Yazıma heç bir giriş vermək istəmirəm.
Bu yaxınlarda xəbər saytlarının birində belə bir xəbər oxudum: 34 yaşlı bir bəy qadın götürüb otelə gedir, oteldən çıxanda həyat yoldaşını otelin dəhlizində ərəblərlə görür. Ayağımın altından yer qaçır. Bu xəbəri oxuyanda bir qadın kimi xəcalət çəkdim. Fikirləşdim: “Elə kişinin belə də arvadı olar”.
Yaxın keçmişdə hər bir bölgədə barmaq sayı ilə sayıla biləcək əxlaqsız insanlar var idi. Niyə? Çünki ictimai qınaqdan qorxurdular. Bəs indi? “Anam deyil, bacım deyil, mənə nə?”, deyənlər çoxalıb.
Güya Avropalaşmaq, süni intellektual səviyyə yaratmaq yolu ilə hara gedirik?! İnteqrasiyadan lazım olanı deyil, lazım ol-mayanları götürə-götürə ailələrin təməli sarsılır, təmiz hisslərə kölgə düşür, nikahlar pozulur.
Hansı xəbər saytını açırsan, görürsən ki, qardaş bacıya, ata qıza, qohum-əqraba biri-birilərinə qarşı elədikləri əxlaqsız hərəkətlər baş alıb gedir. Az qala bakirəlik lağa qoyulur. Əvvəllər ürəyindən nəsə keçənlər ictimai qınaqdan çəkinib hisslərini özlərinə belə etiraf etməkdən utanırdılar, çünki buna şərait yox idi. İndi isə internet, mobil telefonlar hər şeyi adiləşdirib. Həyat yoldaşı çörək pulu qazanmaq üçün evdən çıxır, qadını isə müxtəlif internet səhifələrində “ov” axtarır, pullu sevgili sorağına düşür. Belələrinə nə qadın, nə ana adı yaraşmır. Yaxın keçmişdə 10 günün gəlini olan nənələrimiz həyat yoldaşını müharibəyə yola salıb, ömrünün sonunadək onun ölümünə inanmayıb, gözlərini yola dikirdilər. İndi nə olub bizim əxlaqımıza?! Budurmu Avropasayağı “mədəniyyətimiz”?! Öncə mədəniyyət bizim şüurumuzda olmalıdır. Elektron dünyasından da bizə lazım olanları götürməliyik, əxlaqsızlığı, xəyanəti yox! Gəlin, heç bir hadisədən, məişət zorakılığından “mənə nə?”–deyib, yan keçməyək! Gələcəyimiz olan gənclərin əxlaqını, tərbiyəsini qoruyaq, milli mentalitetimizə xələl gətirməyək.
Xəbər saytlarında əxlaqsızlıq xəbərlərini yığışdıraq, ayıbdır, vallah! Bu xəbərləri oxuyanda ana qızından, ata oğlundan utanır. Fikirləşək görək biz bu əxlaqla hara gedirik?!
Svetlana ƏZİZOVA