Məlum olduğu kimi, sahibkarlığın inkişafına dəstəyin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun rəhbərliyi ilə ölkəmizdə aqrar islahat həyata keçirilib, torpaq öz sahiblərinə–kəndlilərə qaytarılıb. Ulu Öndər öz çıxışlarında torpaqlardan səmərəli istifadə etməyi, onun məhsuldarlığını daim artırmağı tövsiyə edirdi.
Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də ölkədə sahibkarlığın inkişafını bazar iqtisadiyyatından irəli gələn mühüm bir vəzifə kimi qarşıya qoyub. Həmişə olduğu kimi, bu işdə də əhalinin yarıdan çoxunu təşkil edən qadınlar fəallıq göstərirlər.
Onların fəaliyyətini elmi əsaslarla genişləndirmək, problemlərinin həllinə dəstək vermək məqsədilə 2001-ci ildə Azərbaycanda Sahibkar Qadınlar İctimai Birliyi yaranıb. Bu birliyin vasitəsilə regionlarda da qadın sahibkarların fəaliyyəti dəstəklənir, onlara lazımi istiqamət verilir və köməklik göstərilir.
Qeyd etmək istiyirəm ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, bizim Tərtər rayonunda da son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı artıb.
Mən özüm Gəncə Yüngül Sənaye Texnikumunu bitirmişəm. MKT Qarabağ regional filialında laborant vəzifəsində işləyirəm. Kənd təsərrüfatı sahəsində müəyyən təcrübəm var. Odur ki, cənab İlham Əliyev rayonlarda pambıqçılığın inkişaf etdirilməsi barədə vəzifə irəli sürəndə, mən də bu işə qoşuldum. Onu da deyim ki, bugünün əkinçisi öz problemləri ilə təkbətək, üz-üzə qalmır. Bizim yanımızda daim savadlı mütəxəssislər olur, əkindən tutmuş məhsul hasilə gələnədək öz məsləhətləri, həmçinin nəzarətləri ilə kömək edirlər. Bununla bərabər, müasir dövrdə suvarma ilə bağlı problemlərin həllində rayon rəhbərliyi pambıqçılara yaxından köməklik göstərir. Texnika sarıdan da çətinliyimiz yoxdur. İndi həm əkin, becərmə, həm də yığım texnikası yenilənib. Buna görə də tarlalarımızın barı-bərəkəti ildən-ilə artır.
Əgər əvvəllər cəmi bir hektarda pambıq əkirdimsə, ötən il 2 hektarda “ağ qızıl” becərib yüksək nəticələr əldə etdim. Cari ildə də pambıq planta-siyalarında yaxşı bitiş alınıb. İndi becərmə işləri aparılır. Tək mənim öhdəmdə olan sahələrdə deyil, elə bütün rayon üzrə pambığın becərilməsində xeyli qız-gəlin işləyib, evlərinə qazanc aparırlar. Haqlı olaraq deyilir ki, bu sahənin inkişaf etdirilməsi ilk növbədə sosial layihədir.
Azərbaycan qadını qədim zamanlardan bu günə qədər daim kişilərlə çiyin-çiyinə işləyib, çətinliklərdən boyun qaçırmayıb. Ona görə də hazırda qadın sahibkarların yetişməsi təbiidir. Xüsusən də torpaqla işləyən qadınlar daha çox uğur qazanırlar. Bunu əldə edilən nəticələr də aydın göstərir.
Şükufə VERDİYEVA,
Azadqaraqoyunlu kəndi