Sözün həqiqi mənasında hər sahədə azadlıq və sərbəstlik çox gözəl şeydir. Ölkələrin, xalqların, millətlərin, cəmiyyətlərin bir sözlə, insanın azadlığını heç nə ilə əvəzləmək olmaz. Zaman-zaman azadlıq uğrunda mübarizələr, müharibələr aparılıb, minlərlə, milyonlarla şəhidlər verilib, könüllü qurban gedənlər olub və bu ənənə indi də davam edir.
Azadlıqların içində ən mühüm olanlardan biri də söz, fikir azadlığıdır. Belə şəraitdə cəmiyyətin azadlığı təmin olunur və inkişaf hər yerdə öz inikasını tapır, tənqid və özünütənqid ruhu güclənir, ictimai rəy saflaşır və böyük təsir gücünə malik olur.
Çatışmazlıqları və səhvləri açıq, qərəzsiz tənqid etmək yekunda ictimai mühitin saflaşmasına zəmin yaradır, neqativ halların aradan qaldırılması prosesi sürətlənir və beləliklə də insanın həyat tərzi yaxşılaşır.
Reallıqları qərəzsiz əks etdirən media təmsilçiləri cəmiyyətdə nüfuz sahibi olurlar, özlərinə və qələmlərinə hörmət qazanırlar və bununla da ölkəmizin sosial-iqtisadi tərəqqisinə təkan verirlər.
Bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev hələ 20 il bundan əvvəl mətbuat üzərindəki senzuranı ləğv etdi, yersiz qadağaları aradan qaldırdı. Ondan sonra mətbuatda azad sözə, plüralizmiyə və fikir sərbəstliyinə geniş meydan açıldı. Lakin hər yenilik özü ilə müsbət tendensiyalarla yanaşı bir sıra mənfi meyillər, neqativ hallar və problemlər də gətirir. Azərbaycanda da belə oldu. “Reket jurnalistlər” dəstəsi törəndi, şantaj, qarayaxma meyilləri çoxaldı, hər şeyi, işığı belə qara görən “media nümayəndələri” mərkəzdən rayonlara üz tutdular. Hədəf isə vəzifəli və imkanlı şəxslər oldu. Əl açıb dilənməyə başladılar. Hərə bir qəzet, hərə bir jurnal, hərə bir sayt yaratdı. Ölkəmizdə yüzlərlə belə “mətbu orqan” aranı qarışdırmağa başladı. Başı çıxana da, çıxmayana da saxta vəsiqələr paylandı, tapşırıqlar verildi: “Get özün də dolan, bizi də dolandır”. Bu nəşrlərin sahibləri əksərən qadınlara üstünlük verdilər. Küçədən keçənləri, yüngül həyat tərzinə alışanları “əməkdaşlığa” cəlb etdilər. Taki bir az “gözə-gəlimli”, sırtıq olsunlar, qaraçı kimi yapışdıqlarından əl çəkməsinlər. Onlar da pərpətöyün toxumu kimi yayıldılar respublikanın hər yerinə, məqsədləri isə yalnız və yalnız pul qoparmaq oldu. Pul verənə naz-qəmzə satdılar, qaş-göz oynatdılar, “xəsislik edənlərdən” heç olmasa günorta yeməyinin pulunu aldılar, yol pulu, “benzin pulu” istədilər. “Bığlı-saqqallı” kişi “yazarlar” da bu yolnan getdilər, saatlarla qapı arxasında boyun burdular, “dilənçi payı” almamış əl çəkmə-dilər. Bəzi media səhifələri oldu tərbiyəsizlik məkanı. Belə “müxbirləri” razı yola salmayanlar onların nəzərində oldu dünyanın ən pis adamı “rüşvətxoru”, “dələduzu”. Yazdılar, pozdular, amma yazdıqlarından nə özlərinin başı çıxdı, nə də özgəsinin, taki şantaj etsinlər. Bu cızma-qaraları oxu-yan kimi bilmirdi ki, bunların şəxsi istəklərinə əhəmiyyət verilməyib, ona görə də ağıllarına nə gəldi döşəyiblər, özü də şər-böhtan dolu və savadsızcasına.
Bu işləri sahmana salmaq üçün Mətbuat Şurası yarandı, “KİV-lər haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlar qəbul olundu, Mətbuat Şurasının “Qara siyahı”sı fəaliyyətə başladı. Və nəhayət, ölkə Prezidenti İlham Əliyev tərəfindən “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyası qəbul edildi. Bütün bunlar mətbu sözün təsirinin artırılmasına, ya-ranmış xaotik vəziyyətin aradan qaldırılmasına, mətbuatın mad-di-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin məsuliyyətlərinin və nüfuzlarının artırılmasına xidmət etmək məqsədini güdürdü. Bu tədbirlər, əlbəttə, öz təsirini göstərdi. Ələl-xüsus “dilənçi jurnalistlər”in sayı nəzərəçarpacaq dərəcədə azaldı. (Yoxsa peşəkar və halal jurnalistlər belə dələduzlara görə öz peşələrindən xəcalət çəkirdilər).
Belə şantajçı və böhtançı, dırnaqarası, mətbuat işçilərinin də, onların işlədikləri qəzetlərin də sıraları seyrəlsə də, hələ də yox deyillər və öz “peşə”lərindən əl çəkməyiblər.
İş o yerə çatıb ki, bəzi üzdən-iraq “jurnalist”lər insanların ailə-məişət məsələlərinə də qarışır, şəxsi həyatlarına müdaxilə edir, utanmazcasına və tərbiyəsizcəsi-nə hər şeyə qarışırlar. Bu, ən çox əyləncəli televiziya verilişlərində özünü açıq-saçıq büruzə verir və belə həyasız yayımlar əksərən yeniyetmələrin və uşaqların tərbiyəsini ciddi zədələyir. (Bu, tamamilə başqa bir mövzunun söhbətidir).
Son zamanlar isə bəzi sosial şəbəkələr, internet media qurumlar bütün kriteriyaları aşaraq ağıllarına gələnləri ağına-bozuna baxmadan yazır və geniş auditoriyaya yayırlar. Bu isə yaramaz-lıqdır. “Ağam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə işləmək olmaz. Handa da qala internet media ola və o, bütün dünyada izlənə.
Biz mətbuat işçiləri həmişə həqiqətin tərəfində olmalıyıq, yazanda da ağı ağ, qaranı qara göstərməliyik. Necə ki, rəhmətlik Mirzə Ələkbər Sabir deyib:
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Düzü düz, əyrini əyri, pisi həm var yazım.
Mənim fikrimcə, istər iqtidar yönümlü, istərsə də müxalifət yönümlü mətbuat olsun, olanlara da, olmazlara da həqiqətin prizmasından yanaşmalıdır, hər şeyi olduğu kimi yazmalıdır. Həyata yalnız qara şüşə arxasından baxmaq olmaz.
Mənə qalsa, bütün mətbuat vasitələri obyektiv tənqidə geniş yer verməlidirlər. Çünki tənqid əyər-əskiklərimizi düzəltmək üçün təsirli bir üsuldur. Əlbəttə, bu, real tənqid ola və xoş məram güdə, yəni neqativ halları və nöqsanları aradan qaldırmaq niyyətini daşıya. Lakin indiki bəzi sosial şəbəkələr kimisə qaralamaq, gözdən salmaq, nüfuzuna zərbə vurmaq xarakterli çıxışlar edirlər ki, bu da cəmiyyətdə çaşqınlıq yaradır, görülən müsbət işlərə kölgə salır.
Müasir Azərbaycanın sosial-iqtisadi inkişafı göz qabağındadır. İndiki dünya düzənində Azərbaycanın qazandığı uğurlar beynəlxalq aləmdə yüksək tribunalardan səslənir, əldə olunmuş göstəricilər ölkəmizin nüfuzunu və imicini daha da artırır, inkişaf etmiş ölkələr sırasında tutduğu qabaqcıl yeri daha da möhkəmləndirir. Bunu kor adamlar da görə bilər. Lakin mənəviyyatca kor olanlar “düşmən dəyirmanına su tökərək” işıqdan qorxan yarasalar kimi qazanılmış nailiyyətləri, yurdumuzda hökm sürən ictimai-siyasi sabitliyi “həzm edə bilmir”, hər şeydə bir ləkə axtarırlar. Əlbəttə, iş olan yerdə nöqsan da olar və bu nöqsanı açıb göstərmək, onun aradan qaldırma yollarını söyləmək ümumi işin xeyrinədir. Amma çatışmazlıqlara qərəzli yanaşmaq, həddindən artıq tünd ifadələr işlətmək tərbiyəsiz tənqid, görülən işləri qəsdən görməməzliyə vurmaq sağlam düşüncə tərzi deyil, ruhu xəstə, təxəyülü sağlam olmayan adamların münasibət tərzidir. Bunlar respublika rəhbərliyindən tutmuş rayon icra hakimiyyətlərinin başçılarına qədər hamını “xalq düşməni” gözündə görür və bizi istəməyən xarici qüvvələrin (hətta ermənilərin belə) istəklərini yerinə yetirir, çirkin qarayaxma kampaniyasına qoşulur, onların iyrənc niyyətlərinin həyata keçirilməsinə rəvac verirlər, bəziləri din pərdəsi altında, bəziləri “millətin fədaisi” kimi. Halbuki bu xalqın taleyüklü məsələləri onlara bircə gün tapşırılsa, heç nəyə qadir olmadıqlarını və xislətlərini ay-dın görərik. (Gəncədə baş verən son qanlı hadisələr bu dediklərimizin isbatıdır).
Tərtər rayonu ermənilərlə 48 kilometrlik təmas xəttində yerləşən cəbhə bölgəsidir. Burada ictimai-siyasi sabitlik daha həssas münasibət tələb edir və bu münasibətin qorunub saxlanması elə də asan məsələ deyil. Adi bir səhv addım bəlkə də xoşagəlməz fəsadlar doğurar. Belə bir rayona rəhbərlik etmək digər rayonlara nisbətən qat-qat artıq məsuliyyət tələb edir. Bu məsuliyyətin tərki-bində həm də qurub-yaratmaq, bütün sahələrdə inkişafı təmin etmək, yeni iş yerləri açmaq, insanların maddi rifah halını yaxşılaşdırmaq, bir sözlə, müasir zamanın nəbzini tutmaq əzmi dayanmalıdır.
Son bir neçə ildə Tərtər öz simasını tamamilə dəyişib, gözəlləşib. Yeni istehsal obyektləri tikilib, küçələr, yollar asfaltlanıb, binalar, yaşayış mənzilləri inşa olunub. Bu yaxınlarda 1170 məcburi köçkün ailəsi üçün salınan müasir bir qəsəbənin ölkə prezidenti İlham Əliyevin xeyir-duası ilə Şıxarxda istifadəyə verilməsi də bu qəbildəndir. Lakin bir çox media qurumları görülən işləri görməzlikdən gələrək, rayon rəhbərliyi haqqında tənqidi tənqidə calayır, şəxsiqərəzlik edir, çirkin və ürəkbulandırıcı ifadələr, hətta tərbiyəsiz sözlər işlədərək təhqirə yol verirlər. Bir az əvvəl qeyd etdik ki, sağlam tənqid inkişafın əsas amillərindəndir, nöqsanları görməyə və aradan qaldırmağa kömək edir. Amma şəxsiyyəti aşağılamaq, mənəviyyata toxunmaq qətiyyən yolverilməzdir və bu, yazı müəlliflərinin cılızlığından, səviyyəsizliyindən, tərbiyəsizliyindən irəli gəlir. Yazırsan yaz, görülən işləri də yaz, obeyktiv tənqidini də yaz, amma şantaja keçmə, insanın şərəfini və ləyaqətini alçaltma. Nəyi isə yazanda, hər şeydən əvvəl özünü o adamın yerinə qoy, hər şeyi doğru yaz, öz mənafeyini güdmə, tərbiyəsizlik etmə, çünki mətbuat tərbiyəsizlik məkanı deyil!
Tofiq YUSİF