Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilən ən yeni “Qırmızı gül-1,” “Fatimə”, “Murov-2”, “Şəfəq-2” taxıl, “Qarabağ-33” arpa növləri nəinki bizim rayonda, respublikada çox məşhurdur və fermerlər tərəfindən həvəslə alınır.
Bunun arxasında isə BTS-in kollektivinin uzun elmi axtarışları və gərgin zəhmətləri dayanır.
Kənd Təsərrüfatı İşçiləri Günü munasibəti ilə biz onlardan biri–toxumçuluq şöbəsinin müdiri Ayaz Abdullayev haqqında söhbət acmaq istəyirik.
BTS-in direktor əvəzi Həqiqət Həşimova onu bizə belə təqdim etdi:
– Olduqca halal və zəhmətkeş insandır, peşəsinin vurğunudur. Kollektivdə böyük nüfuzu var, həm də ailəcanlıdır.
Xalqımızın mentalitetində çörək müqəddəs kitabımız olan “Qurani-Kərim”dən irəli gəlib” inancı var. Çörəyə and içmək, “Quran”a and içmək kimidir. Yeni taxıl növlərinin yetişdirilməsi üzərində işləyənlər də bütün gün müqəddəs nemətlə çalışdıqları üçün halallıq onların peşə xüsusiyyətidir.
Ayaz Abullayev Aqrar Universitetin məzunudur. 30 ilə yaxındır ki, yüksək reproduksiyalı toxum növlərinin yetişdirilməsi və istehsalı üzərində işləyir. Həm laboratoriya şəraitində, həm də sonralar toxum sahələrə səpilərkən növlərin təmizliyinə, çeşidlənməsinə nəzarət edir..
Biçilmiş məhsul xüsusi qurğularla anbarlarda çeşidlənir və bu iş də məhz toxumçuluq şöbəsi müdirinin ciddi nəzarəti altında görülür.
Həqiqət müəllim öz həmkarı haqqında belə deyir:
–Ayaz Abdullayev həmişə deyir ki, işimizin öhdəsindən gəlməklə yalnız dövlətimiz, xalqımız qarşısında borcumuzu yerinə yetiririk.
Kənd Təsərrüfatı Günü münasibəti ilə BTS-in kollektivini təbrik edir, xeyirxah və halal işlərində uğurlar arzulayırıq.
Svetlana BAĞIROVA