Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl

    Son günlər radikal dini yönümlü şəxslərin Gəncə şəhərində törətdikləri cinayətlər, asayişi pozmaq cəhdləri tərtərliləri də ciddi şəkildə narahat edir. Asayişi pozmağa, ölkədə xaos yaratmağa yönələn bu cür hadisələr təxribatdır və bunlar ölkəmizin inkişafını gözügötürməyənlər tərəfindən törədilir.

    CİNAYƏTKARLARI LƏNƏTLƏYİRİK

    Əziz həmvətənlər! Gəncə şəhərində son günlər baş verən hadisələri bir din adamı olaraq çox urək ağrısı ilə qarşıladıq. Özləri dindar olmayıb, bəzi radikal qüvvələrə qoşulmuş din adından danışan təxribatçıları qınayırıq.
    Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə sui-qəsd törədən Yunus Səfərov kimi cinayətkarı Milli Qəhrəman kimi qələmə verirlər. Bu da dinimizə, milli-mənəvi dəyərlərimizə, Azərbaycanın Milli Qəhrəmanlarına, şəhidlərinə hörmətsizlikdir.
    Qəhrəman o şəxsdir ki, vətənimizin dar günündə vətəninə, dövlətinə öz sədaqətini göstərir. Necə ki, Gəncədəki növbəti təxribat zamanı iki polis əməkdaşı–polis polkovniki İlqar Balakişiyev və polis polkovnik leytenantı Səməd Abbasov xidməti vəzifələrini yerinə yetirərkən şəhid oldular.
    Əziz həmvətənlər! Son günlər Gəncə şəhərində sui-qəsd məqsədilə atılan güllələr, tökülən qanlar dövlətimizə və dövlətçiliyimizə qarşı törədilən məqsədyönlü təxribatdır. Ona görə də dövlətçiliyimizə xələl gətirən, xain çıxan cinayətkarları “İmam Hüseyn aşiqləri” adlandırmaq peyğəmbərə, peyğəmbərin ailəsinə və Quranımıza qarşı çıxmaqdır, belələri lənətlənməlidir. Mən tərtərli dindarlar adından şəhid olan vətəndaşlarımıza Allahdan rəhmət diləyir, xəsarət alanlara şəfa arzulayıram.

    Sadiq Cəfərov,
    Tərtər şəhər Dini icmasının sədri

    QANUNLARIMIZ XALQA XİDMƏT EDİR

    Son günlərdə eşitdiyim xəbərlər, Gəncədə baş vermiş hadisələr bir ağ-saqqal kimi məni narahat etməyə bilmir. Hamımız çox gözəl bilirik ki, bizim dinimiz müqəddəs, qanunlarımız toxunulmazdır. Qanunlarımız xalqda sağlam düşüncə formalaşdırmağa xidmət edir.
    Hər yerdə xalq–iqtidar birliyi özünü göstərir. İnsanlarımız xoşbəxt gələcəyə böyük ümidlər bəsləyirlər. Gündən-günə gözəlləşən şəhər və kəndlərimiz, ölkəmizin bütün sahələrdəki uğuru yad qüvvələrin açıq-aşkar paxıllığına səbəb olur. Belə bir vəziyyətdə bir ağsaqqal kimi bütün camaatımızı, xüsusilə gənclərimizi birliyə, təxribatlara uymamağa çağırıram.

    Məhiyyədin KƏRİMOV,
    şəhər sakini

    İSLAM HUMANİZM DİNİDİR

    Müasir dünyamızda vəziyyət çox mürəkkəbdir. Ətrafımıza baxsaq, hər yerdə qanlı toqquşmalar, terror, müharibələr və insanların öz əlləri ilə törətdikləri digər fəlakətləri görərik.
    Azərbaycan bu qanlı mənzərənin içərisində sakit bir adanı xatırladır. Biz bu ölkənin vətəndaşları olaraq dövlətimiz tərəfindən yaradılan əmin-amanlığı yüksək qiymətləndiririk. Lakin xaricdəki bəzi qüvvələrin gözü bu sabitliyi, inkişafı, xalq-iqtidar birliyini götürmür. Qanlı əllərini bizə tərəf uzatmaq istəyirlər.
    Son günlər Gəncə şəhərində baş verən hadisələr vətənini ürəkdən sevən hər kəsi ciddi narahat edir.
    Məlumdur ki, İslam humanizm dinidir. Hər cür zorakılıq, terror, ekstremizm bu dinə ziddir. Odur ki, bir tərtərli olaraq mən də bu cür terror hadisələrini pisləyir, vətəndaşları bir-birinə qarşı deyil, ümumi düşmənimiz olan ermənilərə qarşı birləşməyə çağırıram.

    Məhərrəm Əliyev,
    Hüsənli kəndində fermer

    Müəllif: Redaktor, 11:29

    Teqlər:

İsmarıclar bağlıdır.