Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq

     

    “Yeni Tərtər”in 10 yaşı tamam olur

     

    DSC_0934Həyatda elə insanlar var ki, başqa bir sahənin təhsilini alır, o sahədə formalaşır. Elə insanlar da var ki, bir neçə sahədə formalaşaraq kamilləşir, tanınmış bir şəxsiyyətə çevrilir. Bax elə bizim Tofiq müəllim kimi. Əmək veteranı , şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatı Tofiq Yusif kimi. Tofiq müəllim bütün bu adlara, hətta yenicə mükafatlandırıldığı “Tərəqqi” medalına məhz yaradıcılığının sayəsində çatmışdır. Mən deyərdim ki, ilahi verginin nəticəsində bütün bunlara nail olubdur. Özü isə ixtisasca tamam başqa sahənin adamıdır. Azəbaycan Kənd Təsərrüfatı İnstitutunun mühəndis-energetik ixtisasını almış, Marksizm-Leninizm Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.Tofiq Yusif haqda tanınmış ziyalılar, qələm sahibləri çox yazıb, çox söz söyləyiblər. Mənim üçün isə bu mövzunu yazmaq maraqlı olduğu kimi də çətindir, məsuliyyətlidir. Hər şeydən əvvəl Tofiq müəllim tələbkar redaktor, əvəzsis bədii söz sahibi, məntiqli tənqidçi, ilahi xoşbəxtliklər, gözəlliklər içərisində dərdi duyan və yaşayan qələm sahibi, vətən üçün, onun dəyərləri üçün qram-qram, zərrə-zərrə əriyən bir Azərbaycan oğludur. Bunlar Tofiq müəllim haqda şəxsi fikirlərimdir. “Tərəqqi” medalı alması ilə əlaqədar bir işçinin müdirdən yazması kimi yox, qəzet əməkdaşının yüksək titullara malik qələm sahibindən yazması qədər çətin olduğunu anlayaraq ürəyimdən keçənləri qələmə alıram.
    Tofiq müəllim, Sizdən yazmaq istəyirəm, həyat və yaradıcılığınız haqqında hansı kitab və ya qəzetdən istifadə edə bilərəm, yoxsa özünüzlə söhbət edək, deyə müraciət etdim.
    Əyləş, dedi və əlini daxili zəngin düyməsinə yaxınlaşdıraraq köməkçini çağırdı. Zəhmət olmasa sənədlər yığılan diplomatı mənə gətir!
    Diplomatın içərisində səliqə ilə toplanmış sənədlərin arasından bir neçə kağız götürərək mənə verdi, burada hər şey yazılıb. İnanıram ki, səni maraqlandıran suallara cavab tapacaqsan.
    Öncə tərcümeyihalı nəzərdən keçirirəm. Doğum tarixi: 1950-ci il 5 aprel. Təbiət vurğunu olması, gül-çiçəyin, yaşıllığın, hər bir ağacın budağının, yarpağının üstündə əsməsinin səbəbi mən deyərdim ki, elə budur. Bahar özü vurğunluq nişanəsidi. O da baharda dünyaya göz açan vətən övladıdır.
    İlk əmək fəaliyyətinə başladığı məkan, Tərtər rayon yerli radio verilişlərinin təşkilatçı müxbiri. Elmin sirlərinə yiyələndikdən sonra, bilik “açarı” ilə qapını açıb, mürəkkəb həyatın “40 otağına” daxil olmaq, oradakı hikmətləri mənimsəmək yalnız Tofiq müəllim kimi insanların həyatına yazılmış olardı. Çünki burada hər kəsə rəvan yazan qə-ləmlə bərabər müdrik söz, məntiqli fikir gərəkdir. Bütün bunlar da bu fenomen yazarda cəmləşib. Elə ona görədir ki, radio, televiziyada səslənən, müxtəlif qəzet səhifələrində dərc olunan publisistik yazıların sayı gündən-günə artaraq cild-cild kitab-lara çevrilib. “Bir taleyin göynəmləri”, “Tərtər şəhidləri” , “Tərtər inciləri” , “Qan iyi”, “Ömrümün payızı”, “Ölümlə üz-üzə”, “Mənsizləşmə fəlakəti”, “Vəhşilər” kitablarında şairin büllur bulaqların suyu qədər bal kimi şeirləri, həzin ana laylasına oxşar hekayə və povestləri, nərə çəkərək döyüş meydanına atılan cəngavər oğullarımızın rə- şadətini, hünərini əks etdirən məqalələr, bir sıra publisistik yazılar, felyetonlar, novellalar cəmləşibdir. Məmməd Araz, Məmməd Aslan və bir çox görkəmli qələm, söz sahiblərinin sənət dəryasından bəhrələnən şair əbəs yerə “Məmməd Araz“ mükafatına layiq görülməyib. Tofiq Yusifin söz dünyası qibtə ediləcək qədər zəngin və rəngarəngdir.
    Müasir dövrümüzdə Tofiq Yusif milli mətbuatımıza ürəklə xidmət edən jurnalistlərdəndir. O, on ildir ki, “Yeni Tərtər” qəzetinin kollektivinə rəhbərlik edir. Tələbkar redaktor olmaqla yanaşı, qayğıkeş, həssas bir insandır. O, qazandığı bütün uğurlarında kollektivin də zəhmətinin olduğunu dəfələrlə təkrarlayır. Tofiq müəllim insanda bütün gözəlliklərə–dürüstlüyə, nikbinliyə, səliqəliliyə, ədəb-ərkana, yumora, ən başlıcası diqqətcilliyə dəyər verəndir. Onun dünyasında insan doğruçul, məsuliyyətli, bacarıqlı olmalıdır.Yaltaq və ikiüzlüləri heç zaman xoşlamır. Qələmə aldığı hər bir yazıda da bu xüsusiyyətlər açıq-aydın əks etdirilir. Ona görə də bunlar bir sıra adamlara xoş təsir bağışlamır. Lakin, bir çox insanların yazılarının qəhrəmanına çevrilib. Radio və televiziyalarda onun haqqında oçerklər səsləndirilib, respublikada nəşr olunan qəzet və jurnal səhifələrində maraqlı məqalələr dərc olunub.
    Tofiq Yusif yaradıcılığı özünə, xalqına, vətəninə dəyər verən yaradıcılıqdır. Bunu şairin bütün publisistik yazılarında və poeziyasında açıq-aydın görmək olur. Onun bütün yazılarında vətən sevgisi, ailə dəyərlərinin qorunması üstünlük təşkil edir. Demək olar ki, əsl vətənpərvər şair-jurnalistdir.
    Özümdə redaktor, şair-publisist, milli mətbuatımızın öncüllərindən olan Tofiq Yusif haqqında söz demək cəsarəti tapmışamsa, onu da əlavə edərdim ki, o, həm də dərd yazarıdır. Bunu Tofiq Yusif yaradıcılığından xəbəri olan hər kəs duya bilər, anlaya bilər. Onun poetik dünyası bu dərdə yüklənmiş, əlindəki “ Qızıl qələm”- indən bütün yazılarına çilənmişdir. Bunlara baxmayaraq Tofiq müəllimin bir təsəlli ünvanı da var ki, o da nəvələridir. Allah qorusun!
    Tofiq müəllim, mənim yazdığım bu məqalə Sizin haqqınızda yazılanların ən kiçiyidir. Xahiş edirəm ki, onu bir dost fikri kimi qəbul edəsiniz. Sizi dövlət mükafatı almağınız münasibətilə bir daha təbrik edirəm. Allah Sizi söz dünyamızdan əskik etməsin!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 15:47

    Teqlər: ,

İsmarıclar bağlıdır.