Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30İyl

    Rayonumuzun bütün təsərrüfatlarında olduğu kimi, bizim İsmayılbəyli kəndində də təsərrüfat işləri sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunu inkişaf etdirmək barədəki tapşırığından ruhlanan fermer və ailə–fermer təsərrüfatlarının üzvləri çoxdan unudulan sahəyə çevrilmiş baramaçılığı, pambıqçılığı, şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələrini ilbəil genişləndirirlər.
    Ötən il təsərrüfatımızda 11 qutu ipəkqurdu becərilmişdi. Dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verildi. Bu sahədən yaxşı gəlir götürən kümçülərimiz bu il 19 qutu ipəkqurdu bəslədilər. Az vaxt–cəmi 40 gün ərzində yaxşı məhsul əldə olundu. Şəki İpək Kombinatına nəzərdə tutulan 800 kiloqram əvəzinə 962 kiloqram keyfiyyətli barama təhvil verilib. Kümçülərimizdən Tofiq Səfiyev 1 qutudan 63 kiloqram, Sabir Əsgərov 2 qutudan 123,9 kiloqram, Aqil Novruzov 2 qutudan 117 kiloqram keyfiyyətli məhsul təhvil vermişlər.
    Rayonumuzun aparıcı sahələrindən biri də pambıqçılıqdır. Çoxdan unudulan bir sahəyə çevrilmiş pambıqçılıq yenidən inkişaf etdirilir, əvvəlki şöhrəti bərpa olunur.
    Kəndimzdə pambıq əkini sahələri ilbəil artırılır. Ötən il 156 hektar sahədə “ağ qızıl” becərilmişdisə, bu il 190 hektara çatdırılmışdır. Hazırda pambıq sahələrində becərmə işləri gedir. Hektara 200 kiloqram azot kübrəsi verilib. Fermer-lərimiz ötən il dövlətə 399,2 ton məhsul təhvil verdilər. Bu ilki hədəf azı 450-500 tondur.
    Təcrübəli fermerlərimizdən Aslan Babayev 32 hektar, Bəhruz Eyvazov 6 hektar, Mirzə Cümşüdov və Aqşin Məmmədov hərəsi 5 hektar sahədə pambıq becərirlər.
    Bitkilərə yemləmə kübrəsi verilib, ziyanvericilərə və çor xəstəliyinə qarşı dərmanlama aparılıb. Bitkilərin inkişafı normaldır.
    Fermerlərimiz qiymətli ərzaq məhsulu olan şəkər çuğunduru əkinlərinə də ciddi fikir verirlər. Bu il 45 hektar sahədə çuğundur əkilib. İmişli Şəkər Zavodu ilə əvvəlcədən müqavilə bağlayan fermerlərimizə həm yemləmə kübrəsinin daşınmasında və digər pestisidlərin çatdırılmasında, həmçinin hazır məhsulun sahədən daşınmasında zavod yaxından köməklik göstərir.
    Fermerlərdən Şamil Novruzov 4 hektar, Əli Alıyev 4,5 hektar, Şirəli Vəliyev 3 hektar, Tofiq Səfiyev 2 hektar sahədə şəkər çuğunduru becərirlər. Məqsəd hər hektardan 40 ton əvəzinə ən azı 45-50 ton məhsul götürməkdir.
    Sahələrdə becərmə işləri davam etdirilir.
    Bu il təsərrüfatımızda 175 hektar sahədə buğda, 137 hektar sahədə arpa əkilmişdi. Hektarın orta məhsuldarlığı ayrı-ayrı təsərrüfatlarda 31-35 sentnerdir.
    Taxıl becərən fermerlərdən Elmira Əliyeva, Faxrəddin Axundov, Rəsul Muradov taxıl sahələrindən yaxşı məhsul götürürlər.
    Kombaynçılar Sərhad Səfiyev və Natiq Məmmədov biçin texnikasını məhsuldar işlədərək, itkiyə yol verməmişlər.

    Elməddin SƏFİYEV,
    İsmayılbəyli kəndi

    Müəllif: Redaktor, 09:46

    Teqlər:

İsmarıclar bağlıdır.