Behbud xan Cavanşir–Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Demokratik Respublikasında Daxili İşlər naziri (1918), Ticarət və Sənaye naziri, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu.
Həyatı
Behbud xan Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu-Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub.1902-ci ildə Almaniyaya gedib Frayberq DağMədən Akademiyasına qəbul olan Behbud xan burada mükəmməl təhsil alıb. Akademiyanı fərqlənmə ilə bitirərək mühəndis ixtisasına yiyələnib. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb.
Siyasi fəaliyyəti
1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: “Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən “Difai” antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur”. Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir.
1908-ci ildə Bakıda “Daşnaksütyun” partiyasını möhkəmləndirmək məqsədi güdən xəyanətkar Stepan Şaumyan pərdələnərək Behbud xanın sayəsində “Xalq Evi”nin müdiri təyin olunur. Dubinski-Muxadzenin “Şaumyan” kitabında bu məsələlərə aydınlıq gətirilir. Orada bildirilir ki, realnı məktəbdə altı il birgə oxuyub, ürək sirlərini bir-birlərinə açan Azərbaycanlı xanın oğlu Behbud Cavanşirin erməni Şaumyanın həyatındakı rolu böyük olsa da, Stepanla Behbud çox vaxt eyni yolla getməmişlər. Onları bir-birindən çox şey ayırırdı–ictimai vəziyyət, həyat idealları, siyasi baxışlar.
Almaniyada mədən akademiyasını bitirəndən sonra Behbud Cavanşir bacarıqlı mühəndis kimi qayıtmış, iri neft sənayesi firmalarının direktoru işləmişdir. Azərbaycan millətçilərinin hökumətində onun üçün nazir vəzifəsi ayrılmışdır. Sonra Behbud millətçilərlə əlaqəni kəsərək özünü Sovet hakimiyyətinin sərəncamına verir.
1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutan Behbud xan Cavanşir həmin ilin oktyabrın 6-da sənaye və ticarət nazirini də əvəz edir. Sonralar bu vəzifələrdən uzaqlaşdırılır.
Azərbaycan cəmiyyətindəki sabitliyə ciddi təsir edən amillərdən biri Müsavatda formalaşaraq partiya daxilində, parlamentdə və cəmiyyətdə stabilliyin pozulmasına şərait yaradan sol qanad idı. Parlamentdə sağlam müxalifət olan Qarabəy Qarabəyovun rəhbərlik etdiyi “İttihad”a qoşularaq ziddiyyəti artıran sol qanadın əsas lideri Məhəmməd Həsən Hacınskiyə nüfuz sahibi olan bitərəflər qrupunun rəhbəri Behbud xan Cavanşirin də qatılması ciddi platforma yaradırdı. Bir vaxtlar Əhməd Ağaoğluyla birgə “Difai”ni yaratmış Qarabəy Qarabəyov, Məhəmməd Həsən Hacınski, Behbud xan Cavanşirin Sovet Rusiyası ilə diplomatik münasibətlər qurmaq tələbini təftiş edən bəzi tədqiqatçıların onları bu məqsədə görə günahlandırmaları əsassızdır.
Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə Cənubi Qafqaz Soveti Xarici Ticarət Təmsilçisi kimi neftmədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşayan Behbud xan Cavanşir 1921-ci ilin yayında milliyyətcə rus olan həyat yoldaşı Tamara xanım eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım xatirələrində yazır: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi…. Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı. Sonra… “Pere Palas” mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik.” (Vilayət Quliyev. Ağolular. B. 1998. səh 153.)
17 iyul 1921-ci ildə Behbud xan Cavanşirin həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla gecə saat 23-00-da “Təpəbaşı” Ailə Kazinosunun İtalyan səfirliyinə baxan qapısından çıxaraq otelinə yönələrkən arxadan qaçaraq gələn, şapkasını gözlərinin üstünə qədər endirmiş cılız, kəsik bığlı, əyri burunlu birisinin “Mauzer” markalı silahdan açdığı atəşlə ağır yaralanması Murat Çulcunun “Ermeni intrikalarının pərdə arkası. Torlakyan davası” kitabında dəqiq təsvir olunur. Üç dəfə dalbadal açılan atəşdən sonra yaralı Behbud xanın qatilin üzərinə gedərkən üzüüstə yerə yıxılması, növbəti güllənin Tamara xanımla birgə qatilin silah tutan əlindən yapışmış iyirmi yaşlı Cümşüdün sol yanağını sıyırması, Qalatasaray mərkəzi karakolunun polis məmuru Əli əfəndinin fit çalaraq hadisə yerinə yetişib Mişak Torlakyanı qandallaması və nəhayət xəstəxanaya çatdırılan Behbud xanın otuz beş dəqiqədən sonra heç bir tibbi müdaxilə edilmədən dünyasını dəyişməsi, rus inqilabı və hərcmərclik illərində dəfələrlə sui-qəsdlərə məruz qalsa da, öz həyatını soyuqqanlıqla qorumağı bacaran bir igidin: “Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram!” –son kəlmələri kitabda əksini tapıb.
20 iyul 1921-ci ildə, ölümündən üç gün sonra bəzi qüvvələrin müqavimətinə baxmayaraq Behbud xanın Beşikdaşdakı Yəhya əfəndi dərgahındakı dəfn mərasimi kütləvi nümayişə çevrilir. Lakin ingilis hərbiçilərin qərargahının yerləşdiyi Kroker otelində (indiki İstanbul Sənaye Odasının binası) saxlanılan terrorçu Mişak Torlakyanın məhkəməsi bilavasitə cinayət hadisəsini deyil, millətlərarası münaqişəni birtərəfli araşdırmaqla siyasiləşdirdi.
Məhkəmə prosesində az qala millət qəhrəmanına çevrilən Torlakyanın vəkili Hasruyanın sualını cavablandıran Tamara xanımın həyat yoldaşının Müsavat firqəsindən ayrılması faktını qulaq ardına vuran hakimlər ingilislər əleyhinə hazırlanan planlarda əli olduqlarından şübhələndikləri Behbud xanın Ənvər paşa və Nuru Paşa ilə əlaqələrini önə çəkirlər:
Behbud xanın qatili Mişak Torlakyan məhkəmədə iştirak edən hüquq fakültəsinin tələbəsi Sürəyyə xanım Ağaoğlunun “Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirdi. Bu gənc zabitdən belə cəsarəti gözləmirdik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror isə müttəhimin bəraətini istədi. Təbii, qatilə bəraət verildi və həmin gecə buradakı ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırıldı” fikri bu siyasi şounun acı nəticələrini təsdiqləyir.
-
10Avq
Müəllif: Redaktor, 10:16
Teqlər: Digər