AZƏRBAYCAN GÜCLÜ, MÜASİR DÖVLƏTƏ ÇEVRİLİB
1991-ci ildə Sovet İttifaqı bir dövlət kimi dünya xəritəsindən silindi. Həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi və Azərbaycan Respublikası suveren dövlət kimi dünya birliyinə üzv oldu. Lakin Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
Heydər Əliyev özü ilə bərabər ölkəmizə siyasi müdriklik gətirdi. Məhz bundan sonra vaxtilə Sovet İttifaqının ucqar bir respublikası sayılan Azərbaycanın sürətli inkişafı başladı.
1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi –“Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Ölkəmizin regionda nüfuzu və əhəmiyyəti artdı. Beləliklə də Azərbaycan bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu.
1993-cü ildən başlayaraq Azərbaycanın müstəqil bir dövlət kimi gələcək uğurlarının əsası qoyuldu.
Prezident İlham Əliyev isə ölkəyə rəhbərlik etdiyi ilk gündən ölkəmizin müasir dövlətə cevrilməsi və tam müstəqil siyasət yürütməsi üçün gərgin və səmərəli fəaliyyətə başladı. Onun həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində respublikanın iqtisadi müstəqilliyi möhkəmləndi.
Bu gün ölkəmiz həm də dünya birliyi üçün açıq dövlətə çevrilib. Azərbaycan dünyanın 180-ə yaxın ölkəsi ilə diplomatik münasibətlər qurub. Xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında bizim 91 diplomatik missiyamız fəaliyyət göstərir.
Azərbaycan dövlətinin özünün yürütdüyü siyasətin, seçdiyi inkişaf yolunun bəhrəsi müstəqillik illərində qazanılan uğurlardı.
Özü də bu uğurlar yalnız iri şəhərləri deyil, regionlarımızı, o cümlədən kəndlərimizi əhatə edir. Regionların inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində irimiqyaslı infrastruktur layihələr həyata keçirilmiş, şəhər və kəndlərin siması tanınmaz dərəcədə dəyişmişdir.
Əgər əvvəllər digər müttəfiq respublikalarla müqayisədə təbii sərvətlərlə zəngin olan Azərbaycan çox geridə qalırdısa, indi bu fərq nəinki aradan götürülüb, hətta xeyli irəliləyiş əldə olunub.
Biz bunu cəbhə bölgəsi olan Tərtərimizin də simasında aydın görürük.
Müstəqillik illərində Tərtər şəhəri və onun kəndləri o qədər dəyişib ki, uzun illər rayonumuzu görməyənlər heyrətlərini gizlədə bilmirlər. Heydər Əliyev prospekti, Qarabağ şəhidlərinin adlarını daşıyan küçələr və digərləri başdan-başa abadlaşıb, yaşıllığa qərq olub, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb.
İldən-ilə sayı artan yeni binalar şəhərimizi gözəlləşdirməklə yanaşı, həm də insanların rahatlığını təmin edir. Belə ki, Tarix-diyarşünaslıq muzeyi, Şahmat məktəbi, Gənclər Mərkəzi, yeni tikilən Olimpiya İdman Kompleksi Tərtərdə böyüyən gənc nəsilin tərbiyəsində müstəsna rol oynayır və oynayacaq.
Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı Ptezident İlham Əliyevin uğurlu da- xili siyasəti nəticəsində öz bəhrəsini verməkdədir.
Azərbaycanın digər regionlarında olduğu kimi, Tərtər rayonunda da son illər taxıl, şəkər çuğunduru, pambıq, barama, heyvandarlıq məhsulları istehsalının artması nəticəsində iqtisadiyyat möhkəmlənib, insanların həyat tərzi yaxşılaşıb.
Indi şəhər sakinləri ilə yanaşı kəndlilər də hər cür rahatcılığı olan geniş və işıqlı, əksəriyyəti müstəqillik illərində tikilmiş evlərdə yaşayır, təbii qazdan, elektrik enerjisindən, sudan istifadə edirlər. Kənd yollarının abadlaşdırılması işləri müvəffəqiyyətlə davam etdirilir.
Şəhərimizdə nəinki kənd təsərüfatı təyinatlı, həmçinin sənaye obyektlərinin inşası insanları sevindirir. Xüsusilə qadınlar bu yaxınlarda Tərtərdə xalçaçılıq sexinin açılmasını səbirsizliklə gözləyirlər. Hər yeni obyektin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması deməkdir ki, bu da çox vacib məsələdir.
Müstəqillik baxımından Azərbaycan gənc olsa da, görülən işlər bu günü və gələcəyi əhatə edir. Bu isə o deməkdir ki, müstəqilliyimiz əbədi və dönməzdir.
Svetlana BAĞIROVA