Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen

    Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış 44 xarici ölkənin nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı.
    Dövlət başçısı geniş nitqində qeyd etdi ki, Azərbaycan Parlamenti ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində müstəsna rol oynayır. Parlament diplomatiyası milli maraqlarımıza xidmət edir. Deputatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinin müdafiəsi istiqamətində fəal iş aparırlar.
    İclasda Milli Məclisin Sədri Oqtay Əsədov nitq söylədi. Spiker qeyd etdi ki, 1995-ci ildə ölkəmizin yeni Konstitusiyası qəbul olunandan sonra Azərbaycan Prezidenti ilə parlamenti arasında bərqərar olmuş münasibətlər ildən-ilə daha da möhkəmlənir. Cənab Prezidentin Milli Məclisdə bugünkü çıxışı icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında yüksək səviyyəli münasibətlərin bariz nümunəsidir.
    Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Prezidentin toxunduğu məqamlara diqqət çəkən Milli Məclisin Sədri münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışan, nüfuzlu təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini dəstəkləyən qərar və qətnamələrin qəbuluna nail olan həmkarlarına və qonaqlara minnətdarlığını bildirdi.
    İyirminci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaranma tarixindən söz açan Milli Məclisin Sədri dedi ki, bu, xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında yeni mərhələ açmışdı.
    Qonaqların nəzərinə çatdırıldı ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız böyük böhran və sarsıntılar, erməni işğalı və vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmışdı. 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Ulu öndər Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. 1995-ci ildə onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya parlamentin formalaşmasının müasir standartlara uyğun mexanizmini yaratdı.
    Sədr qeyd etdi ki, Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynayıb. 23 ilə yaxındır ki, Azərbaycan Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazasını yaradıb və təkmilləşdiribdir.
    İclasda bildirildi ki, Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin, Milli Məclis isə Xalq Cümhuriyyəti parlamentinin varisidir. Azərbaycan parlamentinin 100 illik yubileyi münasibəti ilə bu gün keçirilən təntənələr zamanlar arasında canlı əlaqəni təcəssüm etdirir. İnamla söyləmək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlamentarizm ənənələri indiki Azərbaycan dövlətinin və parlamentinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir.
    * * *
    Sonra çıxış üçün təntənəli iclasda iştirak edən xarici qonaqlara söz verildi.

    Müəllif: Redaktor, 11:58

    Teqlər:

İsmarıclar bağlıdır.