Həmyerlimiz Arif Əzizbəylinin ikinci şeirlər kitabı–“Qəlbimdə dünyanın dərdi gecələr” çapdan çıxıb.
Kitabda toplanmış şeirlərin əsas qayəsini Vətən və vətəndaşlıq mövqeyi, təbiətə vurğunluq və eşqin müqəddəsliyi təşkil edir.
Kitabın ön sözü əvəzinə müəllifin yazdığı fikirlərin bir hissəsini oxuculara çatdırmaqla ümumi fikir yaradacağımızı düşündük.
Müəllifdən
Məni bir mən bilirəm, bir də Yaradan, mənə bir mən lazımam, bir də anlayan.
Mövlana Cəlaləddin Rumlu
Əziz oxucu, əgər səndə Vətənə və vətəndaşı olduğun dövlətə xəyanət, uşaq qatillərinə rəğbət varsa, vəzifə üçün, mövqe üçün, qarnın üçün çörəyini yediyin, suyu ilə, havası ilə bəsləndiyin millətə xəyanət etməyə hazırsansa, bu kitabı oxuyub vaxtını havayı keçirmə…
… Uşaqlığımdan şeir və məqalə yazmağıma baxmayanıq, yazdığım şeirləri saxlamazdım deyə, “Yaman darıxmışam özümdən ötrü” adlı ilk şeirlər kitabım 2005-ci ildə dərc olunmuş, bir müddət xeyli şeir yazmışam. Sonralar bir daha yaza bilmədim. Başqa sözlə, ilhamı sanki itirdim. Hazırda dərc olunan kitabdakılar təxminən səkkiz il əvvələ qədər yazılanlardır…
Kitabda klassik türk şeirinin bütün əsas növlərində yazılmış şeir nümunələri toplanmışdır. Cinas qafiyələrə çox üstünlük verilmiş, ayrıça bölümdə təcnislər də yer almışdır. Həmçinin, yüzdən çox cinas bayatı da ayrıca bölümdə verilmişdir… Şeirlərdən nümunələr Kəlbəcər şairlərinin, Tərtər şairlərinin şeirləri toplanmış kitablarda, həmçinin Milli Elmlər Akademiyasının dərc etdirdiyi nəşrdə verilmişdir. Bu kitab ayrıca çap olunan ikinci kitabdır.
Mən həyatım boyu məni tənqid (qərəzli yox) edənləri sevdim. Çünki böyük filosof Sokratın bu fikrini həmişə rəhbər tutmuşam: “Sənin qəbahətini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır”. Bir də doğulduğum dağların və böyüdüyüm Tərtərin əhalisinin belə bir adəti vardı. Tanıdın, tanımadın atan yaşda kişiyə atan kimi, anan yaşda qadına anan kimi hörmətlə yanaşardın. Onlar da qəbahətin olduğu təqdirdə öz övladları kimi səni tənbeh edərdilər. Sən isə bu adamları daha çox sevərdin…
Odur ki, kitab barədə tənqidi fikirlərini, təkliflərini bildirəcək insanlara əvvəlcədən təşəkkürümü bildirirəm.