BU TARİX QƏDİM OLDUĞU QƏDƏR DƏ ZƏNGİNDİR
Tərtər rayonu Qarabağ düzündə Kür–Araz ovalığının qərb hissəsində yerləşir. Burada tunc dövrünə aid çoxlu sayda tarixi abidələr var. Toxmaqtəpə və Azadqaraqoyunlu yaşayış yerləri, Dəmirçilər və Sarov nikropolu, hər birində onlarla kurqan olan Borsunlu, Bəyimsarov, Böyüktəpə, Qurd təpəsi, Sayaqtəpə abidələri bunlara aiddir. Borsunlu və Bəyimsarov kəndlərində yerləşən təpələr xüsusilə məşhurdur və daim alimlərimizin diqqətini cəlb edir. Məhz onların apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tunc dövründə Azərbaycan qərb ərazilərindəki böyük türk tayfa birliyinin mərkəzi olmuşdur.
Həmçinin buradan beynəlxalq ticarət yolları keçmişdir. XX əsrin əvvəllərində ensiz dəmir yollarında qısa, 3-4 vaqondan ibarət qatarı daşıyan parovozlara “kukuşka” deyilirdi. 1912-ci ildə Bakı, Yevlax, Bərdə, Ağdam, Xankəndi, Şuşa yolu çəkilmişdir.
1915-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi hesabına yolun daha bir hissəsi inşa olunmuş və bu yol
Tərtərdən keçmişdir. Parovozlar hərbi və mülki təyinatlı yüklər daşıyırdı. Kukuşka yolunun bir neçə il sonra fəaliyyəti dayandırılmışdır.
Hazırda rayonumuzda bir sıra maraqlı tarixi abidələr vardır ki, bunlar da dövlətimiz tərəfindən qorunur.
Belə abidələr sırasında Azadqaraqoyunlu kəndində Kərbəlayi Qara adlı şəxsin vəsaiti hesabına XX əsrdə tikilmiş bəy evi xüsusilə diqqəti cəlb edir. Həmin dövrün şərq arxitekturasını özündə əks etdirən bu ev 8 otaqdan ibarətdir, divarlarının eni 80 santimetrdir. Sovet dövründə ev sahibi sürgün olunmuş və binadan müxtəlif məqsədlər üçün istifadə edilmişdir.
Ölkəmizin 70 il müddətində Rusiya əsarətində olmasına və dinin qadağan edilməsinə baxmayaraq, qədim dini abidələr xalqımız tərəfindən qorunaraq bu günümüzə gəlib çatmışdır. Belə abidələrdən biri də Tərtərdəki Cümə Məscididir. Məscid qoşa minarəlidir. XIX əsrdə əhalinin köməkliyi ilə tikilmişdir. Çılçırağı tərtərli Məşədi Topuş tərəfindən Varşavadan alınaraq məscidə hədiyyə edilmişdir.
Kəngərli kəndindəki türbə 1883-cü ildə Əcəb adlı bir qadının vəsaiti hesabına Məhəmməd adlı bənna tərəfindən tikilmişdir. Bura “Ələm ocağı” da deyilir. Ziyarətgah kimi tanınır. Övladları olmayan, müəyyən çətinliklərlə qarşılaşan insanlar bura böyük ümidlərlə gələrək niyyətlərini söyləyirlər.
XIX əsrin sonunda Zəkəriyyə adlı bir nəfərin maliyyə vəsaiti ilə Qaradağlı kəndində məscid tikilmişdir. Həmin şəxs türk vətəndaşı olub. Burada dərs verməklə məşğul imiş.
XIX əsrdə həmçinin Qaynaq kəndində 4 otaqdan ibarət məscid tikilib. Deyilənə görə, buranı İrandan gələn və məktəbdarlıqla məşğul olan bir nəfər şəxs inşa etdirib. Məscid hal-hazırda da fəaliyyət göstərir. Qədim şərq ornamentləri indi də öz gözəlliyini saxlamaqdadır.
Rayonumuzun Azadqaraqoyunlu kəndində Azad ağanın oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Behbud ağa Cavanşirin şərəfinə tikilmiş məscid indi də diqqəti cəlb edir. Məscidə milli nəqqaşlıq üslubunda xarici bəzəklər vurulub, divarlar taxta üzərində oymalar ilə işlənib. 2 daş kitabə var: 1-ci kitabədə “1895-ci ildə tikilib, Azadağa Cavanşir”, 2-ci kitabədə “Memar Kərbəlayi Şəfi xan” sözləri yazılıb. Divarların eni 65 santimetrdir. Bu bina dövlət tərəfindən qorunur.
Cəmilli kəndində XIX əsrdə Cəmil bəy tərəfindən tikilmiş buzxana da rayonumuzun tarixi abidələrinə aiddir. Buzxana əsasən yaz və yay aylarında buz və ərzaq saxlamaq üçün nəzərdə tutulmuşdur. Hazırda buzxanaya giriş və çıxış yerləri dağıdılmış, pilləkənlər baxımsızlıqdan bərbad hala düşmüşdür. Buzxananın əsaslı təmirə ehtiyacı var.
1981-ci ildə rayonumuzda aparılmış arxeoloji qazıntılar zamanı tunc və dəmir dövrünə aid maraqlı tapıntılar aşkar edilmişdir. Bunlardan biri tayfa başçısına aid Çar kurqanıdır. Buradakı nəhəng qəbirdən tapılmış əşyalar indi muzeyimizdə sərgilənir və gələn ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Ümumiyyətlə, rayonumuzun tarixi qədim olduğu qədər də zəngindir. Bu barədə tərtərlilərə ətraflı məlumat çatdırmaq isə bizim vəzifəmizdir.
“Yeni Tərtər”