Tərtər rayonunun Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
Təbii qazın verilməsi münasibətilə Kovdadıq kəndində keçirilən tədbirdə Tərtər Ra-yon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, “Azəriqaz” İstehsalat Birliyi-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib. Dövlət başçısının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqətdə saxladığını bildirib. Qeyd edib ki, dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, artıq Tərtər rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub.
Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və regional qaz istismar idarəsinin rəisi Azər Musayev çıxış edərək, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Tədbirdə bildirilib ki, 132 fərdi evdən ibarət olan bu kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 594 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Açılışda çıxış edən kənd sakinləri Mayıl Aslanov, Lalə Səfərova, İsrail İsmayılov və Vüqar Quliyev regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Yeni Tərtər”