Ulu Öndər “Bir millət, iki dövlət” demişdir. Türkiyə-Azərbaycan dostluğu qədim köklərə dayanır. Zaman-zaman mənfur düşmənlər bu dostluğu pozmağa, nifaq salmağa çalışsalar da, eyni köklü, eyni mədəniyyətli iki qardaş dövləti bir-birindən ayırmağa nail ola bilmədilər. Bu dostluq 1918-ci ildə qurulan Şərqin ilk demokratik respublikası olan AXC dövründə daha da möhkəmləndirildi. Belə ki, AXC-nin müstəqilliyini ilk ta-nıyan dövlət Osmanlı oldu. Osmanlı dövləti ilə AXC arasında 1918-ci il iyun ayının 4-də Batumda “Sülh və dostluq” haqqında müqavilə imzalandı.
Müqaviləni Osmanlı tərəfindən Ədliyyə naziri Xəlil paşa Menteşe, AXC tərəfindən Milli Şuranın sədri M.Ə. Rəsulzadə və Xarici İşlər naziri M. Hacınski imzaladlar. Müqavilənin şərtinə görə Osmanlı hökuməti ehtiyac duyulduğunda Azərbaycana hərbi qüvvə ilə kömək etməyi öhdəsinə götürürdü.
“Bakısız Azərbaycan başsız bədəndir!” ideyasını rəhbər tutan Azərbaycan hökuməti Bakını bolşevik daşnaklardan azad etmək üçün Osmanlı dövlətinə müraciət etdi. Sovet Rusiyası və Almaniyanın etirazlarının qarşısını almaq üçün Osmanlı dövləti Nuri Paşanın rəhbərliyi ilə Azərbaycana göndərilən hərbi qüvvəni rəsmən Osmanlı dövlətinin sərəncamında olmayan Qafqaz İslam Ordusu adlandırdı. Həmçinin AXC hökuməti dövlətin suverenliyini qorumaq üçün tədbirlər həyata keçirdi, hərbi vəziyyət elan edildi, Milli Ordu yaradıldı.
Azərbaycan və Osmanlı qüvvələrindən ibarət Qafqaz İslam Ordusu iyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığındakı döyüşlərdə bolşevik daşnak qüvvələrini məğlubiyyətə uğratdılar. Göyçay döyüşlərindəki qələbə Bakı sovetinin AXC-nin o zamankı mərkəzi olan Gəncəyə hucumunun qarşısını aldı. İyulun 20-də Azərbaycan-türk hərbi qüvvələri Bakını azad etmək üçün ilk hücuma keçdilər. Sovet Rusiyasından hərbi və diplomatik dəstək ala bilməyən Bakı XKS-nın eser-menşevik, daşnak liderləri ingilis qoşunlarını Bakıya dəvət etmək haqqında qətnamə qəbul etdilər. Azərbaycan-türk ordusunun hücumlarına davam gətirməyən Bakı XKS süqut etdi. Avqustun 1-də daşnak-eser, menşevik bloku Bakıda “sentrokaspi diktaturası” adlı hökumət qurdu. Sentrokaspi diktaturasının dəvəti ilə 1000 nəfərlik ingilis hərbi dəstəsi Xəzər dənizi vasitəsilə Bakıya gəldi. Lakin Qafqaz İslam Ordusunun hücumunun qarşısını almaq mümkün olmadı. Avqustun 5-də Bakının azad edilməsi uğrunda həlledici döyüşlər başladı. İngilis generalı Denstervil sentyabrın 1-də qoşunlarını şəhərdən çıxardı. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu helledici hücuma keçərək. Bakını azad etdi. Sentyabrın 16-da Azərbaycan-türk hərbi hissələrinin paradı keçirildi. Sentyabrın 17-də Azərbaycan Milli Hökuməti Gəncədən Bakıya köçürüldü.
Beləliklə, Osmanlıların köməyi ilə Bakı düşməndən azad edildi. Bu yolda Osmanlı ordusu 1100 əsgər, 30 zabit şəhid verdi. Xalqımız türk əsgərlərinin bu qəhrəmanlığını heç vaxt unutmur və türk şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində abidə ucaldılıb.
M.Ə. Rəsulzadə demişdi: “Anadolu Mehmetçikləri Bakıdakı şəhadətləri ilə türklüyə yeni bir vücud əta etdilər”. Bəli, 1918-ci ildən başlanan bu qardaşlıq, bu birlik bugünkü günümüzdə də davam edir. 1991-ci ildə respublikamız müstəqilliyini bərpa etdikdə də Azərbaycanın müstəqilliyini ilk tanıyan yenə Türkiyə oldu. Bu qardaşlıq günü-gündən daha da möhkəmlənir, dövlətlərimiz arasında iqtisadi, siyasi-mədəni əlaqələr genişlənir.
Bakının azad olunmasının 100 illiyi ilə əlaqədar sentyabrın 15-də Bakıda Azərbaycan və Türkiyə ordularının birgə paradı keçirildi. Bu möhtəşəm tədbir Azərbaycan-Türkiyə dostluğunu bir daha bütün dünyaya göstərdi.
Nigar VƏLİYEVA,
şəhər 5 №-li tam orta məktəbin tarix müəllimi