Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayıdır. İslamdan əvvəl məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi.
Məhərrəm ayının İslamdakı rolu və əhəmiyyəti hicri 61-ci ildə (Miladi tarixlə 639-cu il) Kərbəla çölündə baş vermiş misli görünməyən faciə ilə yadda qalıb. Bələ ki, Yer üzündə Xeyirlə Şərin mübarizəsi hər zaman davam edir. Biri Haqq uğrunda çalışır, digəri isə fitnə-fəsad törədir. Bunun nəticəsində isə tarixin səhifələrindən heç vaxt silinməyəcək insanlar yaddaşlara əbədi həkk olunur. Onlardan biri Məhəmməd Peyğəmbərin (s.ə.s.) sevimli nəvəsi İmam Hüseyndir (ə). Milyonlarla insan İmam Hüseynin faciəvi ölümünü hər il anır, matəm saxlayıb şənliklərdən uzaqlaşır. Səbəb isə onun fədakarlığı, haqq işi uğrunda yolundan dönməməsidir.
Həzrət Hüseynin dəstəsi Kərbəla çölündə 9 gün əzab-əziyyət içində olur. Məhərrəm ayının 9-da döyüş başlayır. Çox ağır və ədalətsiz bir döyüş. Həzrət Hüseynin ailə üzvləri, sadiq silahdaşları bir-bir şəhid edilir. Hətta onun qucağındakı südəmər oğlu Əli Əsgərini də öldürürlər. Peyğəmbərimizin ailəsinin sağ qalan üzvlərini isə əsir götürüb əl-qolları zəncirli Şama gətirirlər. Lakin Şamda baş verən hadisələr Yezidə arzusuna çatmağa mane olur.
Həzrət Hüseynin bacısı Zeynəb, oğlu İmam Səccad (ə) Şama aparılanda yolboyu küfəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. İş o yerə çatdı ki, Həzrət Hüseynə qarşı çıxanlar ona matəm saxlamağa başladılar.
İmam Hüseyn haqq işi uğrunda mübarizəyə qalxaraq bu yolda canından, malından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin əqidəsindən dönmədi.
Ona görə də məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun, onun amallarına yaraşan tərzdə keçirilməlidir. Bunun üçün rayonumuzdakı Cümə Məscidində rayon rəhbərliyinin dəstəyi ilə lazımi şərait yaradılıb. Əzadarlar dinimizin təyin etdiyi əxlaqi çərçivələrə riayət etməlidirlər. Belə ki, qurşağadək soyunub zəncir və sinə vurmaqla bədənə xəsarət yetirmək, qan çıxarmaq müqəddəs şəriətimizə və İslam əxlaqına uyğun deyil.
Son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyası rayonumuzun sakinləri tərəfindən də razılıqla qarşılanır. Aşura günü Tərtər Rayon İcra Hakimiyyətinin və Cümə Məscidinin təşkilatçılığı ilə qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulub. Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyasının təşkili ən münasib əzadarlıq nümunəsidir.
Ümumiyyətlə, yalnız məhərrəm ayında deyil, ilboyu savab işlər görmək, Vətəni sevmək, dövlətimizi və dövlətçiliyimizi qorumaqla biz Əhli Beytin yolunu davam etdirmiş oluruq.
Sadiq CƏFƏROV,
Tərtər “Cümə” Məscidinin dini icmasının sədri və imamı