Cəbrayıl sakini–Məmmədov Arif Qaraş oğlu ilə üz-üzə oturmuşam. Arif kişi verəcəyim sualları gözləmədən Cəbrayıldan elə ürək yanğısı ilə danışır ki, adamı heyrətə salır. Deyir ki, mən özüm kənd təsərrüfatı texnikumunu bitirmişəm. Biz Cəbrayıl rayonunun Əfəndilər kəndində yaşayırdıq. Bu kənd rayon mərkəzinə çox yaxın olduğuna görə, mən rayonda tarixdiyarşünaslıq muzeyində, həyat yoldaşım Ziyafət isə rayon mərkəzi xəstəxanasında işləyirdi. Kənddə yaxşı şəraitimiz vardı. Müasir tipli yaşayış evimizdə ki, öz yerində.
Mənfur qonşularımız ermənilərin nankor, naxələf olmaları barədə çox deyilib, çox yazılıb. 1988-ci ildən başlayaraq rayonun üstünü qara buludlar aldı. Cəbrayılın ərazsində ermənilərin yaşadıqları iki kənd vardı: Hərəkül və Banazir kəndləri.
1993-cü ilin avqustun əvvəllərindən kəndimizdə daim basqınlar olurdu. Şuşada, Laçında, Ağdamda olduğu kimi, Cəbrayılda da köməyə ciddi ehtiyac vardı. Amma…
Avqustun 23-də yol tamam bağlandı. Evdən heç nə götürə bilmədik. 80 baş qoyun-quzumuz, 8 baş malımız qaldı ermənilərə. Atam, anam, mən, yoldaşım, onda 1 qızım vardı, o, canımızı salamat qurtarmaq üçün Araz çayını keçib İrana getdik. İrandan da Bərdə rayonuna gəldik. 2 il Bərdədə yaşadıq. 21-ci ildir ki Tərtərdə– “Narlıq qəsəbəsi”ndə məskunlaşmışıq. Qaçqınlıq zamanı atamla anam elə Cəbrayıl deyə-deyə dünyalarını dəyişdilər.
Tərtərə gələndən burada insanlara qaynayıb qarışmışıq. Bununla belə doğulub, böyüdüyümüz Cəbrayılı yaddan çı-xarmırıq.
Hazırda cəbrayıllılarn arasında 351 şəhid ailəsi var. İşğaldan sonra cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələnib. Arif kişi elə ürək yanğısı ilə danışırdı ki, onun sözünü kəsib sual vermək istəmirdim.
Arif Məmmədov dedi ki ümidimizi üzməmişik, yaşayırıq, gənclər ailə qururlar.
Hamı gələcəyə inamla baxır.
Söhbəti qələmə aldı:
Əvəz ABDULLAOĞLU