KƏNDİN “VİZİT KARTI”
Hər kəndin özünəməxsusluğu var. Xüsusən də yaşayış məntəqəsinin girəcəyi sanki həmin yerin “vizit kartı” hesab olunur. İlk təəssürat da elə buradan başlayır.
Magistral yoldan Hacıqərvənd kəndinə dönəndə insanın qəlbi də, gözü də sevinir. Yolun hər iki tərəfində yerləşən və ildən-ilə bir az da boy atan həmişəyaşıl ağaclar bura xüsusi gözəllik verir. Son vaxtlar tikilən “Ehsan bulağı” da tərtibatı ilə diqqəti cəlb edir. Yolun lap əvvəlində isə hər iki tərəfdən gül əkiləcək.
Bu gözəllikləri yaradanlardan biri– kənd sakini Mehman Mehdiyevlə də elə burada görüşdük. O bildirdi ki, həyatda doğma yurddan, el-obadan əziz heç nə yoxdur. Onu abadlaşdırmaq, daha yaraşıqlı etmək isə hər kəsin vətəndaşlıq borcudur. Bu istək ürəkdən gəlməlidir. Mehman da kəndin adi sakinlərindən biri kimi həm özü bu iş üçün çalışır, həm də başqalarını həvəsləndirir. O deyir ki, Hacıqərvənd kəndində doğulub boya-başa çatan, hazırda respublikamızın digər şəhərlərində yaşayan yüzlərlə insan var. Əgər onların hər biri kəndə gəlişləri zamanı burada bir ağac əkcə, kəndimiz daha da gözəlləşər.