Modul tipli məktəblərdən Avropada və Amerikada da istifadə edilir. Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şağirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraş-dırmaq olar.
Azərbaycanda 2018-ci il ərzində 137 bu cür təhsil müəssisəsinin yaradılması nəzərdə tutulub. Bunlardan 73-ün inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə işlər davam etdirilir.
Ötən tədris ilində rayonumuzun Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Bayandur kənd ibtidai məktəbinin direktoru Natella İbrahimova deyir:
– Məktəbimiz üçün tikilmiş modul tipli bina ötən tədris ilində istifadəyə verildi. Bu hadisə kənddə hər kəsi ürəkdən sevindirdi və tədrisin keyfiyyətinə müsbət təsir göstərdi.
Hazırda Zolgəran və Kovdadıq kəndlərində də modul tipli məktəblərin quraşdırılması üçün hazırlıq işləri aparılır.
Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır.
Modol tipli məktəblər regionlar üçün daha əlverişlidir.
“Yeni Tərtər”