ƏN YAXŞI HƏLL YOLU NARKOTİKƏ TOXUNMAMAQDIR
Hamı narkotikin necə ziyanlı olduğu barədə bilir. Buna baxmayaraq, onun toruna düşənlərin sayı çox sürətlə artır. Görünür, narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamlarda var. Mənim məqsədim bir həkim olaraq bu təhlükəni gənclərə çatdırmaqdır. Tibbi təcrübə göstərir ki, narkomaniyadan müalicə olunmaq çox çətindir. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə başalyır. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur. Narkotikdən can qurtarmaq güclü iradə və uzun vaxt tələb edir. Buna görə ən yaxşı həll yolu narkotikə toxunmamaqdır. Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. Narkomaniya orqaniz-min zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Narkotik, mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. Narkomaniyanın müalicəsi çoxlu pul vəsaiti tələb edir. Xəstə ailənin müflisləşməsinə səbəb olur.
Narkomaniyaya yoluxandan sonra immun çatışmazlıq virusu sindromu, hepatitlər başlayır. Bu xəstəlikdən qurtarmaq daha çətindir. Əvvəl fiziki asılılıq, sonradan psixi asılılıq yaradır.
O, toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş sinir sisteminə qədər mənfi təsir göstərərək onun xarakterini dəyişir. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 30-40 ildir.
Gənclər Mərkəzində, Heydər Əliyev Mərkəzində, YAP Tərtər Rayon Təşkilatında, şəhər 1 saylı, 5 saylı tam orta məktəblərdə, 2 saylı məktəb-liseydə, Seydimli, Sarov, Qazyan kənd tam orta məktəblərində uşaqlarla çox geniş şəkildə bu barədə söhbətlər aparmışıq. “Narkomaniyaya qarşı mübarizə”, “Ağ ölüm”, “Narkomaniyaya yox deyək”, “Narkomaniya və onun fəsadları” mövzularında, erkən nikahla bağlı və dini mövzularda müzakirələrimiz keçirilib. Narkomaniyaya qarşı mübarizədə ictimai təşkilatlar, mətbuat, mədəni-maarif orqanları, kitabxanalarla yanaşı valideynlərin rolu böyükdür. Onlar məktəblə sıx əlaqə saxlamalı, övladlarının tərbiyəsində yaxından iştirak etməlidirlər.
Rima AXUNDOVA,
mərkəzi rayon xəstəxanasının narkoloq həkimi