Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq

    Peşəkar rabitəçi

    новый-1Qarabağ müharibəsində ömrünün çiçəklənən vaxtı– 24 yaşında şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri də Şakir Bayram oğlu Nemətovdur. Şakir 1968-ci ildə rayonumuzun Ağkənd kəndində anadan olub. Orta təhsilini Dəmirçilər kənd tam orta məktəbində alıb. Onu tanıyan həmyaşıdları yaxşı oxumasını, dərslərinə daim hazırlıqlı gəlməsini indi də xatırlayırlar.
    Sovet dönəmində əsgəri xidmətini Xabarovskda rabitə batalyonunda başa vurub. O zaman əlaçı əsgər kimi valideynlərinə iki dəfə təşəkkür məktubu gəlib.
    Şakir bütün həmyaşıdları kimi mənfur ermənilərin torpaqlarımızı işğal etməsinə dözməyib, könüllü olaraq milli ordumuzum sıralarına yazılıb. Peşəkar rabitəçitək müharibəyə qatılıb. Döyüş yoldaşları xatırlayırlar ki, rabitə aparatı kürəyində, avtomat silahı isə həmişə əlində olardı. O, qorxmaz, igid oğlan idi.
    Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovla, cəsur döyüşçü, hazırda birinci qrup əlil, Azərbaycan Bayrağı ordenli Nizami Heydərovla bir döyüşüb. Bu cəsur əsgər 1992-ci ilin sonuna yaxın Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə, Çardaxlı kəndində qəhrəmancasına şəhid olub.
    Nizami Heydərovla söhbətimiz zamanı bildirdi ki, Şakir həmişə düşmən üstünə cəsarətlə gedirdi. Döyüş silahlarının, rabitə aparatının dilini gözəl bilir, bunlardan məharətlə istifadə edirdi. Müharibənin dəhşətləri, itkiləri, ağrıları yaddaşlardan silinmir. Çünki müharibə böyük faciələrə səbəb olur…
    Şəhidin atası, 80 yaşlı Bayram kişi deyir ki, oğul vətəni, torpağı, elini, obasını qorumaq üçündür. Ancaq Şakirin şəhid olmasından 23 il keçsə də, sanki axşam düşəndə gözüm qapıda qalır. Elə bilirəm ki, Şakir həmişəki xoş təbəssümü ilə qapını açıb içəri girəcəkdir…
    Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

    Müəllif: Redaktor, 13:35

    Teqlər:

İsmarıclar bağlıdır.