Uşaq yaddaşı ağ vərəq kimi olur. Ömür keçdikcə bu ağ vərəqlərə yazılan xatirələr sonralar təkrar-təkrar yada düşür və sanki yenidən yaşanır.
Suliddin müəllimin ən unudulmaz xatirələri valideynləri ilə bağlıdır. Atası Surxay iş gününün sonunda ailəsi ilə birlikdə olmağı çox sevirdi. O, həm uşaqların dərsləri ilə maraqlanar, həm də böyük hörmət bəslədiyi ömür-gün yoldaşı ilə gün-güzərandan, dolanışıqdan söhbət edər, hərdən də övladlarına tövsiyələr verərdi…
O vaxtdan bir çox illər keçib, zaman dəyişib. İndi torpaq kəndlinin öz əlindədir. Ona görə insanların torpağa, işinə olan münasibəti bir qədər də dəyişib, məsuliyyət hissi daha da artıb.
Yuxarı Qapanlı Bələdiyyəsinin sədri Suliddin Ələkbərov özü bu il 34 hektar sahədə pambıq becərir. Onun keçən ilki göstəriciləri də yaxşı oldu. Rayon üzrə pambıqçılıqda orta məhsuldarlıq 27 sentnerə çatdığı halda, o, daha yüksək göstəriciyə–35 sentnerə nail oldu.
Suliddin müəllim deyir:
–Uşaqlıqdan pambıq sahələri məndən otrü hünər meydanı, ruzi-bərəkət mənbəyi olub. Hətta pambıqçılığa münasibət dəyişəndə də, mən bu işdən əl çəkmədim. İllər təcrübəmi daha da artırdı. Ona görə də Prezident İlham Əliyevin tapşırığına əsasən ölkədə bu sahənin inkişaf etdirilməsi məqsədilə tədbirlər həyata keçirilməyə başlayanda, ən çox sevinənlərdən biri mən oldum.
Suliddin müəllim onu da xatırlatdı ki, pambıqçılığın inkişaf etdirilməsi onların kəndində bir çox ailənin dolanışığına müsbət təsir göstərib, maddi vəziyyətlərini yaxşılaşdırıb. Cari mövsümdə təkcə onun öhdəsində olan sahələrdə yüzə yaxın kənd əməkçisi çalışır və evlərinə gündəlik qazanc aparır.
Təcrübəli fermer deyir:
–Hər dəfə mən tarlalarda həvəslə çalışan bu insanları görəndə atamın sözləri yadıma düşür: “Torpaqdan güc alanlar”. Bəli, onlar öz zəhmətlərilə ailələrinin gücünü, rifahını artırırlar.
Müasir dövrdə pambıqçılıqda bir sıra problemlərin aradan qaldırıldığını qeyd edən Suliddin Ələkbərov onu da bildirdi ki, indi bol məhsul hasilə gətirən insanlar bunun vaxtında yığılması üçün nigarançılıq hissi keçirmirlər. Çünki bütün ölkədə olduğu kimi, rayonumuzda da kifayət qədər yeni pambıqyığan kombayn var və bunların vasitəsilə məhsul qısa müddətdə, həm də itkisiz toplanıb təhvil verilir.
Bu mövsümdə pambığın alış qiymətinin artırılması da kənd əməkçilərinin əhval-ruhiyyəsinə müsbət təsir göstərib. Qiymətlərin qaldırılması pambıq istehsalına çəkilən xərclərin artıqlaması ilə ödənilməsinə, fermerlərin əlavə gəlir əldə etməsinə səbəb olacaq.
Svetlana BİLALQIZI