Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüldü. Gənclər Mərkəzində davam edən tədbiri YAP rayon təşkilatının sədri Ramiz Şabanov açdı. Ümummilli lider Heydər Əliyevin və YAP sıralarında dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət himni iştirakçıların ifasında səsləndirildi.
Yığıncaqda YAP rayon təşkilatının sədri Ramiz Şabanov məruzə etdi. Rayon Qadınlar Şurasının sədri Xatirə Məmmədova, gənclər birliyinin sədri Emin Pənahov, statistika idarəsinin müdiri Ədalət Məmmədov, Heydər Əliyev Mərkəzinin elmi işçisi İradə Əkbərli, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov məruzə ətrafında çıxış etdilər.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda aparılan genişmiqyaslı yenidənqurma işlərindən danışdı və qarşıda duran yeni layihələr barəsində məlumat verdi. Yubiley münasibətilə YAP üzvlərini təbrik etdi.
Sonda partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri, bir qrup fəal YAP üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.
“Yeni Tərtər”