Prezident İlham Əliyevin Tərtərə hər səfəri yeniliklərlə yadda qalır. 2006-cı il martın 1-də Tərtərə ilk dəfə Prezident kimi səfər edən cənab İlham Əliyev deyib: “Bu, mənim Tərtərə ilk gəlişimdir. Mən Tərtər rayonunda olmamışdım. Bu gün çox şadam ki, buradayam. Əminəm ki, bundan sonra tez-tez gələcəyəm. Həmişə sizinlə birlikdə olacağam”.
Məhz bu səfərdən sonra Tərtərin tarixində yeni dövr başlandı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayon mərkəzində və kəndlərdə geniş tikinti-quruculuq işləri vüsət aldı. Bu dövrdə ilk növbədə infrastruktur layihələrin icrasına diqqət yetirildi.Çünki sosial inkişafla iqtisadiyyat bir-birilə sıx əlaqəlidir və sosial layihələri icra etmədən iqtisadiyyatı möhkəmləndirmək mümkün deyil. Rayonda tikinti sektoru okyektlərinin açılması digər sahələrin də sürətli inkişafına təkan verdi. İlk səfəri zamanı ictimaiyyətlə görüşündə cənab İlham Əliyev deyib: “Bilirəm ki, Tər-tər rayonunda yeni məktəblər tikilir, özü də yüksək səviyyədə. Bundan sonra da davam etdiriləcəkdir. Xəstəxanalar, insanların gündəlik təmasda olduğu bütün sosial infrastruktur yeniləşəcəkdir”.
Bu səfərdən sonra dövlət başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının Ağdam, Bərdə və Tər-tər rayonlarının sosial-iqtisadi inkişafına dair Tədbirlər Planı” təsdiq olundu. Tərtər rayonunda müharibədən zərər çəkmiş 32 yaşayış evi bərpa edildi, əlillər və şəhid ailələri üçün iki 16 mənzilli və bir 24 mənzilli yaşayış binası tikilib istifadəyə verildi.
Dövlət başçısının Tərtərə ikinci səfəri də tərtərlilərin yaddaşında bir sıra mühüm hadisələrlə qaldı. Belə ki, bu səfər çərçivəsində– 2012-ci ilin 7 oktyabrında cənab İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və Heydər Əliyev Mərkəzinin, Buruc kəndi ərazisində yaradılmış soyuducu anbar kompleksinin, sutkalıq emal gücü 20 ton olan süd emalı zavodunun və Gənclər Mərkəzinin açılışlarında iştirak etmiş, Dövlət Bayrağı meydanında yaradılan şəraitlə tanış olmuşdur.
2016-cı ilin Aprel hadisələri zamanı Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın həyatlarını təhlükəyə ataraq Tərtərə səfər etmələri, cəbhə xəttindən cəmi 200 metr məsafədə yerləşən Qapanlı kəndində sakinlərlə görüşmələri xalq-iqtidar birliyinin möhkəmliyinə
nümunə oldu. Vəziyyəti öz gözləri ilə görən ölkə başçısı çətin günlərində vətəndaşlara təsəlli verdi, ermənilərin ağır artilleriya atəşləri nəticəsində dağıtdıqları evlərin bərpa ediləcəyini bildirdi. Bundan sonra cənab Prezidentin imzaladığı sərəncam əsasında Aprel hadisələri zamanı Tərtərdə dağılmış evlərin bərpası məqsədilə Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrıldı və həmin evlər əvvəlkindən də yaxşı bərpa olundu.
Tərtərə dördüncü səfəri zamanı ölkə başçısı və onun xanımı yenidən müharibədən zərər çəkmiş sakinlərlə görüşdülər, onların ailələrində oldular. Hər yerdə də ən əziz, doğma insanlar kimi qarşılandılar.
Rayonda olarkən cənab Prezident və onun xanımı Tərtər şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətilə tədbirdə iştirak etdilər və ictimaiyyət nümayəndələri ilə görüşdülər.
Bu görüşdən sonra cənab İlham Əliyev Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının, Uşaq-gənclər Şahmat məktəbinin yeni binalarının, 100 yerlik körpələr evi-uşaq bağçasının, Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışlarında iştirak etdilər, Tərtərdə yerləşən N. saylı hərbi hissədə oldular.
Sonuncu–beşinci səfəri zamanı dövlətimizin başçısı Tərtərdə Tarix-diyarşünaslıq muzeyinin, 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin və Tərtər– Seydimli–Qaradağlı–Sarov avtomobil yolunun açılışlarında iştirak edib. İctimaiyyət nümayəndələri ilə görüşü zamanı o, deyib: “Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir”.
Prezidentin hər səfəri tərtərliləri yeni əmək qələbələrinə ruhlandırır. Ona görə də onlar doğma yurdlarını abadlaşdırmaqla yanaşı, həm də rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində inamla çalışaraq, yüksək göstəricilər əldə edirlər.
Ölkə başçısının bu səfərləri nəticəsində Tərtərin siması tamamilə dəyişib və rayonumuz abad, gözəl bir diyara çevrilib.
“Yeni Tərtər”