“ƏKİNÇİ”-XALQI MAARİFLƏNMƏYƏ, TƏRƏQQİYƏ SƏSLƏYƏN QƏZET
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi Moskva Dövlət Universitetini bitirmişdi. Müxtəlif elmlərə dəqiq yiyələnmiş bir ziyalı idi. Onun bu xüsusiyyətləri nəzərə alınaraq hətta Moskva Dövlət Universitetində qalıb işləmək təklif olunmuşdu. Lakin o, bütün cəlbedici təkliflərdən imtina edərək doğma Vətəninə qayıtmışdır. Məqsədi xalqının maarifləndirilməsi idi.
Lakin çar Rusiyasının buxovları ilə hərtərəfli əhatə olunmuş bir xalqı tərəqqi yoluna necə çıxarmalı–Həsən bəy Zərdabi bunu qəzet vasitəsilə həyata keçirməyi qərara aldı. Bu sahədə onun müəyyən təcrübəsi vardı və qəzet sözünün güclü təsirə malik oldu-ğunu yaxşı bilirdi. Çünki Moskvada təhsil aldığı illərdə universitetin mətbu orqanı olan “Moskovskiye vedomosti” qəzeti ilə tanış idi, digər mətbuatı da yaxından mütaliə edirdi. Ən böyük arzusu xalqını cəhalətdən, sa-vadsızlıqdan çıxararaq insanlara daim yeniləşən dünyanın mütərəqqi ideyalarını çatdırmaq idi. Bu missiyanı müəllimlik fəaliyyəti ilə də yerinə yetirirdi. O, Bakı Realnı məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olurdu. Lakin qəzet daha geniş auditoriyanı əhatə edirdi.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi öz istəyini gerçəkləşdirdi və doğma dilimizdə “Əkinçi” adlı qəzetin nəşrinə başladı. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyuldu.
Bəs, nəyə görə qəzet məhz “Əkinçi” adlandırıldı? Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov bu barədə belə yazır: “60 ilə yaxın Həsən bəy Zərdabinin elmi irsinin fəlsəfi tədqiqi ilə məşğul olduğum üçün cəsarətlə deyə bilərəm ki, onun elmi ideyaları, maarifçilik planları, Azərbaycan xalqını mənəvi mədəniyyətinin davamlı təkamül və tərəqqi yoluna aparmaq səyləri “əkin və ziraət çərçivəsindən” çox-çox kənara çıxır. Şübhəsiz ki, milli mətbuatımızın əsasını təşkil edən qəzetin nəşrini reallaşdırmaq, buna rəsmi dövlət icazəsi almaq üçün “Əkinçi” adının qəbul edilməsi həm zərurət, həm də məcburiyyət idi. Bu da baş tutdu.”
Həsən bəy Zərdabi qəzetdə baş məqalənin rolunu çox yüksək qiymətləndirir və öz mülahizələrini, mütərəqqi ideyalarını əhaliyə məhz bu məqalələrin vasitəsilə çatdırmağa çalışırdı.
O belə hesab edirdi ki, öz düşmənlərimizlə mübarizədə güclü olmaq üçün mütləq savadlı, elmli olmaq lazımdır. Ona görə də yazırdı: “Bizim ilə zingədanlıq edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zingədanlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoş-güzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur və zingədanlıq cəngində məğlub olub, tələf olacağıq”.
“Əkinçi” qəzeti o dövrdə demokratik ruhlu gənclərin, yazıçı və şairlərin toplandığı bir mərkəzə çevrilmişdir. Buna görə də qısa bir müddətdə çap edilməsinə baxmayaraq, bu qəzet milli mətbuatımızın və maarifçilik hərəkatı tarixində böyük rol oynamışdır.
“Yeni Tərtər”