UĞURLU NƏTİCƏLƏR VƏ MƏSUL HƏDƏFLƏR
Oktyabrin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasda giriş və yekun nitqi söyləyib.
Prezident İlham Əliyev bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilib.
Həmçinin Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir.
Dövlət başçısı deyib: “Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışan Prezident İlham Əliyev deyib: “Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır.” Bununla yanaşı, iclasda göstərilib ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır.
Dövlət başçısı söyləyib ki, “bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraq-larımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq.”
İclasda qeyd olunub ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır.
Prezident İlham Əliyev deyib: “Son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrdən bəhs edən dövlət başçısı diqqətə çatdırıb ki, “regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər siyasi çəkimizi böyük dərəcədə artırıb. Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir.”
Qeyd olunub ki, iri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji proseslər bütün təsərrüfatlarda yayılmalıdır. Belə olan halda, mövcud əkin sahəsindən daha çox məhsul yığıla bilər.
Pambıqçılığın inkişafından bəhs edən cənab Prezident bildirib ki, “biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır”.
Dövlət başçısı deyib ki, “hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olunublar. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırırıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar”.
Prezident İlham Əliyev iclasda məcburi köçkünlərin problemi barədə də ətraflı danışıb, bəzi hallarda köçkünlərin üz-ləşdikləri xoşagəlməz halları diqqətə çatdırıb. O deyib: “Ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanılmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə ve- rilməlidir”
Yekun nitqinin sonunda dövlət başçısı bildirib: “Gələn ilin əvvəlində biz növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Bu il üçüncü proqramın icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. İndi dördüncü proqram hazırlanır, son mərhələdir. Dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlər öz əksini tapmalıdır ki, qarşımızda duran bütün vəzifələr icra edilsin”.
“Yeni Tərtər”