ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNİN SAYI ARTIB
2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi hesab olunur.
Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. Bu gündə ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.
Dünyanın bir çox ölkələrində diabet göstəricilərinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.
Respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılır və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin, şəkərli diabetdən ölüm göstəricisi enib.
Hal-hazırda Tərtər rayonunda şəkər xəstəliyinə tutulanların sayı 1962 nəfərdir. Onlardan 1383-ü tablet atanlar, 579-u insulin alanlardır. Ötən ilə nisbətən şəkər xəstələrinin sayı 68 nəfər artıb. Xəstələrdən 4-ü şəkərsiz diabetdən əziyyət çəkənlər, 12-si isə uşaqlardır.
Fəxriyyə ALLAHVERDİYEVA,
mərkəzi rayon xəstəxanasının həkimi