Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Okt

    MÜXTƏLİF XALQLARIN AİLƏ BÜDCƏSİNƏ MÜNASİBƏTİ

    Məlumdur ki, azərbaycanlılar digər xalqlara nisbətən daha səxavətli, qonaqpərvər və əliaçıqdırlar. Ancaq bütün bunlar o zaman yaxşıdır ki, israfçılığa çevrilməsin. Bunun üçün hər bir ailədə düzgün planlaşdırma aparılmalıdır. Qənaət etmək xəsislikdən deyil, ağıldan irəli gələn bir xüsusiyyətdir. Bəzi insanlar bəhsəbəhsə girərək bahalı ad günləri, toylar keçirir, bunun üçün hətta borca girir və kredit götürürlər və bu məclislərdə həddən artıq israfçılığa yol verilir. Sonradan borcu qaytara bilmədikdə ciddi problemlər yaranır.
    Bu yaxınlarda Ukraynada olarkən onların mətbəxinin həm sadəliyinə, həm də insan orqanizmi üçün faydalılığına heyran qaldım. Bizdə isə tamamilə əksinədir.
    Fransızlar qonaqlığa öz şərab şüşələri ilə birgə gedirlər. Bu hədiyyə ev sahiblərinin çox xoşuna gəlir. Fransızların digər sevimli hədiyyəsi isə gül və çiçəklərdir.
    Yaponların isə bizim kimi qonaqpərvərlikləri yoxdur. Onlar ailəvi dostlarla restoranlarda görüşürlər. Yaponun evinə dəvət edilmişsinizsə, bu, böyük fəxrdir.
    Yapon qızları evlənən kimi işini-gücünü atıb, evinin xanımı olur. Kişinin qazancı evin əsas gəlir mənbəyi sayılır. Ailənin büdcəsi xanımın əlindədir, hətta restoranda hesabı da xanımlar verirlər. Yaponiyada heç kim bir-birinin işinə qarışmır, istədiyiniz paltarı geyinib gəzə bilərsiniz, gözlərinin ucu ilə də baxmazlar.
    Qışda bizimki kimi bütün otaqları qızdırmırlar. Bunu əlavə xərc hesab edərək ancaq oturduqları otağı isidirlər.
    Yapon ailəsində xanımlar, kişilər rahat işləsin deyə, əllərindən gələni edirlər. Ona görə kişilərin evə gec gəlməyi problem sayılmır.
    Digər avropalılar içərisində ən qənaətcil olan almanlardır. Orta hesabla Almaniya vətəndaşları ayda 180 avroya qənaət edərək onu kənara qoya bilirlər. Bu isə onların gəlirlərinin təqribən 10 faizini təşkil edir.
    Almanlar öz büdcələrini çox incəliklə planlaşdırırlar. Birinci dərəcəli xərclər sırasında evin kirayə haqqı və yaşayış evinə görə kreditin ödənilməsi gəlir ki, buna da ümumi gəlirlərin 50 faizi sərf olunur. Bundan sonra kommunal və sığorta xərcləri ödənilir. Qalan pullarını isə almanlar öz yaşamlarına və istirahətlərinə sərf edirlər.
    Almanlar ən az pulu geyimlərinə xərcləyirlər. Özü də geyim əşyalarını endirim mövsümlərində almağa çalışırlar ki, buna çox pul xərcləməsinlər.
    Qənaətcil almanlar təkcə geyim məsələlərinə qənaət etmir, onlar həm də elektrik enerjisində az məsrəfə yol vermək üçün xüsusi tariflərdən istifadə edirlər.
    Beləcə, müxtəlif xalqların ailə büdcəsinə münasibətləri ilə tanış olduq və bunları özümüzün həyat tərzimizlə müqayisə etmək imkanı əldə etdik. Əlbəttə, hər kəsin ailə büdcəsinə münasibəti fərdidir. Amma bu sahədə yaxşı təcrübəni mənimsəmək də pis olmaz.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:34

    Teqlər:

İsmarıclar bağlıdır.