ACILI-ŞİRİNLİ GÜNLƏR…
Qəzetimizin əməkdaşı Elfuzə Vəliyeva baş redaktor Tofiq Yusifdən “Yeni Tərtər”in 13 illiyi ilə bağlı müsahibə almışdır.
– İlk sualımıza baş redaktoru olduğunuz “Yeni Tərtər”dən başlayaq. Məlumdur ki, rayon qəzeti 7 ildən artıq bir müddətdə susdu. Bildiyimizə görə Siz həmin vaxtlar ayrı sahədə çalışırdınız. Necə oldu ki, redaktorluğa məhz Siz namizəd göstərildiniz?
–Bəli, “Tərtər” rayon qəzeti 1998-ci ildən 2005-ci ilə qədər o zamankı rayon rəhbərliyinin laqeyid münasibətindən və vəsait çatışmazlığından 7 il susdu. Onsuz da tamamilə susana qədər, yəni 1990-cı illərdə təkəmseyrək çap olunurdu.
2005-ci ilin iyul ayının sonlarında rayona yeni icra başçısı təyin olunmuş Vidadi İsayev (indi Bərdə Rayon İcra Hakimiyyətinin başçısıdır) 4 nəfər köhnə qəzet işçisini–Qədir Allahverdiyevi, Svetlana Bağırovanı, Svetlana Əzizovanı və məni yanına çağırtdırıb, rayon qəzetinin fəaliyyətinin tezliklə bərpa olunması haqqında tapşırıq verdi. Söhbət kimin redaktor olması məsələsinə çatanda mən Qədir Allahverdiyevin qəzetçilik təcrübəsini, vaxtıilə məsul katib, redaktor vəzifələrində işlədiyini deyib, onun namizədliyini irəli sürdüm. Hiss elədim ki, rayon rəhbəri tərəddüd edir. (Qədir müəllim o zamanlar Mətbuatyayımın rayon şöbəsinin rəhbəri idi, mən isə Tərtər Bələdiyyəsində işləyirdim). Sözün qısası, mənim redaktor olmağım məsləhət bilindi. Düzdür, iki ali təhsilim olsa da, mən jurnalist deyiləm. Lakin 1967-1970-ci illərdə və 1990-1996-cı illərdə həm rayon qəzetində, həm də mərkəzi qəzetlərdə əməkdaşlıq etmişdim. Həm də Vidadi İsayevə orta məktəbdə dərs demişdim. O, məni yaxşı tanıyırdı. Beləliklə, o vaxtlar nəşr olunan “Tərtər” qəzetinin adı (1991-ci ilə qədər “Qızıl Bayraq”) “Yeni Tərtər” oldu, mən də redaktor.
(O illərdə redaksiyanın binasının bir hissəsini ermənilər tərəfindən atılan mərmi darmadağın etmiş, bir hissəsində isə Dairə Seçki Komissiyası yerləşmişdi. Avadanlıqlar tam köhnələrək istifadəyə yararsız hala düşmüş, redaksiyaya məxsus bir əşya, bir sənəd belə qalmamışdı. Həmin illər çox əziyyət çəkdik).
–Tofiq müəllim, Sizin bir çox titullarınız var. Onların hansı redaktorluq etdiyiniz illərin payına düşür?
–Redaktorluğa qədər də mən yaradıcılıqla məşğul olurdum. Hətta 1990-cı illərdə iki kitab –“Tərtər şəhidləri” və “Bir taleyin göynəmləri” –dərc elətdirə bilmişdim. Lakin əsas mükafatlarımı (“Tərəqqi” medalını belə) redaktor olduğum illərdə almışam. Buna görə də doğma balam kimi sevdiyim rayon qəzetinə həmişə özümü borclu bilirəm.
– 13 il redaktorluq yaddaşınızda ən çox nə ilə qalır?
– Bundan əvvəl söylədim ki, rayon qəzeti radaksiyasının normal hala gətirənə qədər çox əziyyət çəkmişik. Qəzet əvvəlki kimi deyil, artıq kompüter üsulu ilə çap olunurdu. Lakin bizim bu sahədə heç bir təcrübəmiz yox idi. Necə deyərlər: “evdə bişməmişdi, qonşudan da gəlməmişdi”. Bina yox, avadanlıq yox, mətbəə yox, Allahın bir qələmi-kağızı yox, vəsait də yox. Onda biz bu sahədə təcrübəsi olan Yevlaxın “Kür” qəzeti redaksiyasına üz tutduq. Sağ olsun o qəzetin baş redaktoru Əminə Yusif qızını! Təzə qədəm atmağı öyrənmək istəyən bir uşaq kimi əlimizdən tutdu və bizə ayaq üstə durmağa yaxından köməklik göstərdi. Əvvəlcə “Mingəçevir Poliqrafiya Müəssisəsi” ASC-də çap olunmağa başladıq. Qəzetin səhifələri də elə orada yığılırdı. Bəzən gecə saat 2-yə, 3-ə qədər işləyirdik. Hətta bəzən Mingəçevirdə gecələməli olurduq. O günlər heç vaxt yaddaşımdan çıxmır və çıxmayacaq da. İndiyə nə var ki? Dişimizlə –dırnağımızla özümüzə bir şərait yaratmışıq. Ayda üç dəfə, 1500 nüsxə tirajla Bakı şəhərində çap olunuruq.
– Mövzu tapmaqda hər birimizin müəyyən çətinliyimiz olur, xüsusilə sərbəst mövzu. Lakin sizin üçün belə problem yoxdur. Hər hansı mövzuda çox tez və gözəl yazılar hazırlayırsınız. Bu, necə olur?
– Bunun necə olduğunu mən də bilmirəm. Əsas qələmi əlimə götürməkdir. Qalanı isə elə bil məndən asılı olmur. Sözlər fikrimdə yaranır və heç bir maneəyə rast gəlmədən kağıza köçürülür. Yaxşı yazılarım da belə alınır, pis yazılarım da. Poeziyada da belədir, nəsrdə də.
– Tofiq müəllim, məlumdur ki, şairlər gözəllik vurğunu olurlar. Sizin üçün gözəllik nədir?
– İslamda belə bir məşhur deyim var: “Allahın yaratdığı hər şey gözəldir”. Başqa yazarları deyə bilmərəm, şəxsən mən qaratikan kolunda da, qanqalda da, qarışqada da, ümumiyyətlə, canlı və cansız hər şeydə bir gözəllik tapa bilirəm. Bunların fövqündə isə insan dayanır – ürəyi və surəti vəhdətdə gözəl insan. Təbiət isə başdan-ayağa gözəllik dünyasıdır. Bunu aşağıdakı üç bəndlik şeirimdə deməyə çalışmışam.
Bura yaşıl möcüzədir, möcüzə!
Heyrətimin zirvəsinə çatmışam.
Oturmuşam bir bulaqnan diz-dizə,
Laylasının ovsununa batmışam.
Meşələri nəğmə dolu dünyadı,
Dərə var ki, eşitməyib Gün adı.
Bir gözəli məni yaman qınadı–
Ürəyimi təbiətə satmışam.
Hər talanın göz muncuğu – bulaq var,
Gül–çiçəyi dizlərini qucaqlar.
Məni elə sehirləyib bu dağlar,
Bilməmişəm, ayaq üstə yatmışam.
– Tofiq müəllim, yerinə düşməsə də, bu suala cavab almağım hamı üçün maraqlı olar: Siz sakit, mehriban, qayğıkeş göründüyünüz qədər də əsəbi, tələbkar, zəhmli bir insansınız. Bu ziddiyyətli xarakterlərinizi necə izah edərdiniz?
– İnsanın bəzi xasiyyətləri genetik olur, bəziləri isə həyatda qazanılır. Əlbəttə, sonradan qazanılan xarakterlər hər insanın düşdüyü mühitin təsirindən yaranır, yəni onun psixoloji durumunun formalaşmasına səbəb olur. Görünür, bu ikili xarakterlərin bəziləri mənə genlə ötürülüb, bəziləri isə yaşadığm ömrün ağrılı-acılı, dərdli – ələmli, həm də məsuliyyətli məqamlarından yadigar qalıb.
– Bundan sonra nə işlər görəcəksiniz? Yeni kitablar nəşr elətdirmək fikriniz varmı?
– Bundan sonra Allahın lütfü olan ömür payımın qalanını sakit və rahat yaşamaq istəyirəm. Nə qədər ki, qismətimdə var, bu qəzetlə bağımı qırmayacağam.Yeni kitab məsələsinə gəldikdə isə, bəli, bir şeirlər kitabı, bir də publisist yazılarım toplanmış bir kitab nəşr etdirmək istərdim. Bir fantastik povestim də hazır kimidir. Biraz üstündə işləmək lazımdır.
– “Yeni Tərtər”lə bağlı arzunuz?
– Daim yaşasın!