Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Okt

    DÖVLƏTİN PAMBIQÇILARIN ƏMƏYİNİ STİMULLAŞDIRMASI
    FERMERLƏRDƏ BÖYÜK RAZILIQ YARADIB

    Tərtərlilər Qarabağ savaşında olduğu kimi əmək meydanında da qəhrəmanlıq nümunəsi göstərir, qanları, canları bahasına qoruduqları torpağı min bir həvəslə əkib-becərir, halal zəhmətləri ilə öz güzəranlarını qururlar. Bu gün Tərtərdə pambıq istehsalına böyük diqqət verilir. Məhz bu diqqət Tərtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, pambıqçılıqda qabaqcıl təcrübənin ünvanına çevirmişdir. Keçən il 3127 hektarda pambıq əkib-becərən tərtərlilər hər hektardan 28 sentner pambıq toplamışlar ki, bu da ölkə üzrə yüksək göstərici idi.
    Bu il Tərtərdə 3.300 hektara çiyid səpilmişdir. Becərmə işlərinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılmasının nəticəsidir ki, tarlalarda sanki bərəkət boğçası açılıb. Göz işlədikcə uzanan geniş sahələr başdan-başa ağ örpəyə bürünüb. Böyük zəhmət bahasına yetişdirilmiş bol məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün rayonda bütün qüvvələr səfərbər edilib.
    Köçərli kəndində Abbas Əliyevin pambıq tarlasındayıq. Sahədə pambıqyığan maşın işləyir. Lafetlər pambıqla yüklənib bir-birinin ardınca yola salınır. Abbas kişinin nurlu çöhrəsindən bol məhsulun sevinci süzülür. Birinci üz yığımdan azı 40 sentner məhsul gözlənilir. Hələ kolların üzərində açılmayan qozalar da çoxdur. Odur ki, son nəticənin 50 sentnerdən yüksək olacağına şübhə yoxdur.
    “MKT” MMC Tərtər filialının direktoru Feruz Hacıyevlə tarlanın kənarında görüşürük. Uzun illərdən bəri pambıqçılıq sahəsində zəngin təcrübə qazanmış Feruz deyir ki, bu il pambıqçılıq üçün təbii şərait çox əlverişlidir. Söhbətdən məlum olur ki, zavod keçən il hər hektardan 28,9 sentnerə nail olmuşdur. Bu, şirkət üzrə respublikada ən yüksək nəticə idi.
    Bu il isə hədəf 31 sentnerdir. Məhsul yığımı ərəfəsində tarlaların bioloji məhsuldarlığına dair aparılan hesablamalar əminlik yaradır ki, müəyyən edilmiş hədəf fəth olunacaq.
    Feruz Hacıyevin sözlərinə görə, məhsul yığımında yenə də texnikaya üstünlük veriləcək. Zavodun 8 pambıqyığan maşını mövsümə hazırdır. İndi onlar tarladadır. Sürücü-mexaniklərdən Mübariz Həsənov, Şəmsəddin Alıyev, Elnur Səfiyev, Rabil Məmmədli və başqaları gündəlik yığım normasını artıqlamasilə yerinə yetirirlər.
    Dövlətin pambıqçıların maddi marağını artırmaq, onların əməyini stimullaşdırmaq istiqa-mətində atdığı addımlar ölkənin hər yerində olduğu kimi, Tərtərdə də razılıqla qarşılanır, hər kəsdə minnətdarlıq doğurur. Rayonun qabaqcıl fermerləri Habil Əliyev (Qaraqoyunlu kəndi), Fazil Vəliyev (Bəyim-sarov kəndi), Rəhim Abbasov (Qaynaq kəndi) və Ramiz Yunisovla (Köçərli kəndi) apardı-ğımız söhbətlərdən aydın oldu ki, dövlətin pambıqçılığın inkişafına göstərdiyi qayğı onlara əlavə stimul verir. Bu ildən dövlət hər ton pambıq istehsalına görə daha 50 manat subsidiya ödəyir. Keçən il hər kiloqram pambığın qiyməti 60 qəpik idisə, bu il 75 qəpiyə yüksəlib. Bunun 65 qəpiyini şirkət ödəyir, 10 qəpiyini isə dövlət subsidiya kimi verir. Başqa bir güzəşt isə dərman və gübrələrə görədir. Hər hektar pambıq əkini üçün istifadə olunan mineral gübrə üçün bu ildən 150 manat (keçən il 100 manat olub), istifadə edilən dərmanlara görə 50 manat (keçən il 10 manat idi) subsidiya verilməsi pambıqçı əməyinə verilən yüksək qiymətdir.
    İndi Tərtərin ağ örpəyə bürünmüş pambıq tarlalarında məhsul yığımının ilk günləridir. Hər ötən gün yığımın sürəti daha da artır.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.