Vətən, torpaq, xalq uğrunda şəhid olanları fərəhlə yad etmək vacibdir. Onlar buna layiqdirlər. Canlarını qurban veriblər ki, sonra gələnlər xoşbəxt yaşasınlar.
Həzrəti Əli
Belə şəhidlərimizdən biri də Kərimov Aslan İsmayıl oğlu-dur. Aslan 1954-cü ildə Tərtər rayonunda ziyalı, sayılıb-seçilən bir ailədə–İsmayıl Kərimovun ailəsində dünyaya gəlmişdi. Orta təhsilini şəhər 1 saylı tam orta məktəbində almışdır. Bakı Kooperativ İnstitutunu bitirmişdi.
Çox heyiflər olsun ki, belə qorxmaz, cəsarətli bir vətən oğlu haqqında keçmiş zamanda danışırıq!
1988-ci ildə mənfur qonşularımızın başladığı Qarabağ münaqişəsi sonradan müharibə-yə çevrildi. O zaman Aslan Kərimov da torpaqlarımızın düşmənlərdən qorunması uğrunda silaha sarıldı. Ağdərə istiqamətində Tərtər Əlahətdə Rotasının komandiri kimi döyüşlərə qatıldı. Ağdərənin və ona yaxın olan kəndlərin ermənilərdən təmizlənməsində qanlı savaş apardı, nəhayət, döyüşlərdə qəhrəmanlıqlar göstərdi. 1992-ci il avqustun 13 –də şəhid oldu. O zaman hərbi rütbəsi kapitan idi.
Bu günlərdə şəhidin adını daşıyan şəhər 3 sayılı ümumi orta məktəbin həyətində qoyulmuş büstünü ziyarət edən mərasim iştirakçıları, abidənin önünə tər gül dəstələri düzmüş, igid həmyerlimizin xatirəsini hörmətlə yad etmişlər.
Allah rəhmət eləsin!
Əvəz NƏSİROV