Təhsil işçilərinin sentyabr konfransı keçirildi. Əvvəlcə təhsil işçiləri mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Tədbir iştirakçıları konfransın gündəliyi ilə tanış oldular. Surxay Mirzəyev “2017-2018-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.
Məruzəçi ötən tədris ilində görülən işləri ətraflı təhlil edərək, bildirdi ki, rayon məktəbliləri 2017-2018-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qa-lib gəliblər. Bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali, 108 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri isə 500-dən yuxarı bal toplayıbdır. 600-dən yuxarı bal toplayan 10 nəfərin 4 nəfəri şəhər 2 saylı, 2 nəfəri şəhər 1 saylı, 1 nəfəri şəhər 6 saylı, 1 nəfəri
Bəyimsarov, 1 nəfəri Dəmirçilər, 1 nəfəri isə Seydimli kənd tam orta məktəblərin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı (31 nəfər), şəhər 2 saylı (26 nəfər), Güləbatlı (10 nəfər), Qapanlı (8 nəfər) kənd tam orta məktəbləri fərqləniblər. 1 nəfər Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
Məruzədə qeyd edildi ki, respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta
məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilibdir. Seydimli kənd tam orta məktəbinin əlavə korpusu əsaslı təmir və Qaradağlı kənd tam orta məktəbinin bir korpusu Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə əsaslı təmir olunubdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisinə hazırlıq işləri aparılır. Təhsil Nazirliyi tərəfindən Buruc kənd tam orta məktəbində cari təmir işləri görülür. Digər məktəblərdə də daxili imkanlar hesabına təmir işləri aparılaraq, səliqə-sahman yaradılıb, yaşıllıqlar salınıb və məktəblər yeni dərs ilinə tam hazırlanıb.
Məruzə ətrafında Güləbatlı kənd tam orta məktəbinin müəllimi Vəfa Quliyeva, Dəmirçilər kənd tam orta məktəbin məzunu, qızıl medal mükafatçısı, Olimpiada qalibi (659 bal) Kubra Bayramova şəhər 5 saylı tam orta məktəbin müəllimi Nigar Vəliyeva, şəhər 1 saylı tam orta məktəbin məzunu Laçın Əliyeva (687 bal), Sarıcalı kənd tam orta məktəbin gənc müəllimi Esmira Qəhrəmanova, “Tərtər” hazırlıq kursunun rəhbəri Elməddin Əsgərxanov və Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev çıxış etdilər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov çıxış edərək, təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərinə yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırdı, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonumuzda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərindən ətraflı danışdı, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan söhbət açdı, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.
Tədbirin sonunda bir qrup təhsil işçisinə, yüksək bal toplayan tələbələrə həm rayon icra hakimiyyəti, həm də Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən Fəxri Fərman, qiymətli hədiyyələr və pul mükafatları verildi.
“Yeni Tərtər”