Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Avq

    Bismilləhir–Rəhmənir–Rəhim.
    (Mehriban və Bağışlayan Allahın adı ilə!)
    “Və (yadına sal) o zaman ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə o, (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: “Həqiqətən, mən səni insanlara imam və rəhbər təyin etdim”. (Bəqərə surəsi, ayə 124).
    Bu ayədə qeyd olunan bəzi işlərlə imtahanın içərisində uzun illərdən sonra ona qismət olmuş oğul övladını (İsmaili) Allah yolunda qurban vermək də var idi! Bəşəriyyətin çox böyük toplumunun qaldıra bilməyəcəyi bir imtahan! Əlbəttə, Mərhəmətli Allah heç bir zaman bəni Adəmə durduğu yerdə kiminsə qanını tökün deyə bir göstəriş verməyib. (mütaiə işləri istisna), o ki, ola yaşlı bir ata! Öz əlləri ilə oğlunun boğazına bıçaq çəkə! Hz. İbrahim (ə) bu imtahandan, oğlu Hz. İsmail (ə) və xanımı Hz. Həcərlə üzüağ çıxdılar. Və o zamandan dövrümüzə qədər və yəqin ki, dünyanın sonuna qədər İsmail qurbanı və yaxud qurbanlıq mərasimi bir adət şəklinə keçdi. Hər il zilhiccə ayında (hicri qəməri ilə) milyonlarla müsəlman qurbanlıqlar kəsərək öz imkansız, kasıb müsəlman bacı və qardaşlarına yardımlar edir, yetimxanalara, qocalar evlərinə və sairəyə də bu paydan çatdırırlar. Hz. Peyğəmbərimiz (s) buyurur: “İmkan ola-ola qurban mərasimini əda etməyən islamdan çıxmış sayılır”.
    Və Uca Rəbbimiz buyurur: “Buna görə də, məni yada salın ki, mən də sizi yada salım. Mənə şükr edin və küfr etməyin, nemətlərimə nankorluq etməyin”. (Bəqərə surəsi, ayə 152).
    Qurbanlıq mərasimi də digər humanist ayinlərimiz kimi bizi mərhəmətə, diqqətə, mehribançılığa səslə-yən bir gözəl ayindir.
    “Allaha əsla onların əti və qanı çatmaz, əksinə ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. (Həcc surəsi, ayə 37).
    Son illərdə Azərbaycanda milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev həmişə dini bayramlara və mərasimlərə xüsusi əhəmiyyət verirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev də bu ənənəni davam etdirərək islami dəyərlərimizi yüksək qiymətləndirir, bu sahəyə ciddi önəm verir. Yeni ibadət yerlərinin, həmçinin məscidlərin tikintisinə, əsaslı təmirinə və bərpasına dövlət büdcəsindən vaxtaşırı vəsait ayrılır və dəstək olur. Dini mərasimlərin, bayramların təşkili və keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Ramazan və Qurban bayramları da bu qəbildəndir.
    Respublikamızın digər bölgələri kimi Tərtər rayonunda da dini ayinlərə böyük hörmət və həssaslıq göstərilir. Ramazan və Qurban bayramları yüksək səviyyədə təşkil olunur. Qurbanlar kəsilir, ehsanlar verilir, kasıb və kimsəsizlərə əl tutulur, rayon ərazisində yerləşən hərbi hissələrə qurban payları və sovqatlar aparılır.
    Allah bütün ibadət və dualarımızı qəbul etsin və tezliklə bu qurbanlıqları düşmən işğalında olan vətən torpaqlarımızda yerinə yetirək. Amin, ya Rabbəl Aləmin!

    Sadiq CƏFƏROV,
    Tərtər Şəhər Dini İcmasının sədri

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.