O YERLƏR UNUDULMUR
Zəngilan rayonu 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal edilmişdir.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
”Bakı-Culfa-Naxçıvan” dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və bir musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu var idi.
25 ildir ki, rayonun qızıl, mis yataqları, mərmərləşmiş əhəng daşı, gil, qum-çınqıl ehtiyatları ermənilər tərəfindən talan edilir.
Öz doğma yurd-yuvalarından məcburən qaçqın düşən zəngilanlılar o yerləri bir an belə unutmurlar.
“Yeni Tərtər”