı, kollektivin mehribançılığı və işgüzarlığı dildən-dilə gəzirdi. Tərtərli hər bir valideyn öz övladının bu zavodda işə düzəlməsinə çalışırdı. Buradakı nizam-intizamı zavodda məhz ona rəhbərlik edən Rauf Həsənzadə yaratmışdı. Səkkiz yüzdən artıq işçisi olan zavod nəinki Azərbaycanda, ölkənin hüdudlarından kənarda da istehsalçı müəssisə kimi şöhrət qazanmışdı. Hətta Ermənistan–Azərbaycan–Dağlıq Qarabağ savaşının tüğyan etdiyi bir zamanda da zavod öz fəaliyyətini da-yandırmırdı. Döyüş cəbhəsindəki əsgərlərimizə hərbi sursat və müxtəlif digər yardım göstərirdi. Lakin sonralar ikinci müstəqilliyin ilk illərində digər sahələrdə olduğu kimi zavod öz işini dayandırdığı zamanlarda Rauf müəllim Bakı şəhərində zavod direktoru tək fəaliyyətini davam etdirdi. Harada çalışmasından asılı olmayaraq orada daxili nizam-intizam qaydalarına ciddi şəkildə əməl olunub. O, həmişə rəhbərlik bacarığı ilə seçilib.
    Bu gün isə Rauf müəllim təqaüddə olan bir ziyalıdır. Onu daim camaat arasında görmək olur. Lazım gələn yerdə öz də-yərli məsləhətlərini əsirgəmir. Onun dünyagörüşü o qədər zəngindir ki, hansı mövzuda olsa, söhbəti çox maraqlı və səmimi alınır. Xüsusilə tarix və təbii müalicələrlə bağlı. Onun zəngin kitabxanasında rus, Azərbaycan və başqa xalqların nadir kitablarına, ensiklopediyalarına, qəzetlərinə, jurnallarına, əlyazmalarına rast gəlmək olar. Şəxsi emalat-xanasında öz əlləri ilə düzəltdiyi əşyalar həm evinin, həm də kitabxanasının bəzəyinə çevrilib. Bağçasında becərdiyi dibçək və kol gülləri cənnət bağını xatırladır. Rauf Həsənzadə öz zəhmətsevərliyi ilə bərabər, həm də evində, həyətində, şəxsi kitabxanasında və emalatxanasında səliqəliliyin qorunub saxlanmasına, lazımı avadanlıq və əşyaların səliqəli düzümünə qədər fikir verir. Demək olar ki, onun harada işləməsindən və yaşamasından asılı olmayaraq ətrafı daim gözoxşayandır.
    Rauf Həsənzadə haqqında çox yazılıb, çox deyilib. Mən isə demək istəyirəm ki, rayonumuzun bu ziyalısı hələ tam oxunmamış canlı bir ensiklopediyadır. Onun öyrənilməli, oxunmalı səhifələri çoxdur. Bunun üçün isə onunla səmimi olmaq bəs edir. Bu fenomen yaddaşlı ziyalıdan bir çox sahə üzrə lazımi məlumat almaq mümkündür.

    E.VƏLİYEVA

    Müəllif: Redaktor, 11:03

    Teqlər:

İsmarıclar bağlıdır.