Tofiq Yusif
ÖMRÜMÜN PAYIZI Ömrün payızında qarşıma çıxdın – Daha çiçəyim yox, daha gülüm yox. Odumla mən səni yandıracaqdım… Daha ocağım yox, daha külüm yox.
Qurumuş dəryada mən – sınmış qayıq, Sən gülə, mən çürük kötüyə tayıq. Ürəyin Füzuli eşqinə layiq, Mənim o sevdaya layiq könlüm yox.
Sənə məhəbbətdir, mənə qəmdir yaz, Sənə layla, mənə dərd – ələmdir saz. Sənə bulaq qıyan mənə şeh qıymaz, Daha bundan betər qara günüm yox.
|
Mən –xəzəl, sən isə yamyaşıl yarpaq,
Bu dünya sənə eşq, mənə dağdır, dağ. Qəlbim –susuzluqdan çatlamış torpaq, Daha yağışım yox, daha selim yox.
Dərdimi açası deyim qalmayıb, Səni sevməyə də heyim qalmayıb. Kəfəndən savayı geyim qalmayıb, Bundan ağır sitəm, ağır zülüm yox.
Gedir, yaşamağın həvəsi gedir, Gedir, bir şairin nəfəsi gedir. Allahın da məndən zəhləsi gedir— Mənə əzab verir, amma ölüm yox.
Ağrılar yüküyəm mən Tofiq adda, Halıma göynəyir qohum da, yad da. Canlı kölgəymişəm mən bu həyatda— Bir izə dönəsi ayım, ilim yox. |
DÜNYADA
Mən tapmadım yaşamağın çəmini Bəşəri məst, özü sərxoş dünyada. Daşıyıram bir dünyanın qəmini Qulaqdan kar, gözdən naxoş dünyada.
Gələnlərin qədirini bilən yox, Gedənlərin qədərini bilən yox. Qəzasını, qədərini bilən yox Nəfsi iti, üzü padoş dünyada.
Tale verən qismətini öymə sən, Tanrı dəyən xətirlərə dəymə sən. Hər nədirsə, öz baxtına söymə sən Kimə papaq, kimə qaloş dünyada.
Tofiq, yardan gözü doyan axtarma, Günah edib, günah yuyan axtarma. Ağıllara məhəl qoyan axtarma Bu ağlıkəm, bu başıboş dünyada.
|
GÖZƏLLİK DÜNYASI Bura yaşıl möcüzədir, möcüzə, Heyrətimin zirvəsinə çatmışam. Oturmuşam bir bulaqla diz-dizə, «Segah»ının ovsununa batmışam.
Meşələri nəğmə dolu dünyadı, Dərə var ki, eşitməyib gün adı. Bir gözəli məni yaman qınadı— Ürəyimi təbiətə satmışam.
Talaların göz muncuğu—bulaq var, Gül-çiçəyi dizlərimi qucaqlar. Məni elə sehirləyib bu dağlar Bilməmişəm, ayaq üstə yatmışam.
|
GÖZLƏRİM
Vahid Əzizə Günəş kainata gözümdən doğar, Ay batar gözümdə gecələr mənim. Dünyada nə qədər ac var, evsiz var Gözümün içində gecələr mənim
Mənim gözlərimdə qılınc yarası— Babəkin qolları gözlərimdədir. O taydan göylənən durna sırası Mənim gözlərimə qonsa nə dərdim?
Məzar gözlərimdə həsrət buludu – Axar ürəyimdən Araz boyda qəm. Ulu tariximə vurulmuş odu Sıxıb bəbəyinə saxlayan gözəm.
Mənim gözlərimin öz dünyası var, Onun eşqi uca, kədəri dərin. Uçsa, gözlərimin içinə uçar Diz çökmüş körpüsü Xudafərinin.
Nə sərhəd tanıyır, nə yasaq bilər, Tikanlı məftillər bəbəklərimdə. Təbrizin arzusu ağlayar, gülər Gözlərimə dolan küləklərində.
Qəlbimdən nə keçsə oxu gözümdən, Gözlərim könlümün sirli səsidir. Gözlərim – ömrümün mənim özümdən Dünyaya açılan pəncərəsidir. |
OCAQ Bir qayada dara çəkər zülməti, İşığıyla pardaqlayar gecəni. Üzük kimi şölə saçar yamacda— Nişan taxıb adaxlayar gecəni.
Bir tütəyin azıb qalan sədası Alovlanıb, qaranlıqdan od asıb. Səksəkənin ciyərinə od basıb, Kösövüylə yaraqlayar gecəni.
Layladırmı dodağından çağlayar?— Mürgü döyüb kar qayalar laxlayar. O tay—bu tay qaranlığı bağlayar, Bir yamaca çataxlayar gecəni.
İstəyini istilədər, közlədər, Arzusuna əlin dəysə, gizildər. Günəş çıxsa işığını gizlədər, Öz külündə soraqlayar gecəni.
Tapılıbdır ulduzlara bir bacı, Yanağı od, hörükləri nur tacı. Özü boyda qaraldaraq yamacı, Gündüzlərə pay saxlayar gecəni. |
DEYİN
Vətən torpağından bir ovuc tapıb, Qoyun gözlərimə, murazdı deyin. Mənim taleyimə kimlər qarğayıb, Bu qara günləri kim yazdı, deyin?!
Yerliyəm, gəlməyəm, ya hər kiməmsə, Öz doğma yurdumdan didərginəmsə, Vətəndən vətənə mən sürgünəmsə, Nə olar, deyirsiz «Yeraz»dı, deyin.
Mən sənə qardaşam, sənsə mənə yox, Belimə od şəllə, amma tənə yox. Kim gəldi, kim getdi… ümid yenə yox, Keçən yaz olmadı, bu yazdı deyin.
Mən necə sovuşum bu daş yığımnan? Çömçələr pay umur çay qaşığımdan. Araz topuğumdan, Kür aşığımdan, Xəzər də, Göy göl də dayazdı deyin.
Bir fürsət düşübdür, kefdir, eyləyin, Ərşi dayandırın, Yeri əyləyin. Daim biz yazığa yalan söyləyin, Şüşəni göstərib, almazdı deyin.
Unuda bilmirik ötən çağları, Düşdü püşkümüzə ömrün ağları. İçin dəryaları, udun dağları, Bunlar mədəmizə çox azdı deyin.
Nə olar yaşayaq biz də adam tək? Bu qəmin içində necə gün görək? Qışın soyuğunda buğlanın, neynək, Yayın istisinə ayazdı deyin
Dodaq büzənlər var ah-vayımıza, İllər yüklənibdir hər ayımıza. Bizim: «Vətən!!!»-deyən harayımıza Bu nə zurna-qaval, nə sazdı deyin.
İnsanı Yaradan gərək yarıda, Bizdən üz döndərib ulu Tanrı da. Döyün başımıza, döyün… sonra da Bu qapaz qiymətli qapazdı deyin.
Neyləyək dünyanın qulağı karsa? Məni yada salın zirvələr qarsa. Harda Tofiq Yusif imzası varsa Siz onun yerinə Arazdı deyin. |
PAYIZLA QIŞ ARASINDA
Bir qəzəl beytiydi durna dəstəsi, Qərib nəğmə kimi dillənib getdi. Dərəyə sallandı çən şəlaləsi, Qaya daraqlarda tellənib getdi.
Töküldü gözündən qəhəri göyün— Bir ulduz itirib nazlı, ərköyün. Dağı qaysaq tutdu üzündə gölün— Sonası fəryad tək millənib getdi.
Günlər kədər kimi—şaxtalı, bumbuz… Qışa busə verdi yanağından qız. Qısqanıb dünyanı taladı payız, Dağdan düzə endi, çöllənib getdi.
Dondu təbiətdə şənlik, çal—çağır, Yaylağın yoluna ağ həsrət yağır. Payızyn köçünə bələdçi cığır Qışın tufanında bellənib getdi.
Gəlinlik paltarı biçildi çaya, Meşə ağ geyimdə gələcək toya. Bezdi dəli yellə güştüdən qaya— Yurdunu tərgitdi, hellənib getdi.
Gündüzün əlində qar-qiyaməti, Gecənin çiynində nağıl səbəti. Sözlü qocaların şirin söhbəti Məcraya sığmadı, sellənib getdi.
Yarpaqsız tənəklər çoban çatısı, Çoban torpaqdanmı şələ tutası?! Mürgülər tütəyin yaz bayatısı, Nəğməli bulağı lillənib getdi.
«Segah» hönkürtülü tar oldu günlər, Soyuqdan üşüyüb daraldı günlər. Sönən həyat kimi saraldı günlər, Ömrümə əl etdi, yellənib getdi.
Havadan azaldı xəzəl qoxusu, Tutdu dərələri ağ qış yuxusu. Günəşi bürüdü azmaq qorxusu— Gözləri üfüqə zillənib getdi.
Ovçunun ocağı—kahaya qəlyan, Qışla döyüşdədi hər tərəf, hər yan. Nəfəsi təngiyib yıxıldı ceyran, Al qanı buz üstə göllənib getdi.
Payızın qəlbində qışın sitəmi, Geri çəkilirdi məğlublar kimi. Öpdü pəncərəmdən ayrılıq dəmi, Nəfəsi şüşəmdə güllənib getdi.
|
PƏRSƏNG
Pozduq bütün nizamları, mizanları biz, Yüngül gəlir tərəzidə çəki daşları. Pərsəng etdik ağıllıbaş insanları biz Etalona döndərərək yekə başları.
Pərsəng ilə düzəldilir kəflər, kələklər, Ürək hara, pərsəng hara,məhəbbət hara ? Vay o günə çiynimizdə yazan mələklər Savablara, günahlara pərsəng axtara!
Çox başlara qapaz dəydi çələngə layiq, Çox düzləri badalağın əyrisi əydi. Vicdanımız,qeyrətimiz pərsəngə layiq, Yurdumuza pərsənglərin zavalı dəydi.
Axı, niyə əyirik ki, düz də axtaraq? Əyriləri əyri ölçmək düzlük deyilmi? Dərəbəylik bazarında soruşaq, baxaq Kəm-kəsiri düzəldənə düz deyilirmi?
Əyrivicdan, əyribarmaq, əyriürəklər Tərəzinin düz daşına yamaq düzəldər. Özlərinə bircə misqal xeyirsə əgər Düz işləri dolaşdırıb yumaq düzəldər.
Deyirlər ki, ağlıkəmlər haqqı güdəndi, Pərsəng–əyri tərəzinin böyründə «yengə». Əyrilərin əyrisinə əncam çəkəndir, Bu «şeytan daş» hardadırsa, ordadır əngəl.
Hər şey düzsə, pərsənglərə nə ehtiyac var? Düzü düzə salanlara hörmət qoyulur. Haqlıları haqsız bilir haqsız adamlar, Pərsəngsifət adamların «üzü yuyulur».
…Birdən əyri itib-batdı, onda nə edək? Axı, indi pərsəng yoxsa, işlər düzəlmir. Əyriləri göz üstündə saxlayaq gərək, Nə qədər ki, düz adamın işi düz gəlmir. |
ÇƏKİR
O başı üstündə gəzdirdiyindən O bədən nə zülüm, nə zillət çəkir. Sənin ciyərində, sənin canında Aldığın nəfəs də əziyyət çəkir.
Gözlərin bükülüb riya kirinə, Düşmüsən böhtanın, şərin vərinə. Sənin əvəzinə, sənin yerinə Adam sənə baxıb xəcalət çəkir.
Pəyə süpürməyə hazır çalğısan, Sən ya meşəlisən, ya da dağlısan. Adam inanmır ki, adam oğlusan— Səndə ayrı şeyə xasiyyət çəkir.
Duymazsan belində sınan pərdini, Hər zaman sularsan sən öz kərdini. Qapaza çevrilən qaxınc dərdini Həm qohum-əqraba, həm külfət çəkir.
Hər dindən dışarı, məzhəbdən uzaq, Əqidəsi tələ, əməli tuzaq… Bu ürəyi şıntır,bu beyni pazaq Bütün insanlarla ədavət çəkir.
Göydən od ələnsə, qaya tökülsə, Dənizlər qurusa, dağlar sökülsə, Bütün əzizləri ağa bükülsə Bir dəfə görməzsən o, xiffət çəkir.
Vurduğu yaralar dərindən- dərin, Üzü-ən arsız sırtıq üzlərin. Onun tək bir sürü qeyrətsizlərin Ağrı-acısını bu millət çəkir. |
GETDİ
Məmməd Arazın ölümünə Dünya neyləyəcək Məmməd Arazsız? Əcəl bir dünyanı apardı, getdi. Şeirin fəsilləri qalacaq yazsız, Ömrü çiçək dolu qatardı, getdi.
Başında o tayın havası vardı, Burxulmuş baxtıynan qovğası vardı. Bu «əyri» dünyaynan davası vardı, Araza baş qoyub yatardı, getdi.
Zaman götürmüşdü onu zamına, Dili bal qatırdı şeirin tamına. Yetişdi ilahi söz məqamına, Əlləri Tanrıya çatardı, getdi.
Dönmüşdü payızda əsən yarpağa, Ürək söykəmişdi kövrək bulağa. Bu Ana Vətənə, Ana Torpağa Nə borcu varıydı qaytardı, getdi.
Doğması bilirdi hər bir adamı, Köçmüşdü qəlbinə bu millət hamı. Allah vergisiydi şair ilhamı Təbi «Cahargah»dı, «Qatar»dı getdi.
Qayalar ağlayar qəmin qəhrindən, Tikan gül açardı isti mehrindən. Sözün ovsunundan, şeirin sehrindən Tufanlara kəmənd atardı, getdi.
Bu vaya ulduzlar göydən enəcək, Dağ haray salacaq, düz hönkürəcək. Üz qoyduğu torpaq şeirə dönəcək, Gözlərində dərya batardı, getdi.
…Ağrıdır asılan gecələrimdən, Gözüm yox dünyanı daha görüm mən. Şair sovulmuşdu Əli Kərimnən, Məmməd Araznan da qurtardı, getdi. |
ŞAİRLƏRİ QOCALTMAĞA NƏ VAR Kİ…Bir sevgidir, bir kağızdır, bir qələm– Şairləri yaşatmağa nə var ki? «Başdan-başa məhəbbətdir bu aləm» İnamına daş atmağa nə var ki?
…Hərdən məni görüş yeri çağırır, İtib-batıb əhdi-peyman cığırı. Qəlbim kimi bir yetimi, fağırı İncitməyə, ağlatmağa nə var ki?
Yaddaşında unudulmuş istəyəm, Dilim gəlmir həsrətini pisləyəm. Əllərində gülü solmuş dəstəyəm– Ya qırmağa, ya atmağa nə var ki?
Xatirələr yığılıbdır gözünə, Xəyallarım üz söykəyir üzünə. Qucağını dərman bilən özünə Bir xəstəni sağaltmağa nə var ki?
Sinəm boyat kədərinə üz verib, İntizarın yandırmağa söz verib. Acığına kösöv kimi közərib Bir gözəli ovutmağa nə var ki?
Çoxdan sınıb mənim qolum- qanadım, Sevənlərin tez yuxalır inadı. Bircə sözlə ürəyimi qanadıb, Ümidimi dağıtmağa nə var ki?
Vətən dərdi həyatımı laxladıb, Quzey könlüm ağrını tər saxladıb. Nahaq yerə bir uşağı ağladıb, Varlığımı sarsıtmağa nə var ki?
Qismətimdə qara baxtın ağları, Gözlərimdə şəlalənin çağları. Kürəyimə şələləyib dağları Yar yanına daşıtmağa nə var ki?
Bu yelkənsiz, bu avarsız dünyada, Bu haraysız, bu havarsız dünyada, Belə quldur, belə xırsız dünyada Şairləri qocaltmağa nə var ki? |
BAYQUŞ KİŞİLƏR
Qiybət ölçüsüdür bəzi adamlar, Vaxtı əridirlər müftə, havayı. Bunların üzündə hər nə desən var Həyadan savayı, ardan savayı.
Çeynənə-çeynənə sözlər çürüyüb, Qiybət qazanında yüz ilin pası. Şəhəri bürüyüb, kəndi bürüyüb Qiybət uğultusu, qiybət dalğası.
Qiybətlə batır gün, açılır sabah, Bunlar böhtan əkir, bunlar şər əkir. Beləsini bığlı görəndə, vallah, Adam öz bığından xəcalət çəkir.
Bir gündə mininə qara söz yaxır «Ayaqlı yalana yorğan kişilər». Qiybətdə pələnglə vuruşa çıxır Evdə arvadından qorxan kişilər.
Sinələr qiybətlə boşalar, dolar, Bilməzlər şərəf nə, kişilik nədir. Papaq var, yaylığa dəyişmək olar, Yaylıq var, on papaq qeyrətindədir.
Hardan baş alıbdır bu qiybət çayı? Ağızlar–aşsüzən, boğazlar—xəlbir. Bunlara nə deyək? Adamın, axı, «Əclaf!» sözünə də heyifi gəlir.
Sarmaşıbdır bizə bu piş-pişilər, Hörmətdən salıblar kişi adını. Bir az qurdalasan, belə kişilər Qiybətini qırar öz arvadının.
Adı kişi olan bayquşlara bax! Allahın bir ucuz ölümü hanı? Üzdə Vətən deyib, arxada ancaq Doğrayıb satarlar Azərbaycanı!
Sözdə bir-birinə heykəl yonarlar, Bunların hər biri şər yüklü «nər» miş. Babəki dünyaya verən analar Qiybət kisəsi də doğa bilərmiş! |
YAŞAMAĞA QOYURLAR Kİ, ADAMI?
Hər kəs yüz il yaşamasa, Günah onun özündədir. Osman Sarıvəlli. Yüz il yox ey, əllicə il, ay qağa, Yaşamağa qoyurlar ki, adamı?! Göz görməyə, dil dinməyə qadağa, Yaşamağa qoyurlar ki, adamı?
Varlığımda yüz ağrının əli var, Çox «yox»ları əvəzləyən «bəli» var. Dəli edib, deyirlər ki, dəli var, Yaşamağa qoyurlar ki, adamı?!
Yurd-yuvamız para-para olandan, Ciyər vərəm, ürək yara olandan, Bu dünyada qatıq, «qara» olandan Yaşamağa qoyurlar ki, adamı?!
Dərd öldürüb torpağı da, daşı da, Yaxşı var ki, ömrümüzü yaşada? Cavanlaşıb ölümlərin yaşı da, Yaşamağa qoyurlar ki, adamı?!
Çoxmərtəbə bazarlarda haqq itdi, Loxmasını yeyən varsa, igiddir. Öldürürlər, deyirlər ki, tez getdi, Yaşamağa qoyurlar ki, adamı?!
Bilmək olmur bu, həyatdır, ya hənək? Qulaqlar kar.. nə danışaq, nə dinək? Bu dünyada adam oğlu adam tək Yaşamağa qoyurlar ki, adamı?!
Tanrı göydə qarğışları eşidr, Tamahlar var Aslan, pələng dişidir. Vallah, indi ölüm kişi işidir, Yaşamağa qoyurlar ki, adamı?!
Yazılanlar yaddan çıxır qalır kağızda, Kasıblıqdan dad itibdir ağızda. Qəhər tutub, dərd ilişib boğazda, Yaşamağa qoyurlar ki, adamı?!
Tofiq Yusif bu cahandan bezibdi, Dərd-ələmdən, ah-amandan bezibdir. Təngə gəlib, daha candan bezibdi, Yaşamağa qoyurlar ki, adamı?!
|
TAMARZI Dustaq xatirələr, əsir xəyallar Bəxtimə yazılan bir yazı bəlkə? Bitib ürəyimdə qərib o dağlar, Elə qalasıyam tamarzı bəlkə?
Bölüb iki yerə, bölüb sinəmi, Gözümə yaş yazdı Arazı dünyam. O boyda ayrılıq azıymış kimi Qalıb Qarabağa tamarzı dünyam.
Bir dön Murovdağın nisgilinə bax, Çiskinə çevrilən murazı qalıb. Ulumun yatdığı bu yurd, bu torpaq Kişi qeyrətinə tamarzı qalıb.
Hər bulaq–butası gül arğacının, Hər çay Ələsgər tək ozandı burda. Yollara baxmaqdan tut ağacının Boyu bir budaq da uzandı burda.
Otlar cığırları pozdu, itirdi Üstündə namərdlər gəzməsin deyə. Bənövşə kollara pənah gətirdi Düşmən ayaqları əzməsin deyə.
Dağların qəzəbi çevrilər selə, Qartal qıyında da dərd gizlənibdir. Həsrətdən saralıb yamaclar belə– Döşlər tala-tala nərgizlənibdir.
Göyün bağrında da yuvalanıb qəm, Şimşəkdir, Şəmşirin ya sazıdır o? Ordan perik düşən kəklik görmüşəm Oxumur–nəğməyə tamarzıdır o.
|
El köçdü –yurd yeri ünvansız qaldı–
Daha oylaqların payızı gəldi. Qan tökən günahlar divansız qaldı– Heyiflər, qisaslar tamarzı gəldi.
Gəlin öyünməyək Qazanxan deyə, Qaçqının yazığı ən azı bizik. Minillik torpağa, minillik göyə, Doğma qəbirlərə tamarzı bizik.
Yəqin anasını itirib o da– Çoban tütəyində bir quzu mələr. İnamım, gümanım kül olub burda, Baxışım tamarzı-tamarzı mələr.
Ahımdır dumana dönüb yal aşan, O yerlərdə qalan min arzuyam mən. Hələ də dağlarda gəzib-dolaşan İtmiş ürəyimə tamarzıyam mən.
Çoxdan darıxıbdır görüş yerimiz, Orda məhəbbətin nur yazı yaşar. Ayrıldıq, gecəylə gündüz olduq biz– Sevgimiz görüşə tamarzı yaşar.
İtibdir ləzzəti gözəllərin də– Bir işvəsi yoxdur, bir nazı yoxdur. Bəlkə də dünyanın heç bir yerində Bu qədər nisgilli, tamarzı yoxdur.
Ötən zamanların, itən çağların Göylərdə günəşi, ulduzu ağlar. Hələ də könlümdə o oylaqların Sinəmə baş qoyan bir qızı ağlar, Ağlar, arzusuna tamarzı ağlar. |